Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Mart 2018 11:03

Hərbi hissələrdə Novruz bayramı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun hərbi hissə və birləşmələrində, Əlahiddə Ümumqoşun Orduda  Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə “N” hərbi hissəsində əsgərlər üçün Novruz şənliyi təşkil edilib.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları, hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Şəxsi heyətlə keçirilən görüşdə İradə Gülməmmədova Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.  "Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz işğal altında olan torpaqlarımızı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edəcəyik".
Ali Baş Komandan İlham Əliyevin ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə davam etdirərək ordu quruculuğu sahəsində səylərini daha da artırdığını, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edildiyini, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordunun yarandığını deyən icra başçısı növbəti Novruz bayramını Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda və işğal altında olan digər bölgələrimizdə də qeyd edəcəklərinə inandığını bildirib.
Hərbi hissənin komandanlığı Abşeron rayon rəhbərliyinin bayram gününü əsgərlərlə birlikdə keçirməsini yüksək qiymətləndirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Bildirilib ki, əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Daha sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Respublika hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin Novruz bayramı münasibətilə əsgər və zabitlərə ünvanladıqları təbrikləri oxunub.
Şənlikdə əsgərlərə bayram sovqatı verilib, onlar üçün konsert proqramı təşkil olunub.

* * *

Göyçay rayonunda fəaliyyət göstərən "AzNar" QSC-nin nar emalı müəssisəsinin kollektivi Novruz bayramı münasibətilə   hərbi hissələrə bayram sovqatı aparıb.
Rusiyada yaşayan azərbaycanlı iş adamı, "AzNar" QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə keçirilən bu xeyriyyə aksiyası zamanı zavodda istehsal olunan müxtəlif çeşiddə meyvə şirələri, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları cəbhə bölgəsindəki hərbi hissələrə çatdırılıb. On yeddi tondan çox qida məhsulları ön xətdə düşmənlə üz-üzə dayanan cəsur əsgərlərə paylanılıb.
Şirkətin baş direktoru Teymur Əhmədov cəbhə bölgəsində Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərləri bayram münasibətilə təbrik edib.

* * *

Tərtər rayon ictimaiyyətinin və Azərbaycan Respublikası Hərbi Prokrorluğunun nümayəndələrinin iştirakı ilə “N” hərbi hissəsində Novruz şənliyi keçirilib.
Hərbi Prokurorluğun nümayəndəsi Mehdi Hüseynzadə, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov və başqaları çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.
Respublikanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin bayram təbriki əsgərlərə çatdırılıb.
Hərbçilərə hədiyyələr və bayram sovqatı təqdim edilib. Tərtər rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib.

* * *

Tərtər rayon İcra Hakimiyyəti Gənclər və İdman Nazirliyi ilə birgə “N” hərbi hissəsində bayram tədbiri təşkil edib.
Tərtər rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə uğurlar arzulayıblar.
Hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib. Ordumuzun işğal altındakı torpaqları azad etmək üçün Ali Baş Komandanın əmri ilə müharibəyə hazır olduğunu və düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərman və qiymətli hədiyyələr verilib. Tərtər rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov polkovnik Abdulla Qurbaninin müəllifi olduğu "Qəhrəman Tərtərin müdafiəsində" kitabını Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədova təqdim edib.
Tədbir incəsənət xadimlərinin və rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin ifasında geniş konsert proqramı ilə başa çatıb.

