Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2018 09:15

“Quba qırğınları Bakı, Şamaxı qətliamlarının davamı idi”

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər həyata keçirilir. Əlahiddə Ümumqoşun Ordu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri keçirilir.
Erməni-daşnak qüvvələrinin 1918-ci il mart-aprel aylarında Quba şəhərində həyata keçirdiyi soyqırımı cinayətlərinin qurbanı olmuş insanların yaxın qohumları ilə görüşmək məqsədilə redaksiyamızın əməkdaşı oraya ezam olunaraq həmin insanlarla söhbət aparıb əzizlərindən eşitdikləri o faciə ilə bağlı acı xatirələrini qələmə alıb.

Qubalıların qan yaddaşı

Mart faciələrinin baş verdiyi günlərdən bizi 100 illik zaman kəsiyi ayırsa da, vaxtilə o hadisələrin canlı şahidi olmuş insanların dedikləri nəsildən-nəslə hələ də ötürülməkdədir. Təkcə 2007-ci ilin aprelində Quba şəhərində aşkarlanan soyqırımı məzarlığı 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin həyata keçirdikləri qətliamların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirən dərin faktlardır. 100 il bundan əvvəl Qubada baş verən qırğınlar haqqında qubalılar çox məlumatlıdırlar. O faciəli günlərin acı xatirələri yaddaşlardan  hələ də silinməyib. Əksinə, getdikcə daha da dərindən öyrənilir, hər bir azərbaycanlı o dəhşətli faciələrdən xəbərdar olmağa çalışır.

“Yaxın, uzaq tariximizi unutmamalıyıq”

