Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Aprel 2018 10:26

Aprel döyüşləri: Böyük Qələbənin başlanğıcı

Vətənpərvərlik Vətən sevgisindən yaranan müqəddəs duyğudu. İnsanda uşaq yaşlarından formalaşan bu duyğu əvvəl ailədə, sonra məktəbdə, cəmiyyətdə formalaşdırılır. Bu torpaqda dünyaya göz açan, havasını udan, suyunu dadan, acılı-şirinli xatirələrini Vətənlə bağlayan hər bir vətəndaşın borcu onu sevməkdi. Özü də heç bir qarşılıq gözləmədən sevməkdi. İki il bundan əvvəl düşmənin növbəti təxribatının qarşısı qətiyyətlə alındı. O döyüşlər aprel döyüşləri kimi tarixləşdi.
2016-cı ilin aprel döyüşlərindən bizi iki illik zaman məsafəsi ayırır. Xalqımıza uzunmüddətli atəşkəs dövründə ilk dəfə  qələbənin sevincini yaşadan bu döyüşlər istər ölkə, istərsə də dünya ictimaiyyətində geniş təəssürat yaratdı və media qurumları bu hadisələri geniş təbliğ etdi. Həmin döyüşlərin birbaşa iştirakçısı olan hərbi qulluqçularımızın düşüncələrini, xatirələrini qələmə almışıq.
Kiçik çavuş Məftun Cəfərov:
Aprel zəfəri  ürəyi Vətən sevgisi ilə döyünənlərin qürur günüdür. Məhz iki il öncə bu günlərdə düşmən üzərinə yeriyib erməni əsgərlərini məğlub etməklə qalmayıb, erməni ordusunun xülyalarını da darmadağın etdik. Bütün bunlarla yanaşı, erməni postlarında olarkən əsgər və zabitlərin nə qədər acınacaqlı vəziyyətdə yaşadıqlarının, Sovetdən qalma silahlarla döyüşdüklərinin şahidi olduq. Hələ komandirimizə zarafatla “bu idimi güclü erməni ordusu, silahlarını atıb qaçdılar” dedik. O da cavabında “özlərini və xalqlarını aldadıblar, fikir verməyin”, - dedi.
Aprel döyüşləri və əks-hücuma keçdiyimiz o gecəni həyatım boyu unutmaram. Gecədən bir qədər keçmişdi. Hücuma keçmək əmri gələndə bütün taqımlar dərhal döyüşə hazır vəziyyətə gətirildi. Lakin 1-ci taqımın Talış istiqamətində irəliləməsi komandası verildi. Mən 2-ci taqımdaydım. İrəli atılmaq, döyüşmək istəyirdim. Lakin bizə gözləməyimiz tapşırıldı. Heyfsiləndik. Gözümüzü qırpmadan komanda verilməsini gözləyirdik. Səhəri gün Qapanlı istiqamətində irəliləməyimiz, düşməni məhv etməyimiz tapşırığını aldıq. Böyük sevinclə hərəkətə başladıq. Ön xətt hərbi hissəsində 2006-2008-ci illərdə xidmət edərkən bölük komandirim zabit Faiq Mikayılovun dediklərini xatırladım.
- Bu gün hər biriniz mənimlə birgə döyüş vərdişlərinə yiyələnirsiz. Hazırda birgə döyüşə girməsək də, Ali Baş Komandan əmr verdiyi gün bəlkə də ayrı-ayrı səngərlərdə olacağıq. O gün əlində silah düşmənə mərmi yağdıranlar xoşbəxtlər sırasında olacaq. Kimimiz şəhid, kimimiz qazi, kimimiz də yaşayan qəhrəman olacağıq. Nə olursa-olsun, o bizi birləşdirən Vətən torpağını müqəddəs tutmaq övladlıq borcumuzdu.
