Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 10:18

Döyüş ruhumuz yüksəkdir

Güclü ordu üçün əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji hazırlığıdır. Döyüş ruhu, vətənpərvərlik ruhu güclü olan əsgərlə ən müasir texnika ilə təchiz olunmuş düşmənə də asanlıqla qalib gəlmək olar. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Ordusunda şəxsi heyətin döyüş ruhu yüksək səviyyədədir. İstənilən an torpaqlarımızı işğaldan azad etməyə hazırdır.
- Farağat! Cənab leytenant, əsgər qrupu ictimai-siyasi hazırlıq dərsinə hazırdır. Qrup rəhbərinin köməkçisi əsgər Hilal Nəsirov.
Bu sözləri ön xətt bölmələrimizin birində şəxsi heyətlə keçirilən ictimai-siyasi hazırlıq məşğələsi başlananda eşitdim. Qrup rəhbəri şəxsi heyətə "26 fevral - Xocalı soyqırımı" mövzusunda geniş məlumat verdi.
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına həkk olunub. Lakin həmin faciə o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi. Erməni şovinistlərinin məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə azərbaycanlılara qarşı soyqırımı aktını törətmişdi. Tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 haubitsası və digər müasir hərbi texnika ilə silahsız, dinc sakinləri güllə yağmuruna tutdular. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Bu gün artıq Xocalı soyqırımının 26-cı ildönümüdü. Hər il olduğu kimi orada şəhid olanların xatirəsi sevgi və ehtiramla yad edilir. Biz inanırıq ki, xalqımızın, ana-bacılarımızın qisası yerdə qalmayacaq".
Dərs bitdikdən sonra əsgərlərimizin fikirlərini öyrənmək üçün onlara yaxınlaşıram. İlk həmsöhbətim Bakı şəhərindən ordu sıralarına çağırılan əsgər Seyran Əliyev hər an torpaqlarımızın müdafiəsinə qalxmağa hazır olduğunu bildirdi. "Biz bura Vətənə olan borcumuzu ödəməyə gəlmişik. Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycan Ordusunun əsgəri olaraq döyüş, fiziki və mənəvi-psixoloji hazırlığımızı daha da artıraraq yağı düşməndən qisasımızı almalıyıq. Ali Baş Komandanımız İlham Əliyevin döyüş əmrin səbirsizliklə gözləyirik".
Digər həmsöhbətim - əsgər İlham Məmmədzadə də ordu sıralarına Bakı şəhərindən qatılıb. Söhbət əsnasında Qanlı 20 Yanvar faciəsində dayısı İlham Məmmədovun şəhid olduğunu öyrənirəm. "İctimai-siyasi hazırlıq məşğələsində keçmişimizi, tariximizi öyrənirik. Xocalı faciəsi haqqında düşünəndə adam dəhşətə gəlir. Necə bir insan olmalısan ki, gecə yarısı təpədən-dırnağadək silahlanaraq dinc əhalini gülləbaran edəsən. Körpə, yaşlı, qadın bilmədən qarşılarına çıxan hər kəsi öldürəsən. Əlbəttə, haqq öz yerin tapacaqdır. Xocalıda, Qarabağda axıdılan nahaq qan yerdə qalmayacaq".
Əsgərlərdən Natiq Sadıqlı, Hilal Nəsirov, Asim İbrahimxəlilov, Qabil İsayev və digərləri də erməni faşistlərindən qisas alacaqları, torpaqlarımızı işğaldan azad edənlərin sıralarında olacaqları günü səbirsizliklə gözlədiklərini bildirdilər.
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"