Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 13:46

İşıqlarımız yanacaq, Zəhra bala!..

Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin "N" hərbi hissəsində marafon xarakterli silsilə tədbirlərindən biri başa çatır. Əsgərlərimizlə görüşdən könül xoşluğu və əminliklə ayrılırıq. Bu əminliyi bizlərə Azərbaycan əsgəri bəxş etmişdi... Baxışlardakı ifadə deyirdi ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında aprel zəfərini qazanan Azərbaycan əsgəri Qələbə soraqlı, Qələbə ruhludu. Üçrəngli bayrağımız Ağdamda, Füzulidə, Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə dalğalanacaq, ruhumuza sığal çəkən mahnılar o torpaqlarda da səslənəcək.
Yolboyu dəyişən, bir-birini əvəz edən mənzərələr insanda könül oxşayan təəssüratlarla fərqli-fərqli hisslər oyadır. Müharibənin amansız qanunlarının təsirinə məruz qalan evləri görəndə ürəyim qan ağlayır, bir-birinə söykənən dağları, həyat əlaməti duyulan kəndləri görəndə toxtaqlıq tapıram.
Zabit Zöhrab İmamquliyevin təklifi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu sürücü Elşad Zayidov idarə etdiyi avtobusun sürətini azaldır, hər birimizin son mənzili olacaq bir məkanın - qəbiristanlığın qarşısında saxlayır. Düşmən atəşinə tuş gələn, hələ 2 yaşı tamam olmamış Zəhra balamızın, onu laylası ilə, nənnisi ilə əzizləyən nənəsinin məzarı bu qəbiristanlıqdadı.
Gözlərim məsum körpənin soyuq baş daşından mənə baxan gözlərinə sataşır. O məsum gözlər nələr demirdi? - Zəhranın qəlbinin duruluğunu, gözəlliyini gördüm orada... Yaşla dolan gözlərində sularda əks olunmuş kimi görünən ana həsrətini gördüm... Bir də yaşamaq həvəsini gördüm... O gözlər deyirdi ki, günahım nə idi?.. “Həsrət qalmışam ana məhəbbətinə... Niyə buradayam?.. Hanı anam? Anamı istəyirəm. Nənəm yanımdadı. Yaxşı ki, gəlinciklərim yanımdadı. Onlarla oynayıram. Axşamlar nənəmin nağıllarına qulaq asıram. Amma nənəm çox qəmgin görünür. Düşmən gülləsindən kor olmuş sol gözümü öpə-öpə ağlayır, gözünün yaşını tökür. Deyirəm, ay nənə niyə ağlayırsan? Biz ölmüşük? Deyir yox, ay bala, sən ölməmisən, şirin yuxudasan.”
Sahibə nənənin gözlərindəki nisgil deyirdi ki, Zəhra balama dediyim layla fələyin üzüdönüklüyündən bir anın içində nisgillə, ağıyla əvəzləndi. "Millətimizin qanına susayan düşmənimiz laylamı ağıya döndərdi. Bu körpənin günahı nə idi? Vicdan susanda həqiqətən də gözlər kor, qulaqlar kar olur. 18 aylıq körpənin canına qıyanların vicdanı olubmu? Zəhra ilə bağlı mənim o qədər arzularım var idi ki. Nəvəmin məktəbə qədəm qoyduğu günə qurban demişdim. O da yaşıdları kimi məktəbə, instituta gedəcəkdi. O da ailə quracaqdı, oğul-uşaq sahibi olacaqdı. Zəhranın saçlarına əlvan lentlər bağlayıb məktəbə yola sala bilmədik. Zəhraya sevib-sevilmək, gəlinlik paltarı geymək də nəsib olmadı... Arzum odur ki, bundan sonra heç bir ananın gözü yaşlı qalmasın, heç bir valideyn uşaqları ilə bağlı arzularını ürəklərində dəfn etməsin".
Sahibə ana, arzularınızın çin olmasına çox uzun zaman qalmayıb. Aprel zəfəri də, Cocuq Mərcanlıya qayıdış da, Lələtəpədə, Bayraqtəpədə Azərbaycanın müqəddəs üçrəngli bayrağının dalğalanması da sübutdu ki, Azərbaycan əsgəri xalqımızın arzusunun bayraqdarı olacaq. Azərbaycan əsgəri günahsız nənəni və nəvəni həyatdan aparan qəlpələri mərmilərlə əvəz edib düşmənin başına od ələyəcək. Haqq nazilər, ancaq üzülməz. Düşmən torpaqlarımıza yiyələnmək qəsdindəykən Azərbaycan əsgəri Zəhranı, sizin, torpaqların bütövlüyü uğrunda canını fəda etmiş bütün oğul və qızlarımızın qanını yerdə qoymayacaq. Söndürülmüş ocaqlarımızı çatacaq, işıqlarımızı yandıracaq, yurdumuza, itirdiklərimizə sahib çıxacaq. Ruhunuz onda şad olacaq.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu", foto C.CƏFƏROVUNDUR