Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:27

“Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir”

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı tədbir keçirildi. Mərasim başlamazdan əvvəl kursantlar aprel döyüşlərində böyük hünər və rəşadət göstərmiş Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyevin və digər qəhrəmanların Şəhidlər xiyabanındakı məzarını ziyarət etdilər. Xiyabana gələn kursantlar qəhrəman döyüşçülərin məzarı üstünə tər qərənfillər düzüb əsgəri salam verdilər, onların xatirələrini böyük ehtiramla yad etdilər.
Şəhidlərin məzarını ziyarət etdikdən sonra tədbir Hərbi lisey rəisinin təsdiq etdiyi plana uyğun olaraq təhsil ocağında davam etdirildi. Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
 Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik-leytenant Kamran Nəsibov mərasimi açıq elan edərək aprel döyüşlərinin böyük tarixi əhəmiyyətindən və hərbi qulluqçularımızın bu əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq nümunələrindən ətraflı danışdı.
Sonra aprel döyüşlərinin iştirakçısı olmuş, Hərbi lisey rəisinin müavini polkovnik Qadir Vəlişov xatirələrindən, ordumuzun uğurlu döyüşlərindən söz açdı:
- Aprel döyüşləri tariximizin şanlı və şərəfli səhifəsidir. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Qəhrəmanlıqları ilə tarix yazdılar. Döyüşlər zamanı əsgər və zabitlərimiz yaralansalar da, səngərdən çıxmadılar. Sonadək cəsarətlə, igidliklə vuruşdular. Mayor Mirdamət Bağıyevin müasir silahlardan məharətlə istifadə edərək düşmənin 8 ədəd zirehli texnikasını sıradan çıxartdı. Yaralansa da, döyüşü dayandırmadı, düşmən hücumunun qarşısını mətanət və cəsarətlə aldı. Əsgərlərimiz daim qəsbkarların üzərinə hücum edirdilər, torpaqlarımızı işğaldan azad etməyə can atırdılar. Ordumuzun gücü, qüdrəti getdikcə artır. Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunur. Bütün bunlar isə bizim gələcək uğurlarımızdan və qələbələrimizdən xəbər verir. Azərbaycan xalqı qəhrəman xalqdır. İnanıram ki, siz kursantlar da xalqımızın övladları kimi bu qəhrəmanlıq ənənələrini həmişə uğurla davam etdirəcəksiniz. Cəmşid Naxçıvanski adına Hərbi Lisey yarandığı gündən qəhrəmanlar məskəni olub. Bu gün ordumuzun sıralarında məktəbimizin məzunu olmuş yüzlərlə, minlərlə zabit qulluq edir. Onlar aprel döyüşlərində də böyük hünər və qəhrəmanlıq göstərdilər. Siz kursantlar ordumuzun gələcək zabitlərisiniz. Sizin üzərinizə böyük məsuliyyət düşür. Zabit peşəsi şərəfli peşədir. Bu peşənin şərəfini həmişə qorumağa, xidmətinizə məsuliyyət və diqqətlə yanaşmağa çalışın. Hərbi təhsil ocağının qəhrəmanlıq ənənələrini ləyaqətlə davam etdirin.
Daha sonra Hərbi liseyin fiziki tərbiyə müəllimi Nizami Məmmədov, tədbirin təşkilatçısı Naibə Şəmşiyeva və başqaları çıxış edərək Azərbaycan Ordusunun 2016-cı ildə həyata keçirdiyi uğurlu aprel döyüşlərində böyük hünər və rəşadət göstərərək ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən polkovnik-leytenant  Murad Mirzəyevdən qürur və iftixar hissi ilə danışdılar. Tədbirdə qəhrəmanın həyatının və xidmətinin müxtəlif an və məqamlarını əks etdirən video-çarx nümayiş etdirildi.
Kursantlar "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Onlar qəhrəmanlığı, igidliyi tərənnüm edən şeirlər söyləyib, mahnı və marşlar ifa etdilər. Kursantların hazırladıqları bu ədəbi-bədii kompozisiya mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı.
Aprel döyüşlərinin qəhrəmanlarına həsr olunan mərasim yaddaqalan xoş anlarla başa çatdı.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey