Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:49

Hərbi hissənin yaranma günü qeyd olunub

"N" hərbi hissənin yaranmasının ildönümü münasibətilə tədbir keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın Dövlət himni oxunub.
Polkovnik Əziz Quliyev birlik komandirinin hərbi hissənin şəxsi heyətinə təbrikini çatdırıb, xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.
Tədbirdə çıxış edən polkovnik-leytenant Ümidvar Quliyev bildirib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.”
Polkovnik-leytenant Pərviz İbrahimov qeyd edib ki, bu gün qarşımızda mühüm vəzifələr dayanır. “Hər zaman şərəfli əsgər və zabit adını doğrultmağa çalışmalı, Vətənə, torpağa, dövlətimizə və dövlətçiliyimizə sədaqət nümayiş etdirməliyik. Azərbaycan Ordusunun hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Xalqımız orduya güvənir, respublikanın inkişafına öz töhfələrini verirlər. Bu inamı daim qoruyub saxlamaq bizim vəzifə borcumuzun tərkib hissəsidir.”
Hərbi hissənin yaranması münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik edən mayor Famil Həmidov çıxışına Ali Baş Komandan İlham Əliyevin fikirləri ilə başlayıb: "Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib - ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək". Natiq onu da bildirib ki, hərbi hissə müasir standartlara uyğun qurulub və xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. “Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.”
Polkovnik Aşur Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi polkovnik-leytenant Ruslan İsmayılov və digər natiqlər çıxış edərək hərbi hissənin yarandığı qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndiriblər. Vurğulanıb ki, Azərbaycan Ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, hərbi qulluqçuların Vətən sevgisi, döyüş ruhu və yüksək nizam-intizamı onu deməyə imkan verir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.
Xidmətdə fərqlənən, yüksək  nizam-intizamı ilə seçilən  hərbçilər fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbir Ağcabədi rayon Qarabağ Muğam Mərkəzinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"