Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:45

Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusu istənilən Böyük Qələbəni də qazanmağa qadirdi

Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı ilin aprelin əvvəllərində törədilən təxribata qəhrəman ordu hissələrimizin cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm  əhəmiyyətli Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılmasından və ona yaxın digər ərazilərimizin təhlükəsizliyinin təmin edilməsindən iki il keçir.
2016-cı ilin aprelinin ilk günləri Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü. Həmin tarix Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən Böyük Qələbəni də qazanmağa qadirdi. 
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, Ermənistanın əldə etdiyi "uğurun" isə müvəqqəti xarakter daşıdığını və gec-tez ədalətin bərpa olunacağını göstərdi. Bu gün hər bir azərbaycanlı güclü ordusunun olması ilə fəxr edə bilər. Aprel döyüşləri sübut etdi ki, Ermənistan Azərbaycanın artıq 1990-cı ildəki Azərbaycan olmadığını dərk etdi. Həmin döyüşlər nəticəsində Azərbaycan Ordusunun birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri azad etdi, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdilər. Döyüşlər nəticəsində, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.
Minaatan bölməsinin komandiri idim. 2016-cı il aprelin 2-də şəxsi heyət həyəcan siqnalı ilə qaldırıldı və düşmənin hücumunun qarşısını almaq məqsədilə əvvəlcədən müəyyən edilmiş mövqelərdə möhkəmləndi. Qruplara bölünərək mövqelərdə möhkəmlənən şəxsi heyətimizin əsas tapşırığı əks-hücuma keçən şəxsi heyətimizi artilleriya vasitəsilə dəstəkləmək idi. Elə artilleriya sistemlərimiz var ki, düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrlərini asanlıqla aşkara çıxara bilir. Həmin artilleriya sistemlərinin sayəsində düşmənin artilleriya batareyalarının mövqelərini aşkarladıq və tez bir zamanda, yüksək dəqiqliklə məhv etdik. Komandanlığın qarşıya qoyduğu tapşırıq lazımi səviyyədə yerinə yetirildi. Tam əminliklə demək mümkündür ki, aprel döyüşlərində düşmənin əks-həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu. Həmin günləri bu gün də fəxrlə xatırlayıram və tabeçiliyimdə olan əsgərlərə aşılayıram. Hər birimiz inanırıq ki, aprel döyüşlərindəki qələbələr Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin başlanğıcı oldu və əminik ki, ərazi bütövlüyümüz tezliklə  bərpa olunacaq!
 
Eşqin TAĞIYEV, “N” hərbi hissəsi