Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:43

Döyüş hazırlığı yüksəkdir

Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması daim Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. Çünki düşmənə qarşı mübarizədə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyət kəsb edir. Ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri və təlimlər dayanır. Bütün bunlar mürəkkəb əməliyyat şəraitində zabit və əsgərlərin təcrübi bacarığının və mənəvi-psixoloji dözümlülüyünün formalaşmasına yardımçı olur.
Təlim meydançasında atəş hazırlığı dərsini izlədikdən sonra bir daha əmin oluruq ki, "N" hərbi hissəsinin komandanlığı da şəxsi heyətin döyüş vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayırır. Kapitan Şamil Əliyev söhbət zamanı bildirir ki, hazırlıqlı hərbi qulluqçu müharibədə qalib döyüşçüdür.
Zabitlə birlikdə "gündüz düşmənlə bilavasitə təmas vəziyyətində hücum zamanı manqanın fəaliyyəti" dərsini izləyirik. Leytenant Zakir Gözəlov şəxsi heyətə keçirilən dərsin əhəmiyyətini izah edir. Bildirir ki, hücum manqanın taktiki fəaliyyətlərinin əsas növlərindən biridir. O düşməni darmadağın etmək, təyin olunmuş obyektləri ələ keçirmək, sonrakı fəaliyyətlərə imkan yaratmaq məqsədilə aparılır.
- Qarşınızda dayanan mövqeləri şərti deyil, real düşmən mövqeləri hesab edərək hücuma keçin, - deyə leytenant söhbətinə davam edir. - Hər bir Azərbaycan əsgəri Qarabağı  şanlı tarixə malik olan keçmişimizin bir parçası, canımızdan ayrılmış bir parça kimi anlamalıdı. Ona görə də bizlər tarixi torpaqlarımıza qovuşmaq üçün canımız, qanımız bahasına fədakarlıq göstərməliyik. Hər birimizin ən böyük arzusu qələbədi, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın düşmən tapdağından azad olunmasıdır. İnanırıq ki, hazırlıqlı Azərbaycan əsgəri xalqımıza qələbə sevinci bəxş edərək, Qarabağ həsrətinə son qoyacaq.
Budur, şəxsi heyət hücum üçün müəyyən edilən çıxış mövqelərini tutur. Hərəkət istiqaməti boyunca çoxsaylı müqavimət ocaqları və maneələr nəzərə alınaraq hesablamalar aparılır ki, nəzərdə tutulan hədəf - şərti düşmən mövqeyi ələ keçirilə bilsin. Döyüş düzülüşünə açılan və hücuma keçmə həddinə - birinci səngərə irəliləyən şəxsi heyət ilk olaraq qarşısına çıxan istehkam və təbii maneələri aradan qaldırır, bütün yolları və ərazini nəzarətə götürür. Şərti düşmən mövqeyi aramsız atəşə tutulur və bundan istifadə edilərək müdafiənin dərinliyinə hücum həyata keçirilir. Maneə və müqavimət qovşaqları zərərsizləşdirilməklə, şərti düşmənin əsas dayaq məntəqəsi mühasirəyə alınır. Nəzərdə tutulan hədəf ələ keçirilir və manqanın qarşısına qoyulan tapşırıq müvəffəqiyyətlə yerinə yetirilir.
Dərs prosesindən sonra şəxsi heyətlə söhbətləşmək imkanı qazanırıq. Kiçik çavuş Hasil Şahbazov hesab edir ki, komandiri olduğu heyətin döyüş atışlı təlimdə fərqlənməsinin əsasında təcrübə və vətənpərvərlik duyğusu dayanır. Bundan başqa təlimdə uğur qazanmağın əsas şərtlərindən biri komandir və əsgərlərin sağlam qarşılıqlı münasibətləridir. Əsgərlərin rəğbətini qazanan, onlara valideyn qayğısı göstərən, hərbi təcrübəsini şəxsi heyətə aşılamağı bacaran komandir tabeliyində olanları Qələbəyə ruhlandırır.
- Bu gün Azərbaycan əsgərinin arzusu xalqımıza Qələbə bəxş etməkdir, - deyə kiçik çavuş Mahir Məmmədov da söhbətə qoşulur. - Ermənilər Qaradağlı, Malıbəyli, Xocalı kimi faciələr törədib... Ancaq düşmən unutmamalıdır ki, Azərbaycan Ordusu istənilən hücumun qarşısını almağa qadir ordudu. Aprel döyüşləri sübut etdi ki, ordumuz nəyə qadirdir. İndi hər bir Azərbaycan əsgəri Mübarizdi, Fəriddi, Ramildi, Çingizdi...
Əsgər Elşən Zahidov da bildirir ki, vəzifəmiz Vətənimizə keşik çəkmək və istənilən hərbi tapşırığı layiqincə yerinə yetirməkdir. "Üzərimizə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edirik. Güclü dövlətimizə güvənəndə isə daha mübariz olur, qələbəyə inamımız artır. Hər kəs arzulayır ki, torpaqlarımızın düşməndən azad edilməsində payı olsun."

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
Foto Coşqun CƏFƏROVUNDUR