Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2018 09:09

Ali Baş Komandan İlham ƏLİYEV: Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir

Hər bir vətəndaş müharibənin tələblərinə uyğun yaşayır, işləyir. Xalq şairi Səməd Vurğunun Böyük Vətən müharibəsi başlayanda yazdığı "Bilsin ana torpaq, eşitsin Vətən, Müsəlləh əsgərəm mən də bu gündən" - misraları həmişə müasirdi. Ordu cəmiyyətin mühüm tərkib hissələrindən olduğu üçün ordu-ictimaiyyət münasibətləri müharibə şəraitinə müvafiq qurulur. Bu amil 2016-cı ilin aprelində də təsdiqləndi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, Azərbaycan əsgərinin vətənsevərliyinin, qətiyyətinin nəticəsi kimi tarixləşdi. Bu qələbə ermənilərin illərlə formalaşdırmağa çalışdığı rəyini çiliklədi - Azərbaycan Ordusunun hissələri ermənilərin möhkəmləndirilmiş sədlərini dağıtdı, qısa müddətdə Lələtəpə, Bayraqtəpə kimi əhəmiyyətli yüksəkliklər də daxil olmaqla 2000 hektardan çox ərazi ermənisizləşdirildi. Döyüşlər, döyüşlərin gedişi, nəticəsi təsdiqlədi ki, Azərbaycan Ordusu yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu döyüşlər ordu ilə ictimaiyyət münasibətlərinin müharibə şəraitinin tələbləri səviyyəsində olduğunu, ordunun xalqa arxalandığını, xalqın orduya inandığını da təsdiqlədi. Bu birlik güc deməkdir, ordunun döyüş hazırlığını tamamlayan mənəvi stimuldur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərini və onun nəticələrini yüksək dəyərləndirmiş, bu döyüşlərin dərsliklərə salınmasının zəruri olduğunu qeyd etmişdir.
Ermənistan silahlı birləşmələri təmas xəttində irimiqyaslı təxribatlar törətmək istəyəndə Azərbaycan Ordusunun hissələri əks-hücumla bunun qarşısını aldı, aprel zəfəri kimi tarixləşən qələbə qazandı. Bu qələbə Böyük Qələbənin başlanğıcıdır. İrimiqyaslı təlimlər ordumuzun gücünün artmaqda olduğunun göstəricisidir. Ali Baş Komandanın dedikləri - "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır" - Böyük Qələbənin uzaqda olmadığına inamdır. Xalq bu inamı Böyük Qələbəyə çatdıracaq döyüş yolunu nurlandıran işıq bilir.
Xalqımıza daha böyük zəfəri - Böyük Qələbənin sevincini sən yaşadacaqsan, Azərbaycan əsgəri!

"Azərbaycan Ordusu"