Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:55

“Şərait də yüksəkdir, qayğı da”

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində son zamanlar bütün hərbi bölmələrdə müasir məişət şəraiti yaradılıb. Şəxsi heyətin sosial təminatı yüksək səviyyəyə çatdırılıb. Əsgərlər keyfiyyətli qida, ərzaq və geyimlə təmin olunublar. Hərbi hissələrdə müasir yeməkxanalar, yataqxanalar, məişət otaqları, hamam və camaşırxanalar istifadəyə verilib. Artıq əsgər anaları narahat qalmır, onlar bilirlər ki, övladları əmin əllərdədi. Bütün təminatları, şəraitləri qaydasındadı. Komandirlərin qayğısı altında  xidmətlərini uğurla davam etdirirlər.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində  bu deyilənlərin bir daha şahidi oldum. Müasir tələblərə cavab verən yataqxanaya və tamamilə avtomatlaşdırılmış sistemdə fəaliyyət göstərən camaşırxanaya baş çəkdim. Camaşırxana ən son avadanlıqlarla təmin olunub və demək olar ki, əl əməyindən istifadə olunmur. İşçilərin səliqəli geyim forması və ətrafdakı təmizlik  göz oxşayır. Operator Zəfər Əvəzlidən müsahibə aldım. "Gördüyünüz kimi, camaşırxanamız ən yeni avadanlıqlarla təmin olunub. Bu da camaşırların tez zamanda, tər-təmiz yuyulub təhvil verilməsinə zəmin yaradır", - operator deyir. Onun sözlərinə görə, hər həftə əsgərlərin yataq dəstləri, əl-üz və ayaq dəsmalları bölmələrdən təhvil alınır. “İrihəcmli paltaryuyan maşınlarda təmiz yuyulub ütülənir, çeşidlənir və  səliqə ilə anbara yığılır. Sonra anbardan bölmələrə təhvil verilir.”
Yuyulub-qurudulan camaşırları səliqə ilə ütüləyən operator Yazgül Babayeva onların çeşidlənməsi ilə məşğul olur.
- Əsgər balalarımızı təmiz və ütülənmiş yataq dəstləri, səliqəli geyimlə təmin etmək üçün çalışırıq, - Yazgül xanım deyir. - Bu işin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edirik. Əsgərlərə xidmət etmək şərəflidir. Onlar bizim  övladlarımızdı. Kəndimiz düşmənlə təmas xəttində yerləşir. Buna baxmayaraq, kənd əhalisi rahat, firavan yaşayır, işə gedib-gəlir, torpaqlarında əkinçiliklə məşğul ola bilirlər. Çünki onları əsgərlərimiz qoruyur. Mən də Vətənin keşiyində duran övladlarımıza xidmət etməkdən qürur duyuram.
Camaşırxana işçilərinə uğurlar arzulayaraq əsgər yataqxanasına yollanıram. Yataqxananın gözoxşayan dizaynı, səliqəli və işıqlı dəhlizləri vardır. Divarları ordu quruculuğunu, Ümummilli Liderimizin, Ali Baş Komandanın, Müdafiə nazirinin əsgərlərlə görüşlərini əks etdirən foto-stendlər və divar mətbuatı bəzəyir. Həmçinin aprel şəhidlərinin, Milli qəhrəmanların xatirə guşələri də gözə dəyir. Burada yataq otaqları ilə yanaşı, müasir avadanlıqlarla təchiz olunmuş trenajor otağının, ideoloji otağın, məişət otağının, dəftərxana və saxlanc otaqlarının da olduğunu görürəm.
Saxlanc otağında camaşırxanadan gələn təmiz və ütülü yataq dəstləri, dəsmallar toplanıb. Əsgərlərin ehtiyat əşyaları da səliqəli, çeşidlənmiş şəkildə saxlanılır. Əsgər Xəlil Rəhimova təmiz əl-üz dəsmallarını verən gizir Laçın Alıyev əslən Goranboydandır.
- Yataqxananın təmizliyi, səliqə-sahmanı daim nəzarətdədi, - Laçın deyir. - Burada yaradılan şəraiti qoruyub saxlamaq əsas vəzifəmizdir. Gördüyünüz bütün əşyalar əsgərlərindi. Valideynlər əmin ola bilərlər ki, övladları heç nədən korluq çəkmir, daim qayğı və diqqətlə əhatə olunurlar.
Gizirlə söhbətimi yekunlaşdırıb yataq otağına daxil oluram. İkimərtəbəli çarpayılar, yun ədyallar, hamam ləvazimatları yerləşən dolablar, geniş ekranlı televizor və digər əşyalar gözə dəyir. Əsgərlər Coşqun Davudov və Kamran Şükürov otağın səliqə-sahmanı ilə məşğul olurlar. Coşqun əsgəri xidmətə Bərdə rayonundan çağırılıb. "Yataq otağımız da digər məişət otaqlarımız kimi hər cür ləvazimatla təmin olunub. Biz bu şəraiti hər zaman qoruyub saxlamağa çalışırıq. Göstərilən diqqət bizi Vətənə layiqli xidmət etməyə ruhlandırır", - əsgər C.Davudov deyir.
Qaradağ rayonundan xidmətə çağırılan Kamran da söhbətə qoşulur.
- Gördüyünüz kimi, yataqxanamızda hər cür şəraitimiz var. Bərbər otağı, ütü otağı, trenajor, ideoloji və digər otaqlar istifadəmizdədir. Azərbaycan əsgəri olaraq ön xətdə xidmət etdiyim üçün qürurlanıram. Yaradılan belə yüksək şərait, komandirlərimiz tərəfindən göstərilən diqqət və qayğı bizə mənəvi ruh aşılayır.
Növbəti otaqda isə əsgərlər saç düzümünü səliqəyə salırlar. Otaqda bərbərə aid hər cür ləvazimat yerləşir. "Hərbi xidmətdə öyrəndiyimiz müsbət keyfiyyətlərdən biri də nizam-intizamlı, səliqəli olmaqdır. Yaradılan şərait imkan verir ki, üst-başımızı daim səliqəli saxlayaq. Saç düzümümüzü qaydaya salır, hər günün sonunda paltarlarımızı ütüləyir və bununla da sıra baxışına hazırlaşırıq. Bütün əsgər yoldaşlarım kimi mən də yaradılan şəraitdən və qayğıdan razıyam. Keçirilən məşğələlərdə fəal iştirak edir, təcrübəli zabitlərimizdən hərbi bilikləri öyrənirik. Dövlətimizin, ordumuzun adına layiqli əsgər olmaq üçün var qüvvəmlə çalışıram", - əsgər Elnur Hüseynov deyir.
Şahidi olduğum şərait ölkə rəhbərliyi tərəfindən orduya  yüksək diqqət və qayğı göstərildiyini  bir daha sübut edir və əsgərlərin döyüş əzmini daha da artırır.
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu", fotolar Coşqun CƏFƏROVUNDUR