Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2018 12:27

Əsgərlərin bayram arzuları

Novruz bayramı ərəfəsində ön xətdəki hərbi bölmələrə yollanırıq. Bayram öncəsi əsgərlərin ayıq-sayıq və ruh yüksəkliyi ilə Vətənin keşiyində durduqlarının şahidi oluruq. Həmsöhbət olduğumuz əsgərlər bayram təbriklərini də çatdırmağı unutmadılar.
“Ana, əsgər balandan salam var...”
Mən pulemyotçu əsgər Məhəmməd Mamedov. Hərbi xidmətə Balakən rayonundan çağırılmışam.  Vətənimizin əsgəriyəm. Ana, əsgər balandan salam var. Bayram ərəfəsidi, mənim yoxluğumdan qəhərləndiyini bilirəm. Lakin buna dəyməz. Çünki Vətənini sevən hər kəsin yeri buradır. Axı Qarabağımız işğaldadır. Bizim ən gözəl bayramımız tarixi torpaqlarımıza qayıtdığımız gün olacaq. Bax, o gün qəzet, radio və televiziya vasitəsilə, "Ana, Qarabağdan salam var" deyərək sənin və hər kəsin bayramını təbrik edəcəm. Anam, atam məndən nigaran qalmayın. Komandirlərimizin diqqət və qayğısı üzərimizdədi. Bayram sovqatına baxıb: “Kaş ki, Məhəmməd də burada olub dadaydı bu təamlardan”, - deyə düşünməyin. Çünki bizlərə göstərilən diqqət düşündüyümüzdən də yüksək səviyyədədir. Döyüş postunda olsaq da, hər cür bayram nemətindən dadırıq. Sonda sizin, əsgər yoldaşlarımın və komandirlərimin bayramını təbrik edirəm. Allahın izni ilə növbəti bayramlarımızı Qarabağda, Kəlbəcərdə, Laçında, Şuşada İsa bulağının ətrafında və digər torpaqlarımızda qeyd edək...
“Əvəzedilməz bayram”...
Mən atıcı əsgər Nihat Babayev. Qazax rayonundan hərbi xidmətə çağırılmışam. Vətənin keşiyindəyəm, Novruz bayramını ilk dəfə burada keçirməkdən də sevincliyəm.
Ailəmizin, dostlarımın, Azərbaycan əsgərlərinin və komandirlərimin bayramını təbrik edirəm. Valideynlərimə demək istəyirəm ki, yüksək əhval-ruhiyyədə olsunlar. Həyatımın hər bir anında sizin yanınızda olmuşam. İndi isə Novruz bayramını əsgər yoldaşlarımla keçirəcəm. İnanın ki, həyatımdakı  ən gözəl gün, əvəzedilməz bayramdı. Bütöv Azərbaycanda qalanan tonqalların, arxada olan kəndlərdə tüstüləyən bacaların səbəbkarı olan bizlərin sizdən tək arzumuz, tək diləyimiz var: bizdən nigaran olmayın, dualarınızı Azərbaycan əsgərindən əskik etməyin. Sizlərin duası, Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma torpaqlarımızı erməni vandallarından azad etməyə qadirik.
“Biz Azərbaycan əsgəriyik”
Mən atıcı əsgər Rəşid Fətəliyev. İsmayıllı rayonundan hərbi xidmətə çağırılmışam. Xidmətimi başa vurmağıma çox az qalıb.
Ordu sıralarında xidmət keçdiyim müddətdə təcrübəli əsgər kimi formalaşmışam. İstənilən silahdan istifadə etməyi, onların  taktiki-texniki xüsusiyyətlərini bilirəm. Əsgər yoldaşlarımla keçirəcəyim son bayram olsa da, hər zaman onlarla bir sırada düşmənlə vuruşmağa hazır olduğumu bilirlər. Qəzetimiz vasitəsilə torpaqlarımızın keşiyində duran bütün əsgərlərimizin bayramını təbrik edir, xidmətlərində məsuliyyətli, nizam-intizamlı olmağı arzu edirəm. Bizə güvənən, sığınan, hər gecə başını yastığa  rahat qoyan xalqımızın ümid yeriyik. Dözümlü, döyüşkən, cəsur və bacarıqlı olaraq xalqımızın bu ümidini doğrulda, torpaqlarımızı azad edə, düşməni tarixdə ən ağır məğlubiyyətə düçar edə bilərik. Axı biz Azərbaycan əsgəriyik...
“Vətənə keşik çəkirik”
Mən əsgər Ramiz Xubəliyev. Hərbi xidmətə Yardımlı rayonundan çağırılmışam. Novruz bizim ən qədim bayramımızdı. Bağçada, orta məktəbdə hər il bu bayramı yüksək təntənə ilə qeyd etmişik. Artıq Bahar bayramını hərbi hissədə qeyd etməyin sevincini yaşayıram.  Düzdür, biz tonqaldan tullanmırıq, qapı pusmağa getmirik, biz, Vətənə keşik çəkirik. Qardaş-bacılarımız, valideynlərimiz, yaxınlarımız bu bayramı rahat qeyd etsin deyə, biz buradayıq. Bu ərazidə yerləşən kəndlərimizdə, o həyətlərdə bayram tonqalları qalansın deyə düşmən qarşısındayıq. Və düşmənin hiyləgərliyinə yaxşı bələdik, bayram günləri təxribat törətməyə cəhd edəcəklər. Buna görə də ikiqat məsuliyyətlə xidmət edirik. Hər kəs arxayın bayramını qeyd edə bilər, imkan vermərik ki, düşmən nəsə edə bilsin. Mən də əsgər yoldaşlarıma qoşulub xalqımızın bayramını təbrik edirəm. Arzu edirəm ki, hamımız əl-ələ verib Şuşamızda qalanan tonqalların ətrafında yallı gedək.
“Tək bir arzumuz var”
Mən əsgər Fuad Xanbabayev. Hərbi xidmətə Astara rayonundan çağırılmışam. Atam həmişə deyirdi ki, bizim ən qədim bayramımız Novruzdu. Novruz bayramı təbiətin oyanışı, yeni ilin gəlişi deməkdi. Novruz bayramını elə yeni il kimi də qeyd edirik. Mən də öz növbəmdə xalqımızın, yaxınlarımın bayramını təbrik edirəm. Süfrələrimiz bol-bərəkətli, ruzili olsun. Hər kəsə xeyirli-düşərli il olsun. Fəxr edirəm ki, Azərbaycan əsgəriyəm və səngərdə xidmət edirəm. Bayramı burada qeyd etməyin yaşatdığı sevinc də bir başqadır. Bu gün sevincimiz daha da artdı. Çünki "Azərbaycan Ordusu" qəzetinin nümayəndələri görüşümüzə gəliblər. Qəzet vasitəsilə sevdiklərimizi, yaxınlarımızı və digər bölmələrdə xidmət edən silahdaşlarımızı təbrik etmək imkanı qazandıq. Hər əsgər kimi mənim də ürəyim bir arzu ilə döyünür: tez zamanda torpaqlarımızı işğaldan azad edib, Zəfər bayramını qeyd edək.
“Bayramı biz də qeyd edirik”
Mən əsgər Şahin Vəliyev. Hərbi xidmətə Abşeron rayonundan çağırılmışam. Xidmət etdiyimiz bu səngərlər müqəddəs yerlərdi. Burada Vətənin keşiyində dayanmaq, bayramları qeyd etmək ikiqat qürurvericidi.  Mən də əsgər yoldaşlarımın təbriklərinə qoşularaq xalqımızın Novruz bayramını təbrik edirəm. Arzu edirəm ki, hər kəsin ailəsində bayram ovqatı yaşansın. Xalqımıza səslənirəm ki, biz buradayıq, inamla dayanmışıq. Hər kəs bayramını ürək rahatlığı ilə qeyd edə bilər. Düşməni daim nəzarətdə saxlayırıq.
Ana, bütün analarımızın timsalında sənin əllərindən öpürəm. O əllərdən ki, indi bayram nemətləri bişirir. Nigaran qalma, bizim də bayram xonçamız, şəkərburamız, paxlavamız var. Sağ olsun komandanlıq, evdə bişirilən bütün nemətlərdən bizim üçün də hazırladıblar. Bayramı yüksək əhval-ruhiyyədə qeyd edirik.
Ceyhun CƏFƏRLİ, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",  fotolar C.CƏFƏROVUNDUR