 Qubalıların söylədiyinə görə erməni-daşnak qüvvələrinə qarşı müdafiə və hücum mövqeyində dayanan Digah kəndinin igid, qorxmaz oğulları Dərin dərə (Hazırda Qanlı dərə adlanır) deyilən yerdə kəndə hücumun qarşısını bir neçə dəfə ala bilmişdilər.
Digah kənd orta məktəbinin direktoru Mansur Hacıyevin nənəsi, babası (atası o zaman 3 aylıq körpə olub) Qubada baş verən qətliamların şahidləri olublar. Mansur müəllim söylədi ki, 1918-ci ildə ermənilərin Quba qəzasında  törətdikləri qətliamlar, talanlar barədə bizim kəndə də xəbər gəlib çatıbmış. Babam danışırdı ki, bizim kəndə də hücum olacağı hər dəqiqə gözlənilirdi. Ona görə də ağsaqqalların məsləhətilə əvvəlcədən qadınlar, qocalar, uşaqlar kənddən çıxarılmışdı. Onları kəndin yuxarı hissəsində olan meşəliyə yerləşdirmişdilər ki, ermənilər gəlib qırmasın. O zaman vəhşiləşmiş ermənilər kəndimizə od vurub yandırmışdılar. Yerli ermənilər onlara bələdçilik ediblərmiş. O cümlədən bizim evi də - ata-baba evimizi də yandırmışdılar. Kəndimizin cavanları qonşu kəndlərin cavanlarıyla birlikdə ermənilərin “Qanlı dərə” deyilən yerdə qarşısını kəsərək onlara müqavimət göstəriblər. Deyilənlərə görə bizim kənddən bir nəfər də olsa erməni sağ geri dönə bilməyib. Onlar bu yerlərin dağlarına, qayalarına bələd olmadıqlarına görə silahlarını atıb qaçmaq istəyəndə hamısını kəndin cavanları məhv edib.
Hər il martın 31-də məktəblilərlə birlikdə “Qanlı dərə”yə gəldiklərini deyən Mansur müəllim bildirdi ki, soyqırıma məruz qalan insanları yaddan çıxarmırıq. Bizim yerli əhali o zaman da erməniyə sübut etməyə çalışmışdı ki, bu torpaq doğma torpağımızdır, biz buradan heç bir yerə gedəsi deyilik. Ölsək də, torpaq uğrunda döyüşərək öləcəyik. Bütün bunlar gənc nəslə öyrədilir. Biz heç vaxt tariximizdə baş verən hadisələri unutmamalıyıq.Yaxın, uzaq tariximizdən uzaqlaşmamalıyıq".
Öyrənirəm ki, Mansur müəllimin nənəsi Qızyetər Məlikova 1984-cü ildə 88 yaşında dünyasını dəyişib. Hadisələr vaxtı cavan gəlin olub. Həmin günləri xatırlayanda göz yaşlarını saxlaya bilmirmiş. Qız-gəlinlərin başına gətirilən müsibətlərdən danışarmış. Evləri 1979-cu ildə sökülsə də, yanmış yerlərin izləri hələ də qalırmış. Ermənilər Quba qəzasında insanlara görünməmiş zülm ediblər. Hadisələr zamanı Digah kəndində tək yaşayan 100 yaşlı Ərzi nənəni qocaları, qız-gəlinləri köçürərkən yaddan çıxarırlar. Qayıdanda görürlər ki, ermənilər onu dəmirlərə keçirdərək vəhşicəsinə qətlə yetiriblər.
Mansur müəllim söhbətinin sonunda bildirdi ki, Böyük Vətən müharibəsində, Qarabağ cəbhəsində kəndimizin igid oğulları döyüşüblər. "Bu gün Azərbaycan Ordusunda da xidmət edən neçə zabitimiz, hərbçimiz var. Azərbaycan doğma Vətənimizdir. Bu gün də Ali Baş Komandanımız əmr verərsə, yüzlərlə, minlərlə gənc silaha sarılaraq torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda döyüşlərə getməyə hər an hazırdır".
Rafiq Mirzəyevin isə iki babası, babalarının qardaşları "Qanlı dərə"də döyüşlərin iştirakçısı, nənələri Qızmər və Əsmər Quba qırğınlarının canlı şahidləri olublar. Bibisi Şahsənəm qonşu Çartəpə kəndindən dəstə toplayıb ermənilərə qarşı döyüşüb. Atası Həsrət Mirzəyev hadisələr zamanı 10-12 yaşında imiş. Uzun illər kənddə məktəb direktoru işləyən Həsrət Mirzəyev 1985-ci ildə ilk dəfə canlı şahidi olduğu Quba soyqırımı, ermənilərin təcavüzü haqqında Azərbaycan televiziyasında bəzi məlumatlar, tutarlı informasiyalar vermişdi. O, 2005-ci ildə dünyasını dəyişib. Rafiq müəllim uzun illərin araşdırmasının nəticəsi olaraq Quba soyqırımı haqqında "Quba faciəsi və Qanlı dərə" adlı kitabını çapa hazırlayır.
Rafiq Mirzəyevin dediklərindən: "1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri amansız soyqırımı hadisələrindən biri də Quba faciəsidir. Quba qırğınları Bakı, Şamaxı qətliamlarının davamı idi. 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun Gəncədən başlayaraq Bakı uğrunda apardığı uğurlu döyüş əməliyyatlarından ermənilər təlaşlanaraq geriyə - şimala doğru qaçmağa başlayırlar. Gördüyünüz bu “Qanlı dərə” adlanan əlverişli bir mövqedə ermənilər yerli özünü müdafiə dəstələri tərəfindən mühasirəyə alınaraq məhv edilirlər. Babam danışardı ki, erməni silahlı dəstələrində topları idarə edənlər əsasən bolşeviklər idi. Mənim əsas arxivim o hadisələrin canlı şahidi olan insanlardır ki, hazırda onlar dünyasını dəyişiblər. Bu insanlarla mən 65 il bir yerdə yaşamışam. Döyüş gedən səngərləri atam mənə göstərərdi. İndi də həmin səngərlər dağılmış vəziyyətdədir. Tarixi silmək, saxtalaşdırmaq mümkün deyil. Son 20 ildə Quba faciələri, Quba qətliamları, Quba soyqırımı haqqında çox yazılıb. Bir dəhşətli fakt barəsində də sizə məlumat verim. Qubanın faciəli günlərinin şahidi olan Həmdulla İsmayılov təsadüf nəticəsində sağ qalsa da, bir qolunu itirmişdi. O danışardı ki, qırğınlar zamanı bir gün ermənilər yol tapıb meşəyə tərəf qaçan camaatı mühasirəyə alırlar. Valideynlərin, uşaqların qollarını biri-birinə dairəvi şəkildə bağlayırlar. Ortada ocağa od vurub yandırırlar. Şərtlərini yenidən təkrar edən ermənilərə məhəl qoymayan insanlar biri-birini oda sarı çəkməyə başlayır. Bu zaman insanlar diri-diri yanır. Kənardan dəhşət doğuran bu mənzərəni görən erməni vəhşiləri mahnı oxuyub, şənləniblər. Bu faciədən təxminən bir-iki nəfər sağ  çıxa bilir. Onlardan biri keçən əsrin 60-cı illərində Qubada vəfat edir. Oradan sağ çıxan bir-iki uşaq və bu dəhşətli mənzərəni meşədən görən dinc sakinlər o faciəli hadisə haqqında  danışar, erməniləri lənətləyərdilər. Bu dünya tarixində görünməmiş qətliam idi".
Rafiq müəllimin Quba qırğınları ilə bağlı araşdırmasında təmasda olduğu bütün insanlar birbaşa həmin hadisələrin şahidi və müdafiə döyüşlərinin iştirakçısı olublar. O deyir ki, təkcə Digah kəndində yüzə yaxın qohum-əqrəba, el-oba adamı var idi ki, onlar müdafiə döyüşlərində iştirak etmişdilər. 1850-ci ildə anadan olan Şeyx Şamil hərəkatının iştirakçısı, vaxtilə Hacı Muradın dəstəsində döyüşən Ölçüxan Rüstəmov ermənilərə qarşı müdafiə döyüşlərinin ən fəal təşkilatçılarından biri olub. Alpan, Sisay, Digah kəndlərində Quba qırğınlarının təkrar olunmaması üçün ciddi tədbirlər görülürdü. Alpan kəndindən Zaman dayı, Buxsay kişi möhkəm yaddaşa malik fenomen insanlar idilər. Quba faciələrinin əvvəlindən sonunadək canlı şahidləri olmuşdular. Baş verən hadisələri, qaniçən, insan qatilləri olan ermənilərin Qubada yaşayan müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklər barədə anbaan bizə nəql edərdilər. 300-dən artıq şahidlə görüşüb söhbət aparmışam.
Qubanın yaşlı nümayəndələri ilə söhbətdən məlum olur ki, təsadüf nəticəsində aşkara çıxarılmış məzarlıq bəlkə də Qubada törədilmiş qətliamların yarısından da azıdır. Bu qətliamlar şəhərin aşağı məhəllələrində aparılıb. 15 gün yuxarı məhəlləni talan edib camaatı qırdıqdan sonra gözlərini qan örtmüş ermənilər aşağı məhəllələrə keçiblər. Hələ Sovet dönəmində Quba Konserv Zavodu tikilərkən bundan da çox böyük ərazini əhatə edən məzarlıq aşkarlansa da, dövrün qanunlarına uyğun olaraq gizlin saxlanılması qərara alınmışdı.