* * *
Müdafiə Nazirliyi və “Nar mobil” operatorunun təşəbbüsü ilə Novruz bayramı ərəfəsində ön xətdə yerləşən "N" hərbi hissəsində əsgərlərlə görüş keçirilib.
Tədbirdə çıxış edən polkovnik-leytenant Siyavuş Mustafayev qonaqları və əsgərləri Novruz bayramı münasibətilə təbrik edib və təşkilatçılara ön xətdə belə bir tədbir keçirdikləri üçün minnətdarlığını bildirib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və general-mayor Xəqani Cəbrayılovun Novruz təbrikləri oxunub.
Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov da xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə hər kəsi təbrik edib. O, əminliklə bildirib ki, şərəfli peşənin nümayəndələri olan zabit və əsgərlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəklər.
Tədbirdə hərbi prokurorluğun nümayəndələri, Qarabağ müharibəsi veteranları,  "Nar mobil" operatorunun əməkdaşları və əsgər valideynləri də çıxış edərək bütün əsgər və zabit heyətini Novruz bayramı münasibətilə təbrik ediblər.
Ədliyyə polkovniki Rauf Mehtiyev çıxışında Azərbaycan Respublikası Baş prokurorunun müavini - Respublikanın Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin adından hər kəsi təbrik edib. O qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi və misilsiz xidmətləri nəticəsində formalaşan güclü Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənib və bu gün hər bir tapşırığı yerinə yetirmək iqtidarındadır.
- Azərbaycan əsgəri qürur mənbəyimizdir, - deyə çıxışa başlayan "Nar mobil" operatorunun mətbuat xidmətinin rəhbəri Əziz Axundov təmsil olunduğu kollektiv adından əsgərləri bayram münasibətilə təbrik edib və xoş arzularını çatdırıb. Azərbaycan Ordusunun xalqın güvənc yeri olduğunu qeyd edərək belə görüşlərin davamlı olmasını arzulayıb. 
Sonra xidmətdə fərqlənən əsgər və zabitlərə bayram hədiyyələri təqdim edilib.
Tədbir bədii hissə və konsert proqramı ilə davam edib.

* * *

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordunun ayrı-ayrı bölmələrində şənliklər keçirilir.
Muxtar respublikanın qarlı dağlarının zirvəsində, düşmənlə ön xətdə yerləşən "N" hərbi hissəsində Novruz şənliyi təşkil edilib.
Əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar. Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Mirqiyas Rüstəmov çıxış edərək bildirib ki, Azərbaycan xalqı qədim zamanlardan yazın gəlişini, təbiətin oyanmasını bayram edir. Hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edən Mirqiyas Rüstəmov vurğulayıb ki, min illər bundan əvvəl yaranmış, mənəvi dəyərlərimizin təcəssümü olan Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy əsgərləri bayram münasibətilə təbrik edib, onlara uğurlar diləyib, tezliklə Novruz tonqallarının işğaldan azad ediləcək torpaqlarımızda qalanmasını arzulayıb.
Sonra tədbir hərbi hissənin qonaqlarının və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri bayram tədbirinə xüsusi ab-hava qatıb.

* * *
Torpağın oyanışı, ağacların çiçək açması yazın gəlişindən xəbər verir. Təsadüfi deyil ki, elə yaz fəslinin ilk günlərində Bahar bayramını qeyd edirik. Qədim tarixi olan Novruz bayramı ölkəmizin hər yerində olduğu kimi, ordumuzda da yüksək səviyyədə keçirilir. Bu yaxınlarda ön xətdə yerləşən hərbi hissələrdən birində sıra meydanındakı izdiham diqqətimizi cəlb etdi. Əsgərlərimiz üçün Bahar bayramının gəlişi münasibətilə konsert proqramı təşkil olunmuşdu. Ən maraqlısı da budur ki, bu tədbir kənd mədəniyyət evinin işçiləri tərəfindən hazırlanmışdı. Bir-birini əvəz edən gözəl mahnılar əsgərlərdə xoş ovqatlar yaradırdı. Onların üzlərindəki sevinc hissini sezmək elə də çətin deyildi.
Bir neçə əsgərlə söhbət edərkən sevinclərini bölüşdülər. İmişli rayonundan xidmətə çağırılan Aqil Nuruzadə bu cür tədbirlərin onlarda ruh yüksəkliyi yaratdığını qeyd etdi. "İstər komandanlığın, istərsə də ictimaiyyətin bizə olan münasibəti döyüş ruhumuzu daha da artırır. Günün nizam qaydasına uyğun olaraq dərs və təlimlərdə iştirak edir, bilik və bacarığımızı artırırıq. Asudə vaxtlarımızda qəzet və jurnallar oxuyur, televiziya proqramlarına baxır, komandirlərimizlə söhbət edirik. Bu gün isə kənd sakinləri bizim üçün konsert təşkil ediblər. Arzu edirik ki, bu cür şənlikləri tezliklə Qarabağımızda keçirdək."
Bu arzu, bu istək təkcə əsgər Aqil Nuruzadənin deyil, hamımızındır. İki saata yaxın davam edən konsert proqramı sona çatır. Zabit Səfalı Əliyev əsgərlərimizə xoş anlar yaşatdıqları üçün mədəniyyət işçilərinə təşəkkürünü bildirdi.
- Təkcə bayram tədbirlərində yox, döyüşlərdə də xalqın dəstəyini daim hiss edirik. Elə aprel qələbəsi birliyimizin ən bariz nümunəsidir. Çox sağ olun ki, Bahar bayramı ərəfəsində gənc döyüşçülərə unudulmaz anlar yaşatdınız. İnşallah, tezliklə bu tədbirlər Xankəndidə, Şuşada, Kəlbəcərdə və digər torpaqlarımızda qeyd ediləcək. Bu igid əsgərlər yaxın vaxtda Ali Baş Komandanın əmri ilə döyüşə atılıb əbədi və əzəli torpaqlarımızı işğaldan azad edəcəklər. Sizin bizə bəxş etdiyiniz xoş anların müqabilində bizlər də sizə qələbə sevinci yaşadacağıq.
Sonda kənd sakinləri adından Gülsənəm Cəlilova çıxış edərək ordumuzun gücü ilə qürur hissi keçirdiyini qeyd etdi. O da əsgərləri Bahar bayramı münasibətilə təbrik edib, hər birinə xidmətlərində uğurlar arzuladı.

* * *
Mən Nurlan İsmayılov Göyçay rayonundan hərbi xidmətə çağırılmışam. Bahar bayramını qeyd etməyə hazırlaşırıq. Bu gün bayramı evdən uzaqda - əsgər yoldaşlarımla birlikdə keçirəcəm. Düşünürəm ki, bayramı harada qeyd etməyimdən asılı olmayaraq, əsas odur ki, ürəyin Vətənlə, sevdiyin insanlarla döyünsün.
Bu gün xidmətdəyəm. Və xidmət müddətində bir çox bayramları ailəmdən ayrı qeyd edəcəm. Amma burada komandirlərimiz bizimlə elə bir münasibət qururlar ki, heç ailədən uzaq olmağımızı hiss etmirik. Dərslərimiz yüksək səviyyədə keçirilir, asudə vaxtımız səmərəli təşkil olunur. Hər çərşənbə axşamında komandirlərimiz bizimlə birlikdə tonqalın ətrafına yığışaraq bayramımızı təbrik edirlər. Mən də bu gün öz adımdan bütün əsgər yoldaşlarımın valideynlərinin, həmçinin xalqımızın Bahar bayramını təbrik edirəm. Fürsətdən istifadə edib atama və anama da bir söz demək istəyirəm: oğlunuzla fəxr edin. Qürur duyun ki, belə güclü ordumuz var və mən də belə bir ordunun əsgəriyəm. Xalqımız və sizlər bayramınızı rahat keçirin, çünki biz varıq. Torpaqlarımızın bir qarışının belə düşmən tapdağında qalmasına göz yummayacağıq. Ali Baş Komandanımız əmr verdiyi an  ata-baba torpaqlarımızı azad etməyə hazırıq. İnşallah, tezliklə sizlərə bayram məktubları Kəlbəcərdən yazılacaq. Əllərindən öpürəm, anacan. Sağ ol.
 
* * *
Mən baş tuşlayıcı əsgər Mirtosif Cəfərov Cəlilabad rayonundan hərbi xidmətə çağırılmışam.
Novruz bayramını xalqımız  həmişə sevinclə, fərəhlə, xoş əhval-ruhiyyə ilə, böyük arzularla, istəklərlə qeyd edir. Tonqallar qalanır. Qalanan tonqalların şöləsi qaranlıqları əridir. Mən də uşaqlığımda Novruz tonqallarının üstündən atılmışam.
Qonşumuz hərbi xidmətdəydi. Məzuniyyətə gələndə onun geyiminə maraqla baxanlardan biri də mən idim. Düşünürdüm: mən nə vaxt əsgər olacam?
İndi əsgərəm. Mən də torpaqlarımızı müdafiə edənlərin sırasındayam. Ata-anamın, müəllimlərimin məsləhətini heç zaman unutmaram.
Hərbi hissəmizdə bizə gözəl şərait yaradılıb. Komandirlərimin hər bir əmrini böyük məsuliyyətlə yerinə yetirirəm. Hərbi andiçmə tədbirində çıxış edənlərin sözlərini, əsgərlərə inamını, etibarını da heç zaman unutmayacam. Mən də qürurlanıram ki, güclü ordumuz var. Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Aprel döyüşlərində orta məktəbdə oxuyurdum. Bir neçə yoldaşımla döyüşə getmək istədik. İcazə vermədilər. Sülh danışıqları baş tutmasa, torpaqlarımızı işğaldan döyüşlə azad edəcəyik. İstəyirəm ki, o döyüşlərdə mən də iştirak edim.
Novruz bayramında komandirlərimə, əsgər yoldaşlarıma da məhz bunu arzu edirəm. Arzu edirəm və inanıram ki, torpaqlarımızı işğaldan azad edəcəyik, hamı öz evinə qayıdacaq, bayram tonqalları qalanacaq. Hamımızın ürəyində bir mənəvi tonqal alışacaq. O tonqal Qələbə tonqalı olacaq! Bu inamla xidmət edirik. Hər birimiz Ali Baş Komandanın əmrinə hazırıq.

* * *

Mən heyət nəfəri əsgər Kərim Qocayev Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmışam. Bu gün qürur duyuram ki, ön xətdə Vətən torpaqlarının keşiyini çəkən döyüşçülər sırasındayam. Əsgər olmaq, Vətənə xidmət etmək ən böyük arzum olub. Artıq bu gün Vətən keşikçiləri sırasındayam. Bu il Novruz bayramını evdə yox, hərbi xidmətdə keçirirəm. Sevinirəm ki, belə bir kollektivdə xidmət edirəm və onlarla birlikdə bayramı qeyd edəcəm. Buradan həm valideynlərimə, həm də xalqıma səslənərək demək istəyirəm ki, qarşıdan gələn Bahar bayramınız mübarək olsun. Anacan, ürəyini sıxma. Bizlər üçün burada hər bir şərait yaradılıb. Hər çərşənbə axşamını komandirlərimizin nəzarəti altında yüksək səviyyədə keçiririk. Hətta bu yaxınlarda konsert proqramı təşkil olundu. Əsgər yoldaşlarımla deyib-güldük, rəqs etdik. Tezliklə Qarabağda da Novruz tonqalı qalayacağıq. Hər dəfə tonqaldan atlananda ürəyimdə tək bir arzu tutdum - tezliklə torpaqlarımızı azad edək və üzümüzə gələn bayramları o torpaqlarda qeyd edək. O günə də çox az qalıb. Mən sənin timsalında bütün analara demək istəyirəm ki, ürəyiniz rahat olsun. Hər zaman Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa, düşməni məğlub etməyə hazırıq.

"Azərbaycan Ordusu"