Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:46

Tariximizin şanlı səhifəsi

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında tarixi bir sərəncam imzalayıb. Bu il özündə varislik ənənəsini yaşadan Azərbaycan Xalq Cümhuriyyətinin, onun ordusunun, parlamentinin, hökumətinin və bəzi dövlət qurumlarının 100 illik yubileyi təntənəli qeyd ediləcək.
Bir əsr öncə xalqımız öz müstəqil dövlətinə sahib oldu, dünyəvi hökumətini qurdu. Bu o zaman idi ki, Birinci Dünya müharibəsində böyük dövlətlər dünyanı bölüşdürmək uğrunda mübarizənin həlledici mərhələsinə daxil olmuşdu. Mürəkkəb tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin əsas fəaliyyət istiqamətini Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaq təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara alır. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması xalqımızın taleyində ən vacib sənəd olmaqla, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. İyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru paşanın başçılıq etdiyi 300 nəfər məsləhətçidən ibarət türk hərbi nümayəndəliyi var idi, Qafqaz İslam Ordusunun şəxsi heyətinin təxminən yarısı yerli könüllülər idi.
Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti iyunun 19-da respublika ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Əsas istiqamətlərdən biri də dövlət müstəqilliyinin qorunub saxlanması, eləcə də xarici müdaxilənin qarşısının alınması üçün ordu  quruculuğuna yönəldildi.
İyunun 26-da Əlahiddə Azərbaycan korpusunun yaradılması ilə ilk milli ordunun əsası qoyuldu. Bir gün sonra Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu və komissiya Birinci Dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində bütün türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırımı cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etməli idi.
1918-ci il noyabrın 9-da mavi, qırmızı və yaşıl zolaqlı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan bayraq (Azərbaycanın hazırkı Dövlət bayrağı) Dövlət bayrağı kimi qəbul edildi. Müstəqil respublikanın dövlət himninin qəbulu, eləcə də Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da, Cümhuriyyət hökumətinin uğurlu islahatlarından biri kimi böyük əhəmiyyət kəsb edirdi.
1918-ci il iyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri ilə bolşevik-daşnak qüvvələri arasında gedən döyüşlərin nəticəsində düşmən darmadağın edildi və Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakıya daxil oldu. Bakı və digər rayonların azad olunması ilə Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etdi. Beləliklə, 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, qətliamlara və özbaşınalıqlara son qoyuldu.
Ancaq mürəkkəb beynəlxalq şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, eləcə də səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif məktəblər, gimnaziyalar, qız məktəbləri, kitabxanalar və xəstəxanaların açılması o dövrdə sosial-iqtisadi yönümlü islahatların həyata keçirilməsi istiqamətində atılan mühüm addım idi. Bu baxımdan Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun Cümhuriyyət xadimlərinin xalq qarşısında çox mühüm tarixi xidmətlərindən biri olmuşdur.
Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və parlamenti bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etməsi, heç şübhəsiz, elm və təhsilə göstərilən böyük diqqət idi. Ümumiyyətlə, Cümhuriyyət dövründə Azərbaycanda parlamentçilik ənənələri getdikcə möhkəmlənir və inkişaf edir, ən müasir parlament mədəniyyəti formalaşırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumilikdə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının, 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə həyata keçmişdir.
Azərbaycan parlamenti və Cümhuriyyət hökuməti qonşu dövlətlərlə münasibətləri, sərhəd məsələlərini çox mühüm və əhəmiyyətli məsələlərdən biri kimi daim diqqətdə saxlamışdır.
Çarizmdən miras qalmış inzibati-ərazi bölgüsünün əhalinin milli tərkibinə uyğun gəlməməsi Cənubi Qafqazda yeni yaranmış dövlətlər arasında meydana çıxan kəskin ərazi-sərhəd problemlərini ortaya çıxardı. 1918-ci ildə Azərbaycan və Ermənistan Respublikaları yaranana qədər Dağlıq Qarabağın Gəncə quberniyasından çıxmaq, yaxud müstəqil olmaq və ya İrəvan quberniyasına daxil olmaq məsələsi qaldırılmamışdı. Respublikalar yaranan kimi Ermənistanın təbliği, təhriki və təzyiqi ilə Qarabağın dağlıq hissəsindəki erməni əhalisinin müəyyən təbəqələri Azərbaycan Respublikasının hakimiyyətini tanımaqdan imtina etdilər.
