Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2018 11:06

“Vətənpərvərlik ilahi bir sevgidir”

Hər ezamiyyət səfərimdə nümunəvi xidmətləri ilə fərqlənən zabitlərimizə tez-tez rast gəlirəm. Bu dəfə də ön xətdə yerləşən hərbi bölmədə kapitan Novruz İsmayılovla tanış oldum.
Hələ erkən yaşlarından hərbə marağı onu zabit olmağa ruhlandırıb. Elə bu arzu onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib. Burada təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hərb peşəsinə dərindən yiyələnmək üçün öz üzərində daim çalışıb. Nəhayət, 2009-cu ildə çiyinlərində parlayan "leytenant" rütbəsi ilə xidmətə ön xətdə başlayıb. Ordu sıralarında müxtəlif vəzifələrdə xidmət edib. Ona ünvanladığım ilk sual isə vətənpərvərlik haqqındadır.
- Vətənpərvərlik sənin üçün nə deməkdir?
- Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır. Vətənə olan borcunu ödəməkdir vətənpərvərlik. Bu təkcə sözdə deyil, əməldə olmalıdır. Vətənpərvərlik ilahi bir sevgidir, hər kəsə nəsib olmur. Mübariz, Fərid, Murad, Samid, Çingiz kimi oğullarımız canlarını Vətən yolunda qurban verdilər. Deməli, əsl vətənpərvər insan ölümün gözünə dik baxandır. Şəhidlər xiyabanında gecə-gündüz alovlanan məşəl də vətənpərvərliyə bir çağırışdır.
Zabitimizin cavabı məni qürurlandırır. Bir vaxtlar mənə dərs demiş zabitin bir sözü yadıma düşür. O, "Vətən üçün nə edə bilərsiz" sualını verəndə hamımız bir ağızdan "Vətən üçün canımızdan keçməyə hazırıq" dedik. Müəllim gülümsündü və sonra "Vətənə sizin ölümünüz yox, düşmənin ölümü lazımdı. Axı siz ölsəniz Vətəni kim qoruyacaq?" dedi. İndi də bu sözlər yadıma düşəndə anlayıram ki, bu gün ordumuzda xidmət edən hər kəs düşməni məhv etmək arzusu ilə yaşayır.
Düşüncələrimdən ayrılıb zabitlə söhbətimi davam etdirirəm. Məğrur baxışlarından hiss edirəm ki, ömrünü, taleyini Vətənə bağlayıb. Vətən müqəddəsdir, and yerimizdir.
- Mən həyatımın son anına qədər Vətən üçün yaşayacam. Ana Vətənim Azərbaycanımızın işğal altında olan torpaqlarını azad etmək üçün qanımı və canımı heç vaxt əsirgəməyəcəm. Bizlər üçün örnək olan ümummilli liderimiz Heydər Əliyev də ömrünü məhz xalqı üçün yaşadı. Ulu Öndərin sözünü mən həmişə özümə deviz seçmişəm - "Doğma canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır".

Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"