Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 13:51

“İdmanla məşğul olmaqdan yorulmuruq”

Əsgərlərin gündəlik fəaliyyətində fiziki hazırlığın da rolunu mütləq qeyd etməliyik. Fiziki hazırlıq əsgərlərin həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığının möhkəmləndirilməsinə kömək edən əsas amillərdən biridir. Əsgərlər idmanla nə qədər çox məşğul olsalar, fiziki cəhətdən möhkəm, güclü olurlar. Yüksək fiziki hazırlıq onların döyüş qabiliyyətinə də müsbət təsir göstərir. İdmanla məşğul olan hərbi qulluqçu dözümlü, cəsur olur, həm də döyüş tapşırıqlarını daha çevik və dəqiq yerinə yetirir. Ordumuzun bütün bölmələrində yaradılan və müasir idman avadanlıqları ilə təchiz olunan trenajor otaqlarında, idman şəhərciklərində müxtəlif idman yarışları təşkil olunur.
"N" hərbi hissəsində günün nizam qaydasına uyğun olaraq döyüş hazırlığı, ictimai-siyasi hazırlıq, taktiki və atəş hazırlığı dərsləri ilə yanaşı fiziki hazırlıq məşğələsinin də yüksək səviyyədə təşkilinin şahidi oldum. İdman şəhərciyi  özünəməxsus rəngarəngliyi, səliqə-sahmanı ilə diqqətimi çəkdi. Əsgərlər gizir Elgün Mirzainin rəhbərliyi ilə idman şəhərciyinin qarşısında təyin olunmuş formada düzüldülər. İsinmə hərəkətləri icra olunduqdan sonra turnikdə, paralel qollarda və digər alətlərdə çalışmalar yerinə yetirildi. Göz oxşayan mənzərə məndə əminlik yaradır ki, şəxsi heyət yetərincə fiziki hazırlığa malikdir.
İlk həmsöhbətim gizir Elgün Mirzaidir. Əslən Ağcabədidən olan Elgün bildirir ki, gündəlik fəaliyyətimizdə fiziki hazırlığımızı da artırmağa səy göstəririk.
- Yaxşı bilirik ki, qarşımızda duran əsas vəzifə torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunun üçün də Ali Baş Komandanımızın döyüş əmrinə hər an hazırıq. Bacarıqlı döyüşçü olmaq üçün fiziki hazırlığımız da yüksək olmalıdır. Bunun üçün də idmanla mütəmadi məşğul olur, çevikliyimizi artırırıq ki, düşmənlə əlbəyaxa olanda onu  məhv edək. 
İdman hərəkətləri zamanı yüksək bacarıq nümayiş etdirən əsgərlərdən birini tanıyıram. Tural Alıyev hərbi xidmətə Daşkəsən rayonundan çağırılıb.
- İdmanla məşğul olmaq uğurlarımızı daha da artırır - deyir. - Silahlardan istifadə etməyi, döyüş taktikasını mükəmməl öyrənməklə yanaşı, fiziki vərdişlərimizi də artırmalıyıq ki, öyrəndiklərimizi döyüş meydanında cəld və vaxtında tətbiq edə bilək. Döyüş zamanı bir mövqedən digərinə ani bir zamanda sıçramaq, tez vaxtda özünə yeni mövqe tutmaq və digər fəaliyyətlər fiziki güc tələb edir. Bunun üçün də hər gün idmanla məşğul olmaqdan yorulmuruq.
Növbəti həmsöhbətim isə hərbi xidmətə Ağdam rayonundan çağırılan Toğrul Məmmədovdur. Hərbi hissədə nizam-intizamın, qarşılıqlı münasibətlərin güclü olduğunu bildirir. "Əsgər olmaqdan qürurlanıram. Hərbi hissədə bizə yüksək diqqət göstərilir, qayğılarımızla yaxından maraqlanırlar. Buna görə də hər bir komandir və zabitimizə təşəkkür edirəm. Daim çalışırıq ki, əmr və tapşırıqları vaxtında, düzgün yerinə yetirək. Bütün əsgər yoldaşlarımla idman saatlarında fərqlənməyə çalışırıq. Asudə vaxtlarımızda idmanla məşğul olanda günümüz də maraqlı keçir".
Vətən oğullarından xoş təəssüratla ayrılıram. Günü-gündən güclənən ordumuzun belə bacarıqlı, mərd əsgərlərini tanımaqla böyük qələbəyə inamım daha da artır...
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR