Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2018 11:06

Vətənpərvər gənclərimiz Qələbə əzmindədirlər

Hər bir Azərbaycan gənci Vətəninə bağlı, millətinə sadiq, dövlətinə layiq bir fərd olmalıdır. Vətənpərvərlik ailədə başlayan proses olsa da, cəmiyyətdə formalaşır. Damarlarında azərbaycanlı qanı axan hər bir gəncimiz ölkəsinin uğurları üçün çalışmalı, onu istər ölkə daxilində, istərsə də dünya miqyasında layiqincə təmsil etməlidir. Dədə-babalarımızdan yadigar qalan bu torpaqları göz bəbəyi kimi qoruyan oğullarımız bizim qürur mənbəyimizdir. Azərbaycan Ordusunda qulluq edən vətənpərvər gənclərimiz çoxdur. Xalqının firavan yaşaması üçün gecə-gündüz demədən düşmənlə üzbəüz mövqelərdə xidmət edən, hərbi vətənpərvərlik hissi yüksək olan döyüşçülərimiz var.  Bu gün dünyanın aparıcı orduları sırasında bizim ölkənin də adı çəkilir. Azərbaycan əsgəri müasir ordumuzda xidmət etməsi ilə qürur hissi keçirir. Xalq da ordusu ilə fərəhlənir.
Ön xətdə yerləşən "N" hərbi hissəsində əsgərlərimizin asudə vaxtının təşkili ilə tanış oluram. İlk görüşdüyüm zabit Rahim Mikayılovdur. 2014-cü ildən ordu sıralarına qoşulan həmsöhbətimiz Vətən sevgisinin insanın daxilindən gələn ən ülvi hisslərdən biri olduğunu deyir. "Vətənə olan sevgi qəlbdə qönçələnən çiçək kimidir, heç zaman təravətini itirmir. Vətənpərvərlik xalqına xidmət, torpağına bağlılığı özündə əks etdirir.  Vətəninin müdafiəsində dayanmaq hər bir gəncimiz üçün müqəddəs vəzifədir. Bölməmizdə asudə vaxtının düzgün təşkil edilməsi şəxsi heyətin dünyagörüşünün artırılmasında mühüm rol oynayır. Əsgərlərimizə tariximizi, milli dəyərlərimizi aşılayırıq. Milli qəhrəmanlarımız haqqında məlumatlar əsgərlərimiz tərəfindən böyük maraqla qarşılanır. Hər bir Azərbaycan əsgəri xalqının qəhrəmanlarını tanımalı, onlar haqqında məlumatlı olmalıdır. Çünki torpaqlarımız işğaldan müharibə yolu ilə azad olunası təqdirdə gənclərimiz meydanda Babək kimi, Cavanşir kimi, Şah İsmayıl kimi, ... döyüşməli, ərazi bütövlüyümüzü təmin etməlidirlər. Şəxsi heyət dövlətimizin yeni nəsil qəhrəmanları barədə də biliklərə malikdir. Hər bir qəhrəmanımız gənc döyüşçülərimiz üçün nümunədir. Aprel döyüşləri Azərbaycan tarixində Qələbəyə gedən yolun başlanğıcıdır. Həmin döyüşlər xalqımıza ruhları əbədi yaşar şəhidlər bəxş etdi. Onların ruhu hər birimiz üçün doğmadır".
Əsgərlərlə söhbətimə Rafael Qafarovla başlayıram. 1998-ci ilin iyununda Bakı şəhərində dünyaya gələn həmsöhbətimin atasının Qarabağ döyüşçüsü olduğunu öyrənirəm. "Vaxtilə atam bu torpaqların düşməndən müdafiəsində iştirak edib. Müharibə veteranıdır. O, söhbətlərində hər zaman Vətən sevgisinin vacibliyini vurğulayırdı. Bu gün Vətənin müdafiəçilərindən biriyəm. Hərbi xidmətə gələndə ürəyimdə cəbhə bölgəsində xidmət etmək istəyi var idi. Arzumun həyata keçdiyinə çox sevinirəm. Fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm".
Əsgər Orxan Əyyubov Zaqatala rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılıb.  Zaqatala rayonunun Muğanlı kəndində dünyaya gələn müsahibim asudə vaxtlarında hərbi verilişlərə baxmağı, ordumuzun silahlanmasında olan texnikalar barədə məlumatlar almağı xoşladığını bildirir. "Hərb sahəsinə uşaq yaşlarımdan həvəsim yaranmağa başladı. Əsgər olacağım günü səbirsizliklə gözləyirdim. Həmişə hərb tarixindən bəhs edən filmlərə həvəslə baxırdım. Asudə vaxtlarımda müasir silahlar barədə informasiyalar öyrənməyə çalışıram".
Əsgər Xəyyam Həsənov  Xaçmaz rayonu Çarxı kəndində dünyaya göz açıb. Ölkəmizin hərb tarixi barədə mütaliəni sevdiyini söyləyir. "Asudə vaxtlarımda Azərbaycanın hərb tarixi barədə ədəbiyyatlardan istifadə edərək, məlumatlar əldə edirəm. Xalqımızın tarixində çoxlu sərkərdələrimiz olub. Onlar hər birimiz üçün idealdır. Əcdadlarımız tarixə silinməz izlərini qoyub. Onların irsini dərindən öyrənmək əsas vəzifəmizdir".
Ordumuzun belə vətənpərvər və tarixini sevən əsgərləri ilə tanış olmaq, həqiqətən qürurvericidir. Şübhəsiz ki, uğurlu gələcəyimizdə belə gənclərin əvəzsiz rolu olacaq.

Fuad CƏFƏROV,  "Azərbaycan Ordusu"