Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 10:20

Gənclər dövlətçilik tariximizi öyrənirlər

Bu yaxınlarda Milli Azərbaycan Tarixi Muzeyində Bilik Fondunun dəstəyilə məktəblilərin və tələbələrin iştirakı ilə gənc nəslin maariflənməsi istiqamətində seminar keçirildi. Seminarda Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, "Azərbaycanda Dövlət Gənclər siyasəti" mövzularında mühazirələr dinlənildi. Eyni zamanda seminar iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, beynəlxalq münasibətləri, gənclərin cümhuriyyət  və dövlətçilik tariximiz mövzusunda, "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" və akademik Ramiz Mehdiyevin elmi redaktoru olduğu "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər) kitabları haqqında geniş məlumatlar verildi.
Seminarda muzeyin elmi işçilərindən tarix üzrə fəlsəfə doktorları Bəhman Kərimov, Fuad Ağayev, Əli Fərhadov çıxış etdilər. Bildirildi ki, Prezidentin 2018-ci ilin ölkədə "Azərbaycan Xalq Cümhuriyyət ili" elan edilməsi haqqında sərəncamı tarixi sənəddir. Müasir Azərbaycan Respublikası müsəlman şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisidir. Belə ki, sözügedən sərəncamın tarixi vərəsəlik prinsipinin qorunub saxlanılması, onun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığı aydın görünür. Beləliklə, Prezidentin bu qərarı müvafiq dövlət strukturları qarşısında bir sıra vəzifələr qoymaqla yanaşı, həm də bütün Azərbaycan ictimaiyyətinin, xüsusilə, ölkə gənclərinin diqqətini tariximizin bu şanlı hadisəsinə, onun mahiyyətinə yönəldib.
Diqqətə çatdırıldı ki, son illər cümhuriyyət dövrünün  araşdırılması məqsədilə əhəmiyyətli işlər görülsə də, həyata keçiriləcək işlər hələ çoxdur. Bu baxımdan, oxuculara təqdim olunan akademik Ramiz Mehdiyevin ideya  müəllifi olduğu "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)" kitabı həmin zəngin irsin öyrənilməsinə və araşdırılmasına sanballı və dəyərli töhfədir. Kitab həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edir.
Eyni zamanda, Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı baxımından da bu kitabın xüsusi əhəmiyyəti və Azərbaycan tədqiqatçılarının ilkin mənbələrlə birbaşa təmasını asanlaşdırdığı da vurğulandı.
Seminar maraqlı diskussiya şəraitində başa çatdı.
Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"