Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2018 09:15

Naxçıvanda ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin bilik və peşəkarlıqları artırılır

Muxtar respublikada "Gənclərin çağırışaqədərki hazırlığı" fənnini tədris edən ümumtəhsil məktəblərinin hərbi rəhbərlərinin növbəti təlim toplantısı olub.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçilən dərslərdə diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən tam orta məktəblərdə hərbi kabinələrin yüksək səviyyədə hazırlanması, yaradılan hərbi vətənpərvərlik guşələri hərbi rəhbərlərin işini xeyli asanlaşdırıb. Buna görə də hərbi rəhbərlər şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri həm hərbi idman oyunlarına, həm də hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar. Hərbi rəhbərlər dərs keçən zaman xalqımızın şanlı hərb ənənələrini şagirdlərin diqqətinə çatdırmalı, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda, milli dövlətçiliyimizin möhkəmləndirilməsində öz şücaətləri ilə seçilən, Vətən yolunda canını fəda edən qəhrəmanlarımız haqqında məktəbliləri məlumatlandırmalıdırlar.
Dərslərdə o da diqqətə çatdırılıb ki, şagirdlərə baş verə biləcək fövqəladə hallarda mülki müdafiənin təşkili formaları, mürəkkəb vəziyyətlərdə qətiyyətli davranmaq bacarıqları aşılanmalıdır.
Toplantı çərçivəsində hərbi vətənpərvərlik mövzusunda film və videoçarxlar nümayiş olunub. Təlim toplantısında kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani olaraq göstərilib. Fiziki hazırlıq dərsləri zamanı silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları yerinə yetirilib. Təlim mərkəzində hərbi rəhbərlərə müxtəlif atıcı silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verilib. Həmçinin ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş sahəsindən çıxarılması qaydaları da diqqətə çatdırılıb. Hərbi rəhbərlər praktiki atışları icra edib, əl qumbaralarından atış çalışmalarını yerinə yetiriblər.
Üç günlük təlim-toplantı yekun tədbiri ilə başa çatıb. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Məmməd Qəribov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Səxavət Salmanov çıxış edərək bildiriblər ki, hərbi rəhbərlər davranışları, hərbi geyimə münasibətləri ilə şagirdlərdə ordumuz haqqında ilkin təəssüratlar yaradırlar. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı ilə bütün tam orta məktəblərin hərbi rəhbərlərinə yeni geyim formaları və tam tədris bazası ilə təmin edilmiş ibtidai hərbi hazırlıq yeşikləri təqdim edilib.
Çıxışlar zamanı təlim-toplantılarının əhəmiyyəti qeyd edilib, hərbi rəhbərlərin bilik, bacarıq və peşəkarlıqlarının artırılmasının bundan sonra da diqqət mərkəzində saxlanılacağı bildirilib. Həmçinin vurğulanıb ki, bu gün tam orta məktəblərimizdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsinə xüsusi əhəmiyyət verilir. Ona görə də hər il yüzlərlə gənc Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir.
Sonda bir qrup hərbi rəhbərə növbəti hərbi rütbələr təqdim olunub.

Nəriman NƏCƏFOV, "N" hərbi hissəsi