Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 10:17

“Ömür Vətən üçün yaşanılır”

Gizir Seymur Yusubov on ildir ki, Azərbaycan Ordusunda  xidmət edir. Müxtəlif hərbi hissələrdə olub. İki ilə yaxındır bu bölmədə xidmətini davam etdirir. Və istər kollektivin, istərsə də komandanlığın rəğbətini qazanıb. Onunla söhbətim məni də qürurlandırdı.
- Artıq neçə ildir ki, ordudasan. Tabeliyində olan şəxsi heyətə hansı vərdişləri aşılamısan?
- Əvvəlcə onu deyim ki, hərbi forma daşıdığım üçün hədsiz sevincliyəm. Tək mən yox, bütün silahdaşlarım Vətən keşiyində dayandıqları üçün fəxr edirlər. Mən həmişə tabeliyimdə olan əsgərlərdə vətənpərvərlik hisslərinin yüksək olması üçün çalışmışam. Hər hansı bir gəncdə Vətən sevgisi yüksəkdirsə, onun Vətənə sədaqətlə xidmət edəcəyi şübhə doğurmur. Hər dəfə əsgərlərlə söhbət aparanda onlara qarşımızda dayanan düşmənin xalqımızın başına açdığı müsibətlərdən, vəhşiliklərdən danışıram. Qoy hər kəs düşmənimizi yaxşı tanısın. Gənc döyüşçülərimiz "Vətənə məhəbbət, düşmənə nifrət" devizi  ilə xidmət edirlər. Komandir heyəti həmişə tabeliyində olan hər kəsi düzgün yola istiqamətləndirməyi bacarmalıdır. Axı xidmət keçən hər bir əsgər bizim övladımız kimidir.
- Seymur, gələcəkdə övladının hansı peşənin sahibi olmasını istərdin?
- Hər peşə şərəflidir. Əsas odur ki, Vətənin, xalqın üçün yararlı vətəndaş olasan. Mən özüm hərbçiyəm. Əlbəttə, istərdim  övladım da yolumu davam etdirsin. Axı ömrü Vətən üçün yaşamaq böyük şərəfdir. Mən əsgərlərimi vətənpərvər gördüyüm kimi, övladlarımı da bu ruhda tərbiyə edirəm. İnanıram ki, gələcəkdə oğlum da bu formanı əyninə geyib, Vətən torpaqlarının keşiyində dayananlar cərgəsində olacaq