Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Aprel 2018 09:41

“O yerlərə qayıdacağıq!”

Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində son illər ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib. Maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyəti yüksək səviyyədə yaxşılaşdırılıb. Azərbaycan Ordusu sürətlə güclənir, yeni texnikalar, təyyarələr alınır, ordunun arsenalına ən müasir silah-sursat daxil edilir. Ordu sıralarında xidmət edən zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları hərbi biliklərini artırmaq məqsədi ilə təkmilləşdirmə kurslarına göndərilirlər. Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. "Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir".
Yolumuz ön xəttədir. Səngərlərə, əsgərlərimizlə görüşə tələsirik. Yol ayrıcında Kəlbəcər sözünü gördükdə qəhərləndim - Kəlbəcər işğaldadır. Bu yol bizi yenə də Kəlbəcərə aparacaq. Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlıda Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası və başqa yerləri xatırladım. "N" hərbi hissəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında düşüncələrdən ayrılıram.
Hərbi hissənin zabiti Malik Məmmədovla səngərə yollanırıq. Malik əvvəllər Hərbi Dəniz Qüvvələrində xidmət edib, aprel döyüşləri zamanı raport yazaraq xidmətini ön xətdə davam etdirmək istədiyini bildirib. "Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Düşmənlərimiz bir daha əmin oldular ki, tez bir zamanda torpaqlarımızı işğaldan azad edəcəyik".
Taqım komandirinin müavini gizir Valeh Abbasov şəxsi heyəti təlimatlandıraraq təhlükəsizlik qaydalarını çatdırır. Söhbət əsnasında o, Şuşadan olduğunu və atası Saleh Abbasovun Qarabağ döyüşlərində iştirak etdiyini öyrənirəm. "Bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atır. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar talan edilib. Azərbaycan xalqının mədəniyyətinin, musiqisinin beşiyi sayılan bu qədim şəhər artıq 25 ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Düz 25 ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. İnanıram ki, tez bir zamanda güclü ordumuz torpaqlarımızı azad edərək düşmənə sarsıdıcı zərbə vuracaqdır. Şəhid olanlarımızın qisası alınacaqdır. Burada xidmət edən hər kəs o günü gözləyir ki, səngəri aşaraq irəli atılaq və xalqımıza Böyük Qələbənin sevincini bəxş edək".
Vətənimizin keşiyində dayanan əsgərlərlə də tanış oluram.
Masallı rayonundan hərbi xidmətə çağırılan və manqa komandiri vəzifəsində xidmət edən əsgər Sadiq Cəlilov söhbətinə  "Torpaq, uğrunda ölən varsa, Vətəndir!" sözləri ilə başlayır. Əsgər xidmət etdiyi bölmənin, zabitlərin və əsgər yoldaşlarının onun üçün doğmalaşdığını bildirir: "Vətənimin hər qarışı mənim üçün əzizdir. Valideynlərim, dostlarım mənim ön xətdə xidmət etməyimdən fəxarətlə danışırlar. Bu isə mənə daha da ayıq-sayıq olmaq, düşməni daim müşahidə etmək üçün güc verir. Azərbaycan xalqı bilsin ki, torpaqların müdafiəsi əmin əllərdədir. Mən və əsgər yoldaşlarım Ali Baş Komandan İlham Əliyevin döyüş əmrin səbirsizliklə gözləyirik".
Düşmənin mövqelərini iti baxışlarıyla müşahidə edən daha bir əsgərimizə yaxınlaşıram. Xaçmaz rayon sakini olan əsgər Turan Salmanovun əlini sıxıram.
- Hərbi xidmət kişilik məktəbidir , - deyir. - Bu məktəbi hər bir gənc keçməlidir. Burada biz daha qorxmaz, cəsur, vətənpərvər oluruq. Düşünəndə ki, arxamızda qalan evlərdə işıqlar yanır, insanlar arxayın yaşayır, onda heç bir çətinlik hiss olunmur. Düşmənimiz bilməlidir ki, qarşısında məğlubedilməz Azərbaycan əsgəri dayanıb. Əgər bizim torpaqlarımızdan öz xoşuna getməsələr, onları silah gücünə çıxartmağa hazırıq".
Növbəti həmsöhbətim əsgər Əmrah Əliyevdir, ordu sıralarına Saatlı rayonundan çağırılıb. İşğalda olan torpaqlarımıza həsrətlə baxdığını deyərək bildirir: "26 il öncə ermənilər bizim dədə-baba torpaqlarımıza hücum çəkiblər. Dinc sakinləri gülləbaran edərək öz doğma yurdlarından didərgin salıblar. İndi isə Azərbaycan yenilməz orduya malikdir. Düşmənə layiqli cavab verməyə hər an hazırıq. Tez bir zamanda Zəhralarımızın, Mübarizlərimizin, Fəridlərimizin, Çingizlərimizin qisasın alacağıq".
Əsgərlərdən Rəşid Ağabəyov, Nəbi Soltanov və başqaları da xidmətdən doğmalarının yanına zəfər marşı ilə dönəcəkləri günü gözləyirlər.
Artıq geri qayıtmaq zamanı gəlib çatır. Torpaqlarımızı qoruyan mərd əsgərlərimizlə sağollaşırıq. Bir daha əmin oluruq ki, qara buludlar Qarabağımızın üzərindən çəkiləcək, o yerlərə qayıdacağıq!

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
foto  Coşqun CƏFƏROVUNDUR