...Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var. Tabor komandiri Əlyar Əliyev, Xocalının müdafiəçisi Əlif Hacıyev, Tərtər rayonunu son nəfəsinə kimi müdafiə edən Vəzir Orucov kimi, ... qəhrəmanları olub. Əsgərlərimiz bu qəhrəmanları özünə örnək bilir.
Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. "Öncə Vətəndir!" deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!... Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: "Qılınc həmin qılıncdır, qol o qol deyil". Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir...
Torpaqlarımız qətiyyətlə qorunur
Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Bu gün də "N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərləri tanımağın sevincini yaşayıram. Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır. Bu igidlərin baxışlarında Böyük Qələbənin işartısı görünür. Onların hər kəlməsində Vətən var, Qələbə var.
Baş leytenant Bəhruz Qocayev döyüş növbətçiliyini dəyişməyə hazırlaşan əsgərlərə təlimat keçir. Əlini sıxıb salamlaşdığım hər əsgər özünü təqdim etdikdən sonra eyni cümləni təkrar edir: "Vətənin keşiyində duran əsgər kimi qürurluyam!". Bu sözlər qəlbimi riqqətə gətirir, ruhumu qidalandırır.
Qeyri-ixtiyari səmaya, ətrafa, daş-kəsəyə, ağaca, torpağa, uçan quşlara baxıram. Hamısı Vətənimizin zərrəsidir. Bunları Vətən edən belə oğullardır. Bu sıralarda Mübarizlərin, Fəridlərin, Raqufların, Samidlərin, Çingizlərin... ruhunun dayanmasına əmin oluram...
Baş leytenant B.Qocayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Zabit peşəsini öz arzu və istəyi ilə seçib. Seçdiyi peşəyə ürəkdən bağlanıb, bu yolu özünün həyat yolu bilib. Bacarıqlı zabit mövqelərə, təhlükəli istiqamətlərə yaxşı bələddir.
- Peşə seçimi hər kəsin həyatında mühüm hadisələrdən biridir, - deyir. - Bu yolu öz istəyimlə seçmişəm. "Gələcəkdə nə olacaqsan?" sualına düşünmədən "hərbçi olacam!" cavabını verirdim. Bu peşənin sirlərinə dərindən yiyələnmişəm. Mövqelərimizi inamla qoruyuruq. Atəşkəsi tez-tez pozan düşməni layiqincə susdururuq. Əsgərlərin hər biri uğurla xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetirir. Məişət şəraitimiz də yüksəkdir. Üzərimizə bircə vəzifə düşür, xidməti düzgün təşkil edib, Vətənimizi qorumaq. Biz burada düşmən qarşısında dağ kimi dayanmışıq. Xalqımız firavan yaşasın, uşaqlarımız məktəbə rahat gedib-gəlsin, nənələrimiz nəvələrini gəzməyə könül rahatlığı ilə aparsın, evlərimizdən toy-bayram səsləri eşidilsin deyə, düşmənə sinəmizi sipər etmişik.
Əsgər olmaq, hərbi xidmət keçmək şərəfdir
...Əsgərik. Zabitin bu sözü məni duyğulandırır. Aprel döyüşlərinin qazisi, Vətəninin cəsur, mərd, igid oğullarından olan Kamil Musavinin televiziya kanallarına verdiyi müsahibələrin birində dediyi "Sizlər üçün əsgər, əsgərlərim üçün komandirəm" sözlərini xatırlayıram. Bəli, bu gün hamımız əsgərik. Bizim üçün darıxan ata-baba yurdumuz var. Müqəddəs torpaqlarımız adət-ənənələrimiz üçün darıxıb. Novruz tonqallarına, Qurban bayramlarına, iftar süfrələrinə, üçrəngli bayrağın kölgəsinə, saza, sözə, şeirə həsrət qalıb. Bu həsrəti biz dindirməliyik, dindirəcəyik də!..
Ordu sıralarından ehtiyata buraxılmağa hazırlaşan əsgər Nazim Cabbarov hərbi xidmətə Bakı şəhərindən çağırılıb. Gənc əsgər hazırlığını uğurla başa vurduqdan sonra bu bölmədə xidmətini davam etdirir.
- Əsgəri xidmət keçmək hər bir gəncin şərəf borcudur, - Nazim deyir. - Hərbi xidmətdə bir çox üstün keyfiyyətlərə yiyələnmişəm. Dözümlülük, möhkəmlik, mərdlik kimi əsl kişiyə xas xüsusiyyətlər qazanmışam. Həmçinin silahlardan istifadə etməyi, döyüş taktikasını öyrənmişəm. Ömürlük davam edəcək dostluqlar qurmuşam. Bir gənc kimi sevincliyəm ki, Vətən qarşısında borcumu layiqincə yerinə yetirib, ailəmin yanına başıuca qayıdacam.
...Əsgərlə söhbətim zamanı bir daha əmin oluram ki, müasir gənclərimiz hərbi xidmət keçməyin vacibliyini dərk edirlər. Vətən qarşısında borcun öhdəsindən uğurla gəlirlər. Döyüş tapşırıqlarına məsuliyyətlə yanaşır, nümunəvi xidmət etməyə çalışırlar.
- Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq, - əsgər Füzuli Bayramov deyir. - Hərbi xidmətə Gəncə şəhərindən çağırılmışam və səngərdə xidmət etməyi ən şərəfli vəzifə hesab edirəm. Çağırış vərəqəsi gələndə çox qürurlandım. Gənc əsgər olarkən keçirilən təlimlərə həvəslə yanaşdım. Silahımın sirlərini, ondan sərrast nişan almağı bacarıqla öyrəndim. Düzü, hərbi bilikləri yaxşı öyrənməyə daim can atıram, lakin komandirlərimin də zəhmətini vurğulamaq istəyirəm. Bacarıqlı əsgərlər kimi formalaşmağımızda böyük əziyyətləri olub. Hər birinə təşəkkürümü bildirirəm. Həm tələbkar komandir olublar, həm də qayğılarımızla həmişə maraqlanıblar. Bir gənc kimi fəxr edirəm ki, azərbaycanlıyam, Azərbaycan Ordusunun əsgəriyəm.
Xalq da sizinlə fəxr edir. Körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs sizə xüsusi rəğbət bəsləyir. Siz ən yüksək sayğıya layiqsiniz. Düşmən qarşısında dayanırsınız. Torpaqlarımızı qoruyursunuz. Və hər kəs inanır ki, tez bir zamanda yağıları doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaqsınız...
Bu inamı əsgər Yusif Hüseynov da təsdiqləyir. Əsgəri xidmətə Şabran rayonundan çağırılan gənc torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olduğunu bildirir. "Biz aprel döyüşlərindəki qələbəmizi hər an təkrarlamağa hazırıq. Ali Baş Komandanımızın döyüş əmri ilə onları torpaqlarımızdan qovacağıq. Əsgər olmaqdan mən də qürurluyam. Buradan həmyaşıdlarıma deyirəm ki, əsgəri xidmət bizim övladlıq borcumuzdur. Vətənə ana deyirik, onu anamız qədər əziz bilirik. Torpaqlarımızın bir hissəsinin işğalda olduğu bir vaxtda Vətən bizdən cəsurluq, igidlik gözləyir.”
Yüksək təminat, diqqət və qayğı ruh yüksəkliyi yaradır
Əsgərin sözləri, məğrurluğu, qürurlu baxışları xoş təəssürat yaradır. Bölmədə döyüş ruhu, mənəvi-psixoloji hazırlıq ilk baxışdan hiss olunur. Bölmənin şəraiti ilə tanış olduqda görürük ki, əsgərlərin uğurlu xidməti üçün hər cür şərait var. Həm səngərləri, sığınacaqları möhkəmdir, həm də məişət şəraitləri qaydasındadır. Düşmənlə təmas xəttində belə nümunəvi şəraitin olması, komandanlıq tərəfindən hər bir əsgərə yüksək diqqət və qayğı göstərildiyinin bariz nümunəsidir. Bunu əsgər Elvin Kərimov də vurğulayır:
- Əsgəri xidmətə gələn gündən komandirlərimdən doğma münasibət görmüşəm. Burada ailə mühitində xidmət edirik. Şəraitimiz də yüksəkdir. İsti yataq yerimiz, yun və qalın qış geyimlərimiz var. Keyfiyyətli yeməklərlə qidalanırıq. Asudə vaxtlarımız da səmərəli keçir, qəzet və jurnallar oxuyur, televizora baxır, idmanla məşğul oluruq. Vəzifəmizin öhdəsindən tam məsuliyyətlə gəlirik.
Son illər ordu quruculuğunda aparılan uğurlu islahatların nəticəsində bütün bölmələrdə yüksək təminat yaradılıb. Belə şərait hər bir zabitə, əsgərə xoş ovqat, döyüş ruhu aşılayır. Övladını əsgəri xidmətə yola salan ana ondan nigaran qalmır. Bilir ki, övladı əmin əllərdədi, qidalanması, geyimi, yataq şəraiti qaydasındadı. Söhbətləşdiyim daha bir əsgər Sabir Əliyev yaradılan şəraitdən valideynlərinin də razı olduğunu bildirir. O deyir ki, "Açıq qapı" günü tədbirlərinin birində onun da yaxınları iştirak edib. “Valideynlərim görüşümə gəlmişdi. Bölməmizin şəraiti ilə tanış oldular. "Oğul, layiqli xidmət etməyiniz üçün hər cür şəraitiniz var. Komandirlərinin sözündən çıxma, ordumuza layiqli xidmət et", - atam dedi. Hamı kimi mən də xidmətimi nöqsansız yerinə yetirmək üçün var qüvvəmlə çalışıram. Növbədə diqqətli olur, təhlükəli istiqamətlərə ciddi nəzarət edirəm. Bilirəm ki, bir anlıq diqqətsizliyim hamımızın həyatını təhlükəyə atar, düşmənə irəliləmək üçün şərait yaradar. Ona görə də barmağım tətikdə, gözüm nişangahda ayıq-sayıq dayanıram.”
Bu gün söhbətləşdiyim igidlərin timsalında hiss edirəm ki, əsgərlərimiz mərd, cəsur, qorxmazdırlar. Vətənimizə, millətimizə sadiq oğullardır. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanıblar. Belə əsgərlərin qarşısında isə heç bir düşmən tab gətirə bilməz!
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu", fotolar Coşqun CƏFƏROVUNDUR