Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2018 09:13

Qarşılıqlı fəaliyyət səmərə verir

Ordu quruculuğundakı nailiyyətlər və uğurlar göz qabağındadır. Ordumuzun gücünü artıran və hərbi qulluqçuların döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi diqqət və qayğıdır. Bu gün Azərbaycan əsgəri Vətəni şərəflə qoruyur. Vahid komandanlıqdan idarə edilən və  müasir hərbi texnika ilə təchiz olunan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirmək iqtidarındadır.
Ordumuzun daha da möhkəmləndirilməsi üçün, şübhəsiz ki, hərbi qulluqçuların layiqli həyat səviyyəsinin təmin edilməsi də zəruridir. Bu hədəfə gedən yolun bir istiqaməti isə hüquqdur, insan hüquq və azadlıqlarının qorunmasıdı. Çünki qanunların birmənalı tətbiqi, hər kəsin hüququnun tələb olunan səviyyədə  təmin edilməsi və bütövlükdə sağlam mühitin bərqərar olunması ölkənin əsas dayağı olan ordunun döyüş gücünü daha da artırır. Hərbi qulluqçuların və ailə üzvlərinin, həmçinin orduda çalışan mülki şəxslərin hüquqlarının qorunması, hüquqi maarifləndirmə işinin təşkili və normativ hüquqi aktların tətbiqi üçün Müdafiə nazirinin "Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi sahəsində komandir-rəis heyətinin işinin təkmilləşdirilməsi haqqında" əmrinə əsasən, hərbi qulluqçularla hərbi prokurorluq orqanları əməkdaşlarının görüşlərinin təşkil edilməsi çox dəyərli bir ənənədir. Hüquqi biliklərin, hüquq mədəniyyətinin yüksəldilməsi, qanun və digər normativ aktların şərhi və təbliği belə görüşlərin keçirilməsini olduqca əhəmiyyətli edir.
Respublika Hərbi Prokurorluğu tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş profilaktik tədbirlər planına əsasən hərbi hissələrdə də görüşlər təşkil edilib. Burada məqsəd orduda xidmət edən hərbi qulluqçulara Konstitusiyamızda təsbit edilmiş "Vətəni müdafiə hər bir vətəndaşın borcudur" öhdəliyinin, eləcə də nizamnamələrdə hərbi qulluqçuların vəzifə borclarının yerinə yetirilməsi ilə bağlı müddəaların hüquqi aspektlərinin şərh edilməsidir. Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən  imzalanmış bir neçə sənəd üzrə, o cümlədən "Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqramın" tələblərinin yerinə yetirilməsi ilə qanunçuluğun keşiyində dayanan dövlət orqanları ilə birgə tədbirlər planlı şəkildə həyata keçirilməkdədir. Onu da deyək ki, bu tədbirlər sırf qanunçuluğa nəzarət xarakteri daşımır, həm də bir ünsiyyət, əlaqə görüşüdür.
2018-ci ilin birgə tədbirlər planına əsasən Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi və Respublika Hərbi Prokurorluğunun kollektivi Novruz bayramı ilə əlaqədar bir çox hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçirdi. Respublika Hərbi Prokurorluğunun nümayəndəsi, ədliyyə polkovniki Oktay Ağayev təmsil olunduğu qurumun rəhbərliyi adından şəxsi heyəti bayram münasibətilə təbrik etdi, xidmətdə fərqlənənlərə hədiyyələr verdi. Daim belə görüşlərin keçiriləcəyini vurğulayan ədliyyə polkovniki Natiq Həsənov da öz xoş arzularını şəxsi heyətə çatdırdı. İl ərzində bir neçə görüşün planlaşdırıldığını bildirən ədliyyə polkovnik-leytenantı Elnur Kərimov möhkəm intizamın qorunmasının vacib olduğunu, hamının bu işə töhfə verməli olduğunu bildirdi.
Görüşün sonunda  təşkil edilən konsert proqramı əsgərlərə xoş ovqat bəxş etdi.

Zakir HÜSEYNOV, "N" hərbi hissəsi