Komandirimin dediyi kimi, xoşbəxtlər sırasındaydım. Bir zamanlar bu sözləri deyən komandirimlə fərqli səngərlərdə döyüşməyin qürurunu yaşayırdım. Bu qürurla, sevinclə Tülküdərəsi istiqamətində hücuma keçdik. Düşmən tankını müşahidə etdik. Dərhal tank əleyhinə raket kompleksini işə salıb düşmən tankını və şəxsi heyətini məhv etdik. Bu sevinclə döyüşü davam etdirirdik. Növbəti düşmən tankına Qapanlı istiqamətində rast gəldik. Bu dəfə də hədəfdən yayınmadıq. 2 düşmən tankını şəxsi heyətiylə birlikdə məhv etdiyim üçün yuxarı komandanlıq tərəfindən kiçik çavuş hərbi rütbəsinə və fəxri fərmana layiq görüldüm.
Döyüş meydanında qazandığım uğurla kifayətlənməmişəm. Təlimlərdə iştirak edir, tutduğum vəzifənin sirlərini dərindən mənimsəyir, Ali Baş Komandanın əmri ilə yenidən döyüşlərə atılacağımız gün hədəfdən yayınmayacağıma söz verirəm.
* * *
Aprelin 1-dən 2-nə keçən gecə düşmən həmişə olduğu kimi, atəşkəs rejimini pozdu. Əvvəlcə kiçikçaplı silahlardan, daha sonra iriçaplı silahlardan və artilleriya atəşi ilə ön xətdə yerləşən bəzi mövqelərimizi, eləcə də ətraf kəndləri atəşə tutdu. Genişmiqyaslı bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə  komandanlıq tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və düşmənə qarşı əks-həmlə əməliyyatları başladı. Dörd gün davam edən döyüşlər qələbəmizlə nəticələndi və aprel döyüşləri kimi tarixləşdi.
Bu tarix hər birimizin yaddaşında silinməz izlər buraxıb.  Azərbaycan Ordusu xalqa qələbə sevinci bəxş etdi. Azərbaycan Ordusunun hərbçiləri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyini düşməndən azad etdi.
Həmin günləri və döyüşlərdə iştirak edənləri, şəhid olanları, qaziləri xalqımız heç vaxt unutmayacaq. O döyüşlərdən iki il keçsə də, döyüşdə iştirak edənlərlə tez-tez görüşüb, söhbətləşirik. Aprel döyüşlərinin iştirakçısı olmuş kapitan Abil Quliyev 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib və ön xətdə xidmətə başlayıb.
- Hərbiyə maraq sizdə nə vaxtdan yarandı?
- Hər bir vətənpərvər Azərbaycan övladı kimi mənim də qəlbimdə daim xalqıma və millətimə sevgi uşaqlıqdan formalaşmışdı. Xocalı rayonunda dünyaya göz açmışam. Xocalı faciəsi olanda 8 yaşım vardı. O hadisələri hələ də xatırlayıram. Biz ata-baba torpağımızı tərk etmək məcburiyyətində qaldıq. O gündən özümə söz verdim ki, böyüyəndə hərbçi olacam. Aprel döyüşləri başlayanda döyüşlərə qatıldım.
- Aprel döyüşlərini necə xatırlayırsınız?
- Düşmən hər zaman təxribata əl atır, mövqelərimizə hücum etməyə çalışır. Təbii ki, bizim onlara cavabımız daha sərt olur. Komandirin əmri ilə biz irəliləyən bölmələri atəşlə dəstəklədik. Qızğın döyüş gedirdi. Bilirdik ki, düşmən yenə də postlarımıza hücum etmək istəyir. Belə də oldu. Biz onlara göz açmağa imkan vermirdik. Həm müasir silah və texnikamızın, həm də döyüş əzmimizin yüksək olması bizi düşməni məhv etməyə bir addım da yaxınlaşdırırdı. Düşmən böyük itkilər verərək geri çəkilməyə, silahlarını, postu atıb qaçmağa başladı. Ordumuz hələ gücünün bir hissəsini göstərdi. Talış və Lələtəpə yüksəkliklərini azad etdik, Cocuq Mərcanlı kəndini düşmən təhlükəsindən tam uzaqlaşdırdıq. Ali Baş Komandan əmr edərsə,  digər torpaqlarımızı da azad edəcəyik.
