Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2018 13:06

Hüseyn Cavidin ev muzeyində

Bu günlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları  böyük Azərbaycan şairi Hüseyn Cavidin ev muzeyini ziyarət etdilər.
Kursantları muzeyin dikektoru, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babaxanlı və elmi katib Sərvər Şirinov salamladı. Bələdçilər Aytən Cəfərli və Lalə Əliyeva kursantları muzeyin eksponatları ilə yaxından tanış edərək, görkəmli şair Hüseyn Cavidin həyat və yardıcılığı barədə kursantlara geniş məlumat verdilər. Onlar şairin ev muzeyinə dərin maraqla tamaşa etdilər.
Kursantların bir neçəsi xoş təəssüratlarını bölüşdü. Kursant Orxan Nəcəfov dedi:
- Azərbaycan ədəbiyyatına böyük marağım var. Ədəbiyyat xalqın bədii salnaməsidir, bədii düşüncəsidir. Təbiidir ki, bu salnamə ilə yaxından tanışlıq dünaygörüşümüzün formalaşmasına müsbət təsir göstərir. Hələ kiçik yaşlarımdan Hüseyn Cavid yaradıcılığına böyük marağım var idi. Bu romantik şairin əsərlərini həmişə sevə-sevə oxumuşam. Bu gün Hüseyn Cavidin ev muzeyi ilə yaxından tanışlığımız ürəyimcə oldu.
- Muzeylərə, tarixi yerlərə getməyi çox sevirəm, - deyə kursant Seymur Rüstəmli söhbətimizə qoşuldu. - Çünki bu məkanlar keçmişimizi, tariximizi özündə qoruyub saxlayır. Tarixi öyrənməyimiz hər birimiz üçün vacibdir. Çünki bu günümüz keçmişin üstündə dayanır. Mən həyatımı mütaliəsiz, ədəbiyyatsız təsvir edə bilmirəm. Hüseyn Cavid yaradıcılığına isə daha böyük rəğbətim var. Böyük şairin ev muzeyini ziyarət etməyimiz isə lap yerinə düşdü. Sanki qarşımda böyük bir ümman açıldı.
Kursantlardan Anar Sadıqov, Orxan Nəcəfov, Hidayət Seyidəliyev, Orxan Nəcəfov, Səddam Əliquliyev, İdris Nəsibzadə, Kamandar Qasımov, Elvin Hüseynli, Zabil Allahverdiyev və başqaları da görkəmli şairin ev muzeyini ziyarət etməkdən çox məmnun olduqlarını bildirdilər.
Vahid MƏHƏRRƏMOV, C.Naxçıvanski adına Hərbi Lisey