“Qanlı dərə” əfsanəsi

Fərzəli Mirzəxanovun əmiləri, dayısı İsabala, nənəsi Saat Əhmədova da Quba qırğınlarının şahidi idilər. Qonşu kənddə gəlin olan Saat nənənin hadisələr zamanı 18 yaşı olub. 1918-ci il mart soyqırımlarının sonuncu canlı şahidi olan bu adam 2013-cü ildə rəhmətə gedib. O ermənilərin Qubada törətdiyi vəhşiliklərdən, qız-gəlinlərin necə işgəncələrlə qətlə yetirilməsindən danışardı.
Fərzəli Mirzəxanovun dediklərindən: "Digah kənd camaatının “Qanlı dərə” ilə bağlı böyük təəssüratları var. Azğınlaşmış ermənilərlə yerli dəstələr “Qanlı dərə”də qarşılaşır. Saat nənəm deyərdi ki, bu dərə qıpqırmızı qana boyanmışdı. O zaman kəndimizdə 84 ev olub. Ermənilər bütün evləri talan edib yandırıblar. Kəndin qədim məscidini də dağıdıblar. Babam Güləli Fərzəlioğlu da "Qanlı dərə" döyüşlərində iştirak edib."
Quba sakini Eldar Qurbanovun dediklərindən: "Atam Rzabəy Mirzəbəy oğlu 1901-ci ildə anadan olub. O danışardı ki, Quba hadisələrində müdafiə döyüşləri zamanı ermənilərin atəş nöqtələrini susdurmaq tapşırığı alır. O, dayısı Həbiblə birlikdə verilən tapşırığı uğurla yerinə yetirir. Onlar ermənilərin atəş nöqtələrini susdurub toplarını da qənimət kimi götürürlər. Demək olar ki, ermənilərin güclü top hücumlarının qarşısı bununla da alınır. Qırğınlar vaxtı atamın babası Cabbar, anamın qardaşı Hətəm  ermənilər tərəfindən öldürülüb. Atam Böyük Vətən müharibəsində də artilleriya bölüyünün komandiri olub."

Amazaspın xəyalları puç oldu

... Qubaya doğru hərəkət edərkən yolu üstündə bütün müsəlman kəndlərini talan edən, dağıdan, yandıran, qaçmağa macal tapmayan qocaları, qadınları və uşaqları vəhşicəsinə qıran Amazasp Qubada məscidin qarşısında əhalini hədələyərkən demişdi: "Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Qisasçı dəstəmlə burada qayda-qanun yaratmağa göndərilmişəm... Mənə əmr edilmişdir ki, dənizdən Şahdağa kimi bütün müsəlmanları məhv edim, onların yaşayış yerlərini Şirvanda (Şamaxıda - H.L) olduğu kimi tamamilə dağıdıb, torpaqla bərabərləşdirim..."
Şahdağa kimi bütün müsəlmanları qırmaq istəyən daşnak başçısının xam xəyalları baş tutmadı. Yerli əhalinin mütəşəkkil müqavimətinə rast gələn Amazasp yenə istəyinə nail ola bilmədi. Qubada dəhşətli soyqırımı törətmiş qaniçən cəllad 1918-ci il mayın 18-də "Qanlı dərə" döyüşlərindən güclə qaçıb canını qurtara bildi.
"Qanlı dərə" döyüşlərində qazanılan uğurumuz böyük qələbə idi. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyev 1998-ci il oktyabrın 3-də Qusar rayonunda seçiciləri ilə görüşündə belə demişdi: "Qanlı dərə"də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər."

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"