Aprel döyüşləri bir daha ordumuzun gücünü sübut etdi, düşmən bildi ki, onun qarşısında daha güclü, daha hazırlıqlı, müasir silah və təchizatla təmin olunmuş bir ordu dayanıb. Aprel döyüşləri böyük qələbəmizin başlanğıcıdır.
* * *
Kiçik çavuş Sadiq Məmmədli   əslən Ağdərədəndi. Əmisi Xanoğlan Məmmədov Ağdərə əməliyyatlarının iştirakçısı olub, müharibə veteranıdı. Ermənistanın ölkəmizə ərazi iddiası ilə başladığı müharibə illərində Sadiq körpə olsa da, bu döyüşlər barədə çox eşidib. Mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi, həmvətənlərimizə qarşı soyqırımılar törətməsi vətənpərvər azərbaycanlı balası kimi Sadiqin də qəlbini ağrıdıb. Görünür, bütün bunlar onun peşə seçiminə təsirsiz ötüşməyib.
2010-cu ildə orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollanıb. Ön xətt bölmələrinin birində xidmət edib. Əsgərliyini başa vurduqdan sonra xidmətini könüllü olaraq davam etdirib. Hərbçi kimi də xidmətə elə səngərdən başlayıb. Aprel döyüşlərinin iştirakçısı olub. Nümunəvi xidmətinə görə dəfələrlə rəhbərlik tərəfindən təşəkkür və fəxri fərmana layiq görülüb. İki il əvvəl qəhrəmanlıqları ilə tarix yazan oğullardan biri olan Sadiq ailəsindən, uşaqlığından, seçdiyi peşənin müqəddəsliyindən danışır. 
- Ailəm əvvəllər Ağdərə rayonunun Umudlu kəndində yaşayıb. Babam Mustafa kişinin məzarı da o kənddədi. Arada atamın kövrəldiyini, pis olduğunu görürəm.  Babamı xatırlayır,  qəbrin ziyarət edə bilmədiyi üçün duyğulanır. Lakin o ümidini heç vaxt itirmir və  həmişə deyir ki, yurd-yuvamıza yenidən qayıdacağımıza inanıram. Aprel döyüşlərindən sonra atam mənə dedi ki, oğul, bu döyüşlərdəki qələbənizdən sonra inamım daha da artdı. “Artıq əminəm ki, tezliklə ordumuz torpaqlarımızı işğaldan azad edəcək və mən atamın qəbrini ziyarət edə biləcəm". Ermənilər tərəfindən ata-baba yurdlarımızın işğal olunması, əliyalın insanlarımızın amansızcasına qətlə yetirilməsi haqqında çox eşitmişəm, videolara, fotolara baxmışam. Ondan əlavə düşmənin hiyləgərliyindən, etdiyi zülmlərdən həmin hadisələrin canlı şahidi olan valideynlərim də danışıblar. Ermənilərin torpaqlarımızda sığınacaq tapdıqdan sonra xainlik etdiklərini deyiblər. Bunların hamısı düşmənə nifrətimi, Vətənə sevgimi daha da artırıb. Hərbçi olmaq haqqında ilk arzum da, elə bu hadisələrin fonunda formalaşıb.
Kiçik çavuş S.Məmmədlinin idmançı olduğunu da öyrənirəm. Bədən quruluşundan, şux duruşundan da hiss olunur. Uşaqlıqdan idmanın kikboksinq növü ilə məşğul olub. O bildirir ki, verilən tapşırıqları cəld və çevik yerinə yetirə bilmək, daha möhkəm və dözümlü olmaq üçün fiziki hazırlığıma daim önəm verir, boş vaxtlarımda idmanla məşğul oluram.
- Döyüş zamanı elə məqam olur ki, düşmənlə üz-üzə gəlirsən, ona görə də hər bir hərbi qulluqçunun fiziki cəhətdən güclü olması vacib şərtdir, - deyən Sadiq sözünə davam edir. - Aprel döyüşləri zamanı elə situasiyalar oldu ki, düşmənlə üz-üzə gəlməyə məcbur olduq. Həmin məqamlarda fiziki cəhətdən güclü olmağın üstünlüyünü hiss etdim. Bildiyiniz kimi, aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribata əl atdı və əks-hücuma keçmək üçün döyüş əmri gəldi. Hücum əmri gələndə çox sevindim. Düzdü, Vətənə nə qədər də xidmət etsən azdır, lakin bir neçə gün olsa da, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə girməkdən qürurlandım. İllərdir sinəmizi dağlayan nifrət hissimiz az da olsa rahatlıq tapdı. Hamı sevincli və yüksək əhval-ruhiyyədə idi. Gözlənilən an gəlmişdi, qisasımızı alıb, torpaqlarımıza ayaq basan xainləri məhv edəcəyimiz üçün sevinirdik. Düşmən üzərinə şığıdıq. Mövqelərinə soxulduq, onları darmadağın etdik. Yağılar geri çəkilir, biz isə irəliləyirdik. Sayını dəqiq deyə bilmərəm, bir neçə düşməni özüm məhv etdim. Lakin biz bu qələbə ilə kifayətlənmirik. Çünki torpaqlarımızın bir qismi hələ də işğaldadı. Aprel döyüşlərində gördük ki, biz düşməndən qat-qat güclüyük, həm maddi-texniki bazamız, həm döyüş ruhumuz, həm də canlı qüvvəmiz baxımından. Heç inanmıram ki, bu məğlubiyyətdən sonra onlar bir də müharibəyə risk edə. Ölkə rəhbərliyinin və xalqın bizə olan güvəncini, dəstəyini də xüsusi vurğulamaq istəyirəm. Döyüşlərdən sonra Ali Baş Komandan İlham Əliyev bizimlə görüşərək, əlimizi sıxdı, göstərdiyimiz şücaətə görə təşəkkürünü bildirdi, qol saatı hədiyyə etdi. Bir döyüşçü üçün bundan sevincli an ola bilməz. Qürurdan qabaran sinəmdə ürəyim fərəhlə döyünürdü. İnanın ki, həmin hissləri ifadə etməyə cümlələr yetməz. Döyüşdən sonra qarşılaşdığımız hər bir vətəndaşdan bu sözləri eşidirdik: "Sizinlə fəxr edirik".  Döyüşlər zamanı isə mülki insanlar hərbi hissənin önündə toplaşır, əllərindən gələni etməyə hazır olduqlarını bildirirdilər. Bundan sonra da çalışacağıq ki, uğurlu xidmətimizlə Ali Baş Komandanın etimadını, inamını, xalqın güvəncini daim doğruldaq.
Sadiqlə söhbətim xoş hisslərə qərq edir məni. Azərbaycanlı olmağımla bir daha fəxr edirəm. Onun peşəsinə ürəkdən bağlılığı, Vətəninə sonsuz sevgisi, hərb peşəsinin müqəddəsliyini və vacibliyini gənclərimizin yaxşı dərk etdiyinin göstəricisidi. Bir daha da əmin oluram ki, Sadiqin timsalında gənclərimiz düşmənini yaxşı tanıyır, xain qonşuların xalqımızın başına açdığı vəhşilikləri unutmur, qisas alacağı günün arzusuyla yaşayırlar. Düşmənə nifrət, Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunurlar.
Ceyhun CƏFƏRLİ, Məhəmməd NƏSİRLİ, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"