Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:30

Dönməz qətiyyətlə xidmət edirik

Aprel zəfəri hər bir azərbaycanlını qürurlandırdı, ordumuzun gücünə, qüdrətinə inamını daha da artırdı. Bir daha qətiyyətlə əmin olduq ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikir - “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır” - “Mən azərbaycanlıyam!” deyən, azərbaycanlılığı ilə fəxr edən hər bir vətəndaşın Azərbaycan Ordusuna sevgisini ifadə edir.
Mən əsgərəm. Aprel döyüşlərində tələbəydim. Atam hərbçi olub, ehtiyatda olan mayordur. Aprel döyüşləri haqqında oxuduqlarımı, televizorda gördüklərimi onun söhbətləri, təəssüratları tamamlayırdı. Döyüşlərdən, döyüşçülərdən danışdıqları mənim də ürəyimi coşdururdu. Bu coşqunluq ordumuza görəydi, atamın da o döyüşlərə bu qədər yaxın olduğuna görəydi. Bu sevincdən daha böyük sevinci torpaqlarımız işğaldan azad ediləndə yaşayacağıq. İstəyirəm ki, o sevinci əsgər olaraq yaşayım. Atam aprel zəfərini zabit olaraq yaşadığı kimi...
Zabitlərimizin söhbətləri, Azərbaycan Ordusunun qələbəsiylə başa çatan aprel döyüşləri bizim hər birimizin mənəvi-psixoloji hazırlığında müstəsna rol oynayır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, dərsliklərə salınmalı bu zəfər həm də ordu ilə xalqın birliyinin təntənəsi kimi yaşanıldı. Zabitlərimiz o döyüşlərdən danışanda yeniyetmələrin, tələbələrin döyüşlərə getmək istəyini də xatırladır. Biz əsgərlər o duyğuları yaşamışıq. 2016-cı ilin aprelində, mən də daxil olmaqla, tələbə yoldaşlarımın əksəriyyəti həm dekanlığa, həm də səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinə müraciət etmişdik. Ciddi şəkildə dedilər ki, bizə ehtiyac yoxdur, ordumuz kifayət qədər güclüdür. Döyüşlərə gedə bilməsək də ürəyimiz döyüşənlərin yanındaydı. Özümüzü ruhən döyüşənlərin sırasında bilirdik. Hərbi xidmətə başlayanda bir daha əmin olduq ki, ordumuz güclüdür, qüdrətlidir. Belə ordunun əsgəri olmaqla hamımız qürur duyuruq. Hər birimiz Ali Baş Komandanın əmrinə hazırıq.
Asudə vaxtlarımızda əsgər yoldaşlarımla söhbətləşəndə ən çox aprel döyüşlərindən, döyüşlərdə şəhid olanlardan, şəhid ailələrinə dövlət qayğısından, şəhidlərimizin övladlarının dediklərindən,.. danışırıq. Bu söhbətlər hər birimizi bir ovqata kökləyir: qələbə, Böyük Qələbə! Biz böyük qələbənin əsgəri olmaq istəyirik. Bu, Mübarizləşən, Raquflaşan, Samidləşən, Çingizləşən,... əsgərlərimizin dönməz qətiyyətidi...
Əsgər Araz MƏHƏRRƏMLİ, "N" hərbi hissəsi