Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2018 11:05

Əsgərlərimizə ana qayğısı

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyətin döyüş hazırlığı məşğələsində verilən komandaları tez bir zamanda yerinə yetirmələrini maneələri ləğv etmələrini həvəslə seyr edirdim. Düşüncələrim məni uzaqlara, o illərə apardı ki,  xalqımız müstəqilliyini bərpa edərkən, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı. Yalnız ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək, güclü bir dövlətin təməlini qoydu. Bu gün də Ulu Öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu siyasət inamla, uğurla həyata keçirilir. Bütün dünya dövlətimizin, ordumuzun gücünü aprel döyüşləri zamanı gördü. Artıq əminliklə söyləmək olar ki, torpaqlarımızı geri qaytarmaq üçün Ali Baş Komandanımızın "Döyüşə" komandası kifayətdir.
Dərsi keçən zabitin "Diqqət" komandası ilə fikirlərimdən yayındım. O, şəxsi heyətə nahar yeməyinə hazırlanmaq komandası verdi. Mən də fürsətdən istifadə edib əsgər yeməkxanası ilə tanış olmaq istədim.
Yeməkxanaya daxil olduq. Bütün standartlara cavab verən stol və stullar, aşpazların xüsusi əlcəklərdə olması bizlərə xoş təəssürat bəxş etdi. Əsgərlər podnos götürərək növbə-növbə yemək çəkilmə yerinə yaxınlaşırdılar. Bu günün menyusu  barəsində yeməkxana növbətçisi baş gizir İlkin Süleymanovdan soruşdum. O da cavabında bildirdi ki, hər günün ayrı-ayrı menyusu olduğu kimi, bu günün də ayrıca menyusu var. “Menyu küftə-bozbaş, mal əti kotleti, vermişel süzməsi və sous, kompot, alma, çörək və vitamindən ibarətdir. Yeməklər hazır olduqdan sonra keyfiyyəti öncə həkimlərimiz tərəfindən yoxlanılır".
Belə ləziz təamları əsgərlərimizə hazırlayan baş aşpaz Zeynəb Həsənovaya yaxınlaşaraq onun da fikirlərini öyrəndim. "Əgər bişirdiyimiz yeməklərə qəlbimizi qoymasaq və ya həvəssiz bişirsək, hətta ən sadə yemək belə dadlı alınmaz. Buna görə də əsgər balalarımız üçün bişirdiyimiz yeməklərə sevgi qatırıq. Dünyada iki müqəddəs söz var: Vətən və Ana. Mənə isə Vətənimizin igid müdafiəçiləri ana deyə müraciət edirlər. Hamısı mənim oğullarımdır. Hansı bir ana öz övladı üçün pis nəsə edər?! Bundan sonra nə qədər ki, canımda can, qolumda güc var, ordu sıralarında əsgər balalarımın yanlarında olacağam".
Digər aşpaz Xuraman Qayıbova isə bildirdi ki, yaxşı bir aşpaz ixtiraçılıq, təsəvvür, səbr, yaradıcılıq, dad hissi, orijinal bir resept hazırlamaq qabiliyyəti, dadlı yeməyi bişirmək kimi xüsusiyyətlərə malik olmalıdır. "Yaxşı aşpaz bir istedaddır. Bizlər də bu istedadımızı doğma əsgərlərimizə bəxş edirik. Çalışırıq ki, hazırladığımız xörəklər onların ürəyincə olsun. Evdə analarının əlləri ilə bişirilən xörəklərdən seçilməsin. Düzdür, mətbəxdə isti sobanın yanında işləmək çətindir. Amma biz bunların heç birini hiss etmirik, çünki biz Azərbaycan əsgərinə yeməklər bişiririk. Hər zaman çalışacağıq ki, onları ləziz və dadlı xörəklərimizlə sevindirək".
Mən də əsgərlərlə eyni masa arxasında əyləşib xörəklərdən daddım. Yeməklər o qədər dadlı idi ki, düzünü desəm, özümü bir anlıq evdə və yaxud ən bahalı restoranların birində hiss etdim. Hər bir şey çox gözəl idi. Vaxt tapıb əsgərlərin bir neçəsi ilə söhbətləşirəm.
Şamaxı rayonundan ordu sıralarına çağırılan əsgər Nurlan Rüstəmov deyir ki, burada hər bir şəraitimiz yüksək səviyyədədir. “Hər zaman isti suyumuz, asudə vaxtlarımız üçün çox gözəl ideoloji otağımız, gücümüzü artırmaq və həmişə gümrah olmaq üçün müasir idman şəhərciyimiz, bir sözlə, hər bir şəraitimiz var. "Yeməkxanamıza söz ola bilməz. Burada bişirilən yeməklər ləziz və dadlıdır. Belə bir şəraitin qarşısında bizim öhdəmizə düşən vəzifə nümunəvi xidmət etməkdir".
- Mən də əsgər yoldaşlarım kimi ön xətdə xidmət etdiyim üçün qürur duyuram, - deyə Lerik rayonundan hərbi xidmətə çağırılan əsgər Sahil Əliyev söhbətimizə müdaxilə etdi. - Şəraitimiz o qədər yaxşıdır ki, heç nədən korluq çəkmirik. Yeməkxanamızda xidmət edən qadın mülki işçilərimiz bizə ana kimi qayğı göstərirlər. Onların bişirdiyi xörəklər anamın bişirdiyi xörəklərdən heç fərqlənmir. Onlara minnətdaram ki, bizlərə belə gözəl təamlar bəxş edirlər.
İnanırıq ki, belə şəraitdə xidmət edən gənclərimiz də döyüş tapşırıqlarını inamla icra edəcəklər.
 
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"