Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:43

Şərəf tariximiz yenə yazılacaq!

Zabit ömrü... Zabit ömrünü çıraq edib, hər bir əsgərinin qəlbində yandırır, həyatının ən gözəl illərini, ən duyğulu anlarını onlara həsr edir. Bu həyatın özəlliyi ondadır ki, zabit Tanrının ona yazdığı ömür payını, yüzlərlə, minlərlə əsgərin ömrünə qatır. Yazıçı, şair əsərlərini, rəssam rəsmlərini irs qoyursa, zabit də əsgərlərinin qəlbində yaşayır. Bu peşənin möhtəşəmliyi və ölməzliyi də məhz bundadı.
Çətin və şərəfli peşənin daşıyıcılarından biri leytenant Zakir Gözəlov da əsgərlərdə Vətənə, torpağa bağlılıq, azərbaycançılıq ideyalarının formalaşdırılması, onların qəhrəmanlıq, mübarizlik ruhunda tərbiyə olunması üçün bacardıqlarını əsirgəmir.
Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açan leytenant Zakir Gözəlov söhbət zamanı bildirir ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda hərbi hissələrimiz yüksək bilik və bacarığa malik əsgərlər yetişdirməklə bərabər, onların hərbi vətənpərvərlik tərbiyəsinə də diqqət yetirir. "Bir zabit kimi düşünürəm ki, əsgərlərdə vətəndaşlıq hisslərinin, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılması ilə bağlı üzərimizə mühüm vəzifələr düşür. Bu gün torpaqlarımızın 20 faizinin işğalını, 1 milyon vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını nəzərə alaraq orduda hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Ona görə də günün nizam qaydasına uyğun olaraq keçirilən dərslərdə, Azərbaycan Ordusu haqqında ümumi məlumatların, zəruri hərbi nizamnamə qaydalarının mənimsənilməsinə, əsgərlərin hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazırlanması istiqamətində geniş işlər aparılır."
- Zabitin dəyəri xidmət etdiyi orduya, yaşadığı cəmiyyətə, doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür, - deyə leytenant söhbətinə davam edir. - Bu gün ordumuz müharibə meydanında düşmənlə üz-üzədi. Belə bir məqamda ordumuz üçün hər gün, hər ay, hər il sınaq var. Ona görə də fiziki sağlamlığını itirmək bahasına olsa belə Vətən, torpaq, azadlıq uğrunda  mübarizəsindən dönməyən əsgərlərin formalaşdırılması günün tələbidi. Əsl döyüşçü, qəhrəman əsgər isə təkcə ordu sıralarında hazırlanmır. Vətənpərvər əsgər olmaq üçün əsl vətəndaş olmaq əsas şərtdi. Məhz bundan sonra aprel zəfəri kimi qələbələr qazanılır, şərəf tarixi yazılır. Azərbaycan əsgəri bu tarixi yenə də yazacaq!
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", Foto Coşqun CƏFƏROVUNDUR