Erməni daşnaklarının ən böyük iddiası Qarabağı və Zəngəzuru özünə birləşdirmək idi. Ermənistan hökuməti işğal planlarını həyata keçirmək üçün oraya silahlı qüvvələr yeritdi və bu da Qarabağda qanlı müharibənin başlanmasına səbəb oldu. Azərbaycan hökuməti Cənubi Qafqaz respublikaları arasında bütün mübahisəli məsələləri dinc yolla həll etmək üçün Gürcüstan və Ermənistan hökumətlərinə üç respublika nümayəndələrinin iştirakı ilə müşavirə keçirməyi təklif etdi. Bu məqsədlə 1918-ci ilin noyabrında Tiflisdə konfrans çağırıldı, lakin Ermənistan hökumətinin nümayəndəsi gəlmədiyi üçün konfrans baş tutmadı.
Tarixən Azərbaycan ərazisi olan Qarabağ torpaqlarını ələ keçirməyə can atan erməni silahlı qüvvələri yüzlərcə yaşayış məntəqəsini dağıdıb, minlərlə dinc azərbaycanlı əhalisini qəddarcasına məhv etdi. 1919-cu ilin yanvarında daşnak Ermənistan hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürdü. Bununla da Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün separatçılıq hərəkatının başlanğıcı qoyuldu. Problemi dinc vasitələrlə həll etmək üçün Azərbaycan hökuməti dəfələrlə təkliflərlə çıxış etsə də, erməni daşnaklarının tutduğu mövqe bu təkliflərin həyata keçməsinə maneçilik törədirdi. Ərazi bütövlüyünü qoruyub saxlamağı və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etməyi özünün başlıca vəzifəsi hesab edən Azərbaycan Xalq Cümhuriyyəti Ermənistanın bu ərazi iddialarını qəti şəkildə rədd etdi. Azərbaycan parlamenti Dağlıq Qarabağ məsələsini müzakirə edərək, separatçılıq hərəkatının qarşısını almaq üçün əməli tədbirlər həyata keçirməyə başladı.
Bu məqsədlə Azərbaycan hökuməti Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını Gəncə quberniyasından ayırıb mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğu yaratdı. Həmin ilin fevralın 12-də Xosrov bəy Sultanov general-qubernator təyin edildi. Azərbaycan hökuməti ona tapşırdı ki, separatçılıq hərəkatının qarşısını alıb, orada qayda-qanun yaratsın və yerli hakimiyyət təşkil etsin. Azərbaycan hökumətinin gərgin səyi nəticəsində 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndəliyinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında müqavilə imzalandı. İmzalanan müqaviləyə görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən də sərhəd məsələləri danışıqlar yolu ilə həll edilməli idi. Lakin Ermənistan tərəfi bu sazişi kobud surətdə pozaraq öz hücumlarını davam etdirdi. Ermənistan hökumətinin ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmadı. Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə Ermənistanın Qarabağı diplomatik və hərbi vasitələrlə ələ keçirmək cəhdlərinin qarşısı qətiyyətlə alındı.
Mürəkkəb hərbi siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti xarici təhlükənin qarşısını almaq məqsədilə müstəqil respublikanın beynəlxalq aləmdə tanınması istiqamətində böyük iş aparırdı. Bununla əlaqədar 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə geniş səlahiyyətlərə malik xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimlərindən biri olan Ə.Topçubaşov qarşıya çıxan bütün çətinliklərə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün çox fədakarlıq göstərdi. Bunun nəticəsində Azərbaycanın 1920-ci il yanvarın 11-də müttəfiq dövlətlərin Ali Şurası  tərəfindən de-fakto tanınması haqqında qərar qəbul olundu.
Azərbaycanın istiqlaliyyətinin Paris Sülh Konfransı tərəfindən tanınması tarixi əhəmiyyətli hadisə idi. Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya, Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə başladı.
1920-ci il martın 20-də Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrini əhatə edən saziş və müqavilələr imzalandı. Qısa müddətdə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə baş konsulluq, Rəştdə konsulluq, Ənzəlidə, Məşhəddə vitse-konsulluq, Xoy və Əhərdə konsul-agentlikləri yaradıldı. 1920-ci il aprelin ortalarında Azərbaycan parlamenti Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklər təsis etmək haqqında qanun qəbul etdi. Artıq bir sıra xarici dövlətlərin nümayəndəlikləri Azərbaycanda fəaliyyətə başlamışdı. Beləliklə, aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti geniş  beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin az sonra, aprelin 28-də XI Qızıl Ordunun Azərbaycanı işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxaq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı.
Lakin 1920-ci ildə mövcud tarixi şəraitin doğurduğu qarışıqlıqlar içərisində itirilmiş milli dövlətçiliyin XX əsrin sonunda yenidən bərpası xalqımızın milli-azadlıq ruhunun daha bir təsdiqi oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varislik ənənəsinə sadiq qalaraq "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması ilə müasir müstəqillik dövrümüzün əsası qoyuldu.
Lalə HÜSEYNOVA,  "Azərbaycan Ordusu"