Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:57

Qəhrəmanın xatirəsinə həsr olunan futbol turniri

Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun xatirəsinə həsr olunan mini-futbol turniri keçirildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa etdilər.
C.Naxçıvanski adına Hərbi Liseyin idman rəisi Fərhad Əliyev çıxış edərək qəhrəman haqqında mərasim iştirakçılarına ətraflı məlumat verdi:
- Hərbi liseyimizdə Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunan müxtəlif idman yarışları keçirilir. Bugünkü futbol yarışı Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun xatirəsinə həsr olunub. Gürcüstan Respublikasının Marneuli rayonunun Lejbəddin  kəndində anadan olan Cəlil Səfərov kiçik yaşlarında ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçür. Sumqayıt şəhəri 10 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra hərbi peşəyə olan həvəsi Cəlili C.Naxçıvanski adına Hərbi Liseyə gətirir. Cəlil Səfərov 1980-ci  ildə ibtidai hərbi təhsilini başa vurduqdan sonra Vladiqafqaz Hərbi Raket-Zenit Komandirləri Məktəbinə daxil oldu. O, hərbi təhsilini Saratov vilayətinin Engels şəhərində bitirir və 1984-cü ildə leytenant  rütbəsi ilə Qazaxıstan  Respublikasının Prioyorsk və Balxaş  şəhərlərində yerləşən hərbi hissələrdə xidmət edir. 8 il sonra Azərbaycana qayıdan Cəlil Müdafiə Nazirliyinin Əməliyyat İdarəsində baş zabit vəzifəsinə təyin edilir.
C.Səfərov bir müddətdən sonra zabitlər qrupu ilə birlikdə Dağlıq Qarabağa ezam olunur. Ön xətdə yerləşən hərbi hissədə xidmət etməyi daha üstün tutan Cəlil Səfərov Şuşada erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşür, düşmən üzərinə zərbələr endirən topçulara rəhbərlik edir. Aparılan uğurlu döyüşlər nəticəsində bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilir, çətinliklə də olsa dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsi təmin edilir.
Zabit Cəlil Səfərov 15 may 1992-ci ildə Şuşa  rayonunun Turşsu və Zarıslı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olur. Milli Qəhrəman Bakı  şəhərində Şəhidlər xiyabanında dəfn edilir.
Cəlil ailəli idi. Ondan iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası  Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qəhrəmanına hörmət və rəğbətlə yanaşan xalqımız onun adını əbədiləşdirmişdir. Hazırda Sumqayıt şəhərində bir vaxtlar təhsil aldığı 10 nömrəli orta məktəb onun adını daşıyır. Gürcüstan Respublikası  Marneuli rayonunun Lejbəddin kəndində  abidəsi ucaldılıb. İnanıram ki, bugünkü nəsillər qəhrəmanlığı, igidliyi Cəlil kimi cəsur oğullardan öyrənəcəklər. Onun kimi qəhrəmanların adı qəlbimizdə əbədi yaşayacaqdır.
Çıxışlar başa çatdıqdan sonra yarışa start verildi. Milli Qəhrəmanın xatirəsinə həsr olunan turnir martın 2-dən 28-dək davam etdi. Gərgin keçən yarışda 5-ci bölüyün kursantları daha yaxşı oyun nümayiş etdirərək 1-ci yerə yüksəldilər. 2-ci yeri 8-ci bölüyün kursantları tutdular. 3-cü yerə isə 3-cü bölüyün kursantları çıxdılar.
Yarışın qalibləri keçici kubok və fəxri fərmanlarla mükafatlandırıldılar.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey