Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 13:43

Hərbi geyimlər Vətənə sevgi ilə hazırlanır

Hərbi forma hər bir kəsdə izaholunmaz hisslər doğurur. Milyonların içində seçilir bu geyimi daşıyanlar. Vətənimizin keşiyində layiqincə duran oğulların məğrur görkəminə ayrı bir ahəng qatır. Qızğın döyüşlərdə, qışın şaxtasında, yayın istisində müqəddəs hərbçi mundiri onlara olan inamı, güvəni xatırladır. Üzü nurlu anaların, bacıların oğul, qardaş boyunu əzizləyərək tikdikləri hərbçi formaları qorxubilməz oğullarımıza "Aydın səmalarımız, dünyanın ən gözəl musiqisi sayılan körpə mışıltısı həzin nəğməyə  sizlərin sayəsində çevrilir. Biz sizə güvənirik", - pıçıldayır.
Bu formaları qədərsiz sevgiylə, istəklə hazırlayanlarla söhbətləşmək üçün Bakı Tikiş Evinə üz tutduq.
Fabrikin direktor müavini Eldar Haqverdiyev söhbətimizdə bildirdi ki, hazırda bu qurumun əsas vəzifəsi hərbi geyimlərin hazırlanmasıdır. "Kollektivimizdə təcrübəli, müasir texnologiyalarla işləməyi bacaran işçilər çalışır. Müəssisəmizdə bir neçə tikiş sexi, hazırlıq, sınaq, biçim, ütü və presləmə sahələri, laboratoriya, buxarxana və s. fəaliyyət göstərir. Bir sözlə, müstəqil dövlətimizin ordusu üçün hərbi formaların tikilməsi ilə məşğul oluruq".
Direktor müavini qeyd etdi ki, fabrikdə müasir tələblərə cavab verən modellərin istehsalı uğurla davam etdirilir. "Burada çalışanların hamısını - müəssisə rəhbərindən adi tikişçiyədək hər kəsi bir məsələ xüsusilə qayğılandırır. Soyuq səngərdə ayıq-sayıq dayanan Vətən keşikçilərinin rahat, isti, yüksək keyfiyyətli geyimlə təmin edilmələri. Fəxr edirik ki, hərbçilərimiz məhz bizim istehsalımız olan paltarları geyinirlər".
Kadrlar üzrə baş mütəxəssis Kəmalə Salmanova ilə sexlərə baş çəkirik. Kəmalə xanım deyir ki, xalqı həmişə mənəviyyatı birləşdirir. "Mənəviyyatla vətənpərvərlik bilavasitə bağlıdır. Vətənpərvərlik deyəndə, hər şeydən əvvəl, torpaqlarımızı qoruyan oğulları düşünürəm. Özünü Azərbaycan vətəndaşı adlandıran hər kəs həmişə və hər yerdə Azərbaycan naminə çalışmalı, onun hərtərəfli yüksəlişinə səy göstərməlidir."
Əsgər anaları
Tikişçi Zülfiyyə Seyidova 8 ildir ki, bu müəssisədə işləyir. 3 oğul anası olan bu xanımın iki övladı Vətən qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirib. İndi isə sonbeşiyi Elvin ön cəbhədə müddətli həqiqi hərbi xidmətdədir. Əsgər anasına görə,  hər üç oğlunun əsgəri xidmət müddətində komandanlıq tərəfindən ailələrinə ünvanlanan təşəkkür məktublarının onlara yaşatdığı qüruru həyatda heç nə ilə əvəz etmək olmaz. Zülfiyyə xanım üzünü oğlanlarının timsalında bütün əsgərlərə tutaraq deyir ki, Vətənə layiqli xidmət etsinlər. "Vətən, torpaq sevgisi sonsuzdur. Bu sonsuz sevgini insan əməlləriylə, gördüyü işlərlə sübut etməlidir".
Sarabəyim Əliyeva da əsgərlərimizə hərbi forma hazırlamaq kimi müqəddəs bir işlə məşğuldur. Oğlu Sahil Əlizadə on dörd ayın əsgəridir. Söhbətimizdən öyrənirəm ki, iki qardaşı Vətənimizin başı üzərini qara buludlar alanda doğma yurd-yuvalarının müdafiəsinə qalxıb. "Bu gün hazırladığım formalar mənə o günləri xatırladır. Hər əsgər forması hazırlayanda, oğlum Sahilin daim gülümsəyən çöhrəsi gözlərimin önündə canlanır. Bu da məni böyük həvəslə işləməyə ruhlandırır".
Həmsöhbətim Fənarə Cəfərova  da bildirir ki, oğlu Vüsal ön cəbhədə müddətli həqiqi hərbi xidmətdədir. Qərbi Azərbaycandan, doğma ocaqlarından qovularaq köçkün düşən, hər cür əziyyətə sinə gərən əsgər anası adını dünyanın bütün fəxri adlarından daha yüksək tutan Fənarə xanım deyir ki,  əsgərlikdə olan oğlumun boyunu oxşarcasına əzizləyərək hazırlayıram bu geyimləri. "Ordumuz bizlərin hazırladığı bu geyimlərlə çox yaxında Qələbə xəbərini xalqımıza müjdələyəcək. O gün uzaqda deyil". 
“Dövlətimizlə qürur duyuruq”
Fabrikdə bizimlə həmsöhbət olan sex rəisi Zöhrə Xurşudova artıq 50 ildir burada çalışır. Zöhrə xanım deyir ki, illər öncə Sovet ordusuna forma hazırlayırdıq. "Respublikamız müstəqillik qazandıqdan, ordumuz yaranandan sonra xüsusi bir sevgi ilə hazırlayırıq bu geyimləri. 70 ildən sonra Vətənimiz yeni müstəqillik qazandı. Bizi bir xalq olaraq yer üzündən silməyə çalışan mənfur düşmənlərimiz Xocalı faciəsi ilə gözümüzü qorxutmağa çalışsalar da bunu bacarmadılar. O günlərdə hər bir kəs əlindən gələni Vətən üçün əsirgəmirdi. Fasiləsiz işləyirdik, amma yorğunluğun nə olduğunu bilmirdik. Bu gün bütün dünyada bir çox uğurlara imza ataraq tanınan və ordusu inkişaf etmiş ölkələrin ordularıyla eyni sırada olan dövlətimizlə qürur duyuruq. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycanlı olmağımızla fəxr edirik".
“Biz bütün əsgərlərin bacısıyıq”
Sexlərdən birində asılan üçrəngli bayrağımız diqqətimi cəlb etdi. Diqqətimin bayrağa yönəldiyini görən Kəmalə xanım bildirdi ki, aprel döyüşlərində şəhid olan əsgər Cabbarxan  Hacıağayevin əkiz bacıları Fərqanə və Pərvanə bu sexdə çalışırlar. Onlarla görüşüb söhbətləşərkən öyrəndim ki, artıq 7 ildir bu müəssisədə işləyirlər. 3 saylı Peşə Məktəbini bitiriblər. Bacılar deyirlər ki, xalqımızın tarixinə ordumuzun aprel zəfərini yazan oğullardan birinin bacısı olmalarıyla qürur duyurlar. "Fəxr edirik ki, qardaşımız torpaq uğrunda şəhid olub. Cabbarxan bütün Azərbaycan xalqının övladına çevrildi. Bu gün biz də özümüzü bütün əsgərlərin bacısı, onları isə özümüzə qardaş bilirik", - bacılar belə deyir. 
- Hərbi forma qardaşıma çox yaraşırdı. Apreldə evə dönəcəkdi, - Pərvanə deyir. - Əsgəri xidmətinin başa çatmasına 1-2 gün qalmış zəng vuraraq "Ana, mənim üçün "üç bacı" dolması bişirərsən, bir də qonaqlığımda elə bir aş bişirərsən ki, qoxusu məhəlləyə yayılsın. Qoy desinlər ki, Cabbarxan üçün gör necə aş bişirilib."
Bayaqdan baxışlarını bayraqdan və qardaşının şəklindən ayırmayan Fərqanə asta səslə dedi:
- Burada çalışan hər bir kəs hərbi geyimləri Vətənə olan sevgi və istəklə hazırlayır. Hazırladığımız hərbi formaların düşmən işğalında olan torpaqlarımızı azad edib, bütün şəhidlərimizin qisasını alan  qalib ordumuzu, igid oğullarımızın boy-buxununu bəzəyəcəyinə inanırıq.
Cəbrayılı düşünərək
Şəfa Quliyevadan da tikiş maşınından bircə anlığa əl saxlayıb müsahibə verməsini xahiş edirəm. Öyrənirəm ki, 1980-ci ildən burada çalışır. Sınaq sexinin dərzi-laborantıdır. Bu gün də özünü Cəbrayıllı kimi tanıdan bu xanım bir çox yaxınlarının döyüşlərdə şəhid vermələrini qürur qarışıq bir hüznlə danışdı. "Oğlumun əynində əsgər formasını gördükdən sonra bu formanı sonsuz bir sevgiylə, istəklə  hazırlayıram", - deyən Şəfa xanımın əl işlərinə diqqət yetirəndə gördüm ki, doğurdan da hərbi formaları xüsusi nəvazişlə biçib-tikir.
Ürəyində torpaq itkisi, Vətən həsrəti daşıyan Maya Əsədova da Cəbrayıl rayonunda anadan olub. 5 ildir ki, burada işləyir. Əsgərlərimizə buşlat, yay və qış üçün səhra geyimi hazırlayır. Öz peşəsinin vurğunu olan bu xanım deyir ki, hər dəfə əllərim hazırladığım hərbi formanın üzərində gəzəndə II qrup Qarabağ əlili olan qardaşım Elşadı, o ağır günləri xatırlayıram. "Oğlum Elbəylə yaşıddır Cəbrayıl həsrətim. Qalib ordumuzun sıralarında olmaq oğullarımın da ən böyük arzusudur".
Gözlərinin dərinliyində aydın hiss olunan bir ümid vardı bu xanımların. O ümid deyir ki, ordumuzun dağ duruşlu, qartal baxışlı oğulları Cəbrayılı, Şuşanı, Kəlbəcəri, Zəngilanı, Xocalını və düşmən ayaqları altında od tutub yanan digər əzəli torpaqlarımızı çox yaxın vaxtda azad edəndə bizim hazırladığımız bu formalar da onlara ayrı bir güc, qüvvət verəcək!
Günay TAĞIYEVA,   "Azərbaycan Ordusu", fotolar Namiq PƏNAHOVUNDUR