Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2018 13:05

“Vətənim Azərbaycan” müsabiqəsi başa çatdı

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkil etdiyi "Vətənim Azərbaycan" müsabiqəsinin yekununu ulu öndər Heydər Əliyevin bir kəlamının işığında izlədim. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". Müsabiqənin adı azərbaycançılığın təsdiqidir. Hər bir azərbaycanlı milli-mənəvi dəyərlərimizi yaşatma vasitəsi olan poeziyaya, musiqiyə böyük maraq göstərir. Hərbi qulluqçular da həmçinin...
1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə xalqın qəlbində azadlıq, istiqlal duyğularını gücləndirdi.
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib. Bu məqsədlə respublikamızda silsilə tədbirlər keçirilir.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində ötən həftə başlayan belə tədbirlərdən biri - "Vətənim Azərbaycan" adlı şeir və mahnı müsabiqəsi qala konserti ilə başa çatdı.
Dahi Çin mütəfəkkiri Konfutsi deyirdi ki, "Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin". Konsertdə ifa olunan "Azərbaycan", "Qarabağ", "Məhəbbətim", "Yaşa Azərbaycan" kimi mahnılar, vətənpərvərlik ruhunda yazılmış şeirlər toplaşanlara  könül xoşluğu yaşatdı.
Mərkəzi Zabitlər Evinin rəis müavini polkovnik-leytenant Eldar Sadıqov çıxışına Prezident, Ali Baş Komandan İlham Əliyevin "Bu il biz müstəqilliyimizin 100 illiyini qeyd edəcəyik. 100 il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır" sözləri ilə başlayaraq bildirdi ki, bugünkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.  “Cümhuriyyətimizin bütün demokratik ənənələrinə sadiqik, bu ənənələri yaşadırıq. Hərbi qulluqçularımızın bədii estetik duyğularının formalaşması, dünyagörüşlərinin zənginləşməsi, mənəvi-psixoloji hazırlığının yüksəlməsi fəaliyyətimizin əsas istiqamətini  təşkil edir”.   
Münsiflər heyətinin rəhbəri Mərkəzi Zabitlər Evinin mədəni-kütləvi iş bölməsinin müdiri Gülxar Məmmədovanın sözlərinə görə, bu müsabiqəyə gəlib səhnəyə çıxmaq cəsarət tələb edir. "Müsabiqə artıq yekunlaşıb. Seçim turuna qatılan 22 iştirakçıdan 10 nəfər yarımfinalda iştirak etdi və uğurlar qazandı. Biz gələcək həyatlarında da onlara nailiyyətlər arzu edirik".
Tədbirdə müxtəlif nominasiyalar üzrə 1-ci, 2-ci, 3-cü və 4-cü yerə layiq görülən hərbi qulluqçular və onların ailə üzvlərinin adları elan olundu. Mərkəzi Zabitlər Evinin rəhbərliyi onları fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırdı.
Müsabiqə başa çatdıqdan sonra qaliblərlə söhbətləşdim.   
Ramiz Duyğunun "Məni döyüşə burax" şeirindəki vətənpərvərlik hisslərini yaşayaraq zaldakılara nümayiş etdirən əsgər Ağalar Cavadov bədii qiraət nominasiyasında I yerə layiq görüldü. Müsabiqə qalibi olan əsgərin ən böyük arzusu isə xalqımıza qələbə xəbərini müjdələyənlər arasında olmaqdır. 
Xalq musiqi ifaçılığı nominasiyasına  görə I yerə layiq görülən əsgər İsmayıl Rzayev 5 ildir sazda ifa edir və oxuyur. Bu gənc istəyir ki, sevimli sazını doğma Kəlbəcərində də qələbə havasıyla dilləndirsin, həsrətdən yol çəkən başıqarlı dağlara əks-səda salsın.
Mahnı ifaçılığı nominasiyası üzrə I yerə layiq görülən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Tofiq Həmidovdur. Ordu sıralarında 5 ildir xidmət edən bu gənc Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirib və  məşhur xanəndə Alim Qasımovdan dərs alıb. "Məhəbbətim" xalq mahnısı ilə zaldakıları heyran qoyan Tofiq doğma rayonu Cəbrayılın azad olunmasında iştirak etmək arzusuyla yaşayır. 
Füzulinin Aşağı Veysəlli kəndində dünyaya göz açan və 15 yaşından taleyinə qaçqınlıq düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zahir Quliyevin ifa etdiyi "Qarabağ" mahnısı II yerə layiq görüldü. Zahir də bu mahnını gözü yolda qalan ocaqlarında, yurd-yuvalarında ifa edəcəyinə inandığını, o günün uzaqda olmadığını bildirdi...
Günay TAĞIYEVA, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR