Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Mart 2018 10:57

Hazırlıqlı əsgər sabahın qalib döyüşçüsü və layiqli vətəndaşıdır

Bir dəfə Müdafiə nazirinin kursantlarla görüşündə iştirak edirdim. Nazirin hər sözü, kəlməsi dəyərli tövsiyə olaraq gənclərin yaddaşına yazılırdı. Səmimilik şəraitində keçən görüşün bir məqamında nazir vurğuladı ki, sabahın zabiti, komandiri olacaq kursant bilməlidir ki, tabeliyindəki əsgərlərin təlim-tərbiyəsinə tam məsuliyyət daşıyır. "Bu günün əsgərini sabahın bacarıqlı, qalib döyüşçüsü, həm də cəmiyyətin fəal vətəndaşı kimi formalaşdırmaq komandirlərin əsas vəzifəsidir".
Gənclərimiz hərbi xidmətdə Vətəni qorumağın sirlərinə yiyələnməklə yanaşı, gələcəkdə müstəqil həyatda yaşamağın vacib vərdişlərinə alışırlar. Bu, olduqca əhəmiyyətli məsələdir və buna görə də hərbi xidmət dövrü hər bir gəncin həyatında mühüm mərhələdir.
Bəzən müsahibə aldığım əsgərlərdən  ordu sıralarında  keçirdikləri günlərin dəyərini soruşuram, onların hərbi xidmətlə bağlı təəssüratlarını öyrənirəm. Növbəti dəfə cəbhə bölgəsində olanda da belə əsgərlərimizin bir qrupu ilə görüşdüm. Gəlin, onların fikirləri, ürək sözləriylə birgə tanış olaq.
Əsgər Samit Abuzadə Yardımlı rayonundan orduya çağırıldığını bildirib artıq hərbi xidməti başa vurmasına az müddət qaldığını deyir:
- Azərbaycan gəncliyinin bir nümayəndəsi olaraq Vətənimizə xidmət etməkdən mən də qürurluyam. Ordu həyatında olmağımız bizə imkan verdi ki, Vətəni necə qorumağı, onu düşmənlərdən müdafiə etməyi öyrənək. Yəni, demək istəyirəm ki, Azərbaycan Ordusu bizi müsəlləh əsgər kimi formalaşdırdı. Bu, çox vacib, önəmli amildir, hər birimiz Vətənin övladıyıqsa, onu qorumağa hazır olmalıyıq. Bu məqsədlə silahların, hərbi texnikaların sirlərini öyrəndik, döyüş növbətçiliyi bizə məğrurluğu, cəsarəti və digər mənəvi keyfiyyətləri aşıladı, hansı ki, bunlar döyüşçü üçün ən vacib xüsusiyyətlərdir.
- Mən isə xidmətə Lerik rayonundan gəlmişəm, - deyə əsgər Taleh Abbasov söhbətimizə qoşulur. - Qumbaraatan köməkçisi vəzifəsində xidmət edirəm. Vətən hamımızındır, ikinci anamızdır, onu son nəfəsədək qorumaq borcumuzdur. Bu məqsədlə bizdən hərbi mühitin tələb etdiyi vərdişlərə malik olmaq tələb olunur.
- Taleh, sən də bu yaxınlarda ordu həyatı ilə vidalaşacaqsan, hərbi xidmətdən hansı təəssüratla dönəcəksən?
- Əsgər yoldaşım qeyd etdi ki, hərbi xidmət bizə Vətəni necə qorumağı öyrətdi. Tamamilə doğrudur, onun dediklərinə əlavə olaraq qeyd etmək lazımdır ki, səngər həyatı həm də bizə səmimi, sarsılmaz dostlar qazandırdı. Doğrudan da, dar günün dostluğu möhkəm olur. Birinci olaraq komandirimiz baş leytenant Allahşükür Şahbazovu özümə ən yaxın silahdaş hesab edirəm. Çünki o çətin günlərimizdə bizə dayaq olub və hamımıza qayğı, tələbkarlıq göstərib. Əgər Ali Baş Komandanımız döyüş əmri verərsə, mən də komandirimlə çiyin-çiyinə savaşa atılmağa hazıram.
Talehin komandiri haqqında səmimi fikirləri məni neçə il əvvələ, dağlıq şəraitdə şahidi olduğum bir hadisəyə qaytardı. Düşmənlə ara məsafəsi yaxın olan mövqelər idi, hərbi hissənin komandiri ilə posta gedirdik. Bu zaman bir əsgərin onun böyründə eyni addımlaması diqqətimi çəkdi. Komandirdən səbəbini soruşanda dedi ki,  özün əsgərdən bu sirri öyrənərsən. Nəhayət, döyüş növbətçiliyinə baş çəkib qayıdandan sonra əsgərlə söhbətləşməyə imkan tapdım. Əsgər dedi ki, mən düşmən səmtində hərəkət edirəm ki, qəflətən atəşkəs pozularsa, qoy düşmən gülləsi komandirimə yox, mənə dəysin. Fikir verin, Azərbaycan əsgəri nə boyda ürək sahibidir, öz komandiri üçün can əsirgəməyən əsgər Vətənimizə də daim sədaqətli olacaq, xalqımızı, millətimizi göz bəbəyi kimi qoruyacaq.
Qusar rayonundan olan əsgər Nail Beybutov da hərbi xidmətdə son günlərini keçirir. Deyir ki, bu gün-sabah ordu həyatı ilə vidalaşıb doğmalarının yanına qayıdacaq.
- Nail, avtobusa əyləşib rayona yola düşəndə bəlkə bir ağsaqqal səndən soruşacaq ki, oğlum, əsgəri xidmətdən hansı xatirələrin qalacaq, onda nə deyəcəksən?
- Aylarla bir şəraitdə xidmət etdiyim, çətin günlərimizdə ürək sözlərimi bölüşdüyüm komandirimdən, dəyərli əsgər yoldaşlarımdan söhbət açacağam. Hərbi xidmətlə bağlı təəssüratım zəngindir, ordu mərdlik, qəhrəmanlıq məktəbidir, onun sıralarında xidmət etməklə əsl vətəndaş və qalib döyüşçü kimi formalaşırıq.
Sonra söhbətimizə qoşulan əsgərlərdən Ayaz Qarayev, Fərhad Baxşəliyev, Elvin Cəfərzadə və başqaları da hərbi xidmət dövrünün onların həyatında mühüm mərhələ olduğunu bildirərək ordu mühitində həm döyüş vərdişlərinə, həm də zəruri mənəvi xüsusiyyətlərə alışdıqlarını qeyd etdilər.
Arif PƏNAHOV, "Azərbaycan Ordusu", foto N.PƏNAHOVUNDUR