Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:58

“Cıdır düzündə qələbə tonqalı qalanacaq”

Hörmətli redaksiya!
Mən hərbçi ailəsində böyüyürəm. Babam zamanında hərbçi olub, əmim və atam da hərbçidir. Göz açıb hərbi paltar görmüşəm. Evdə söhbətlərin çoxu hərbi xidmətdən olub. Maraqla dinləmişəm. Dinlədikcə bu peşəyə dərin məhəbbətim yaranıb. Babam da, əmim də, atam da qürurla deyirlər: mən hərbçiyəm. Bu haqda sinif yoldaşlarıma qürurla danışıram. Onların mənə həsədlə baxmasından hiss edirəm ki, çoxunun hərbçi peşəsinə marağı var.
Güclü ordumuz var. 2016-cı ilin aprel döyüşlərində ordumuzun qazandığı qələbə bizi də sevindirdi. Ordumuzdan daha böyük qələbələr gözləyirik. İnanırıq ki, yaxın vaxtlarda o qələbənin də sevincini yaşayacağıq. Hərbi hissədə olmaq, hərbçilərin həyatı ilə yaxından tanış olmaq istəyirdik. İstəyimizi Mədət müəllimimizə bildirdik. Az sonra bizim hərbi hissələrdən birinə getməyimizə icazə verdilər.
"Açıq qapı" günü idi. Hərbi hissəyə məhz belə bir gündə getməyimizdən çox məmnun idik. Əsgərlərimizə səməni, bayram sovqatı aparmışdıq. Onların heç nəyə ehtiyacı olmadığını bilirik. Ancaq istədik ki, torpaqlarımızı qoruyan əsgərlər onları necə sevdiyimizi bilsinlər. Əsgər atalarının, analarının, bacı-qardaşlarının əsgərlərə necə sevgilərlə baxdığını gördükcə ürəyimiz dağa dönürdü. Sinif yoldaşlarımdan birinin dedikləri bizi də, əsgər bacılarını da duyğulandırdı: “Kaş illər tez keçəydi, biz də onlar kimi hərbi paltar geyinib sırada dayanaydıq.”
Həmin gün nümayiş etdirilən silahları görəndə, əsgərlərimizin məişət şəraiti ilə tanış olanda sevincimiz yerə-göyə sığmırdı. Bir daha inandıq ki, Azərbaycanın güclü ordusu var. Bir daha inandıq ki, ordumuz torpaqlarımızı işğaldan azad edəcək.
"Açıq qapı" günü Novruz bayramına təsadüf etmişdi. Bu, tədbiri daha da coşdurdu. Çıxışlardan sonra bayram tonqalı yandırıldı. Gənc qızlar və oğlanlar şeirlər dedilər, mahnılar dinlədik. Əminik ki, Cıdır düzündə qələbə tonqalı qalanacaq.
Mən də fəxr edirəm ki, belə ordusu olan dövlətin vətəndaşıyam!..
Əminə ƏHMƏDOVA, Goranboy rayonu, Nizami kənd orta məktəbinin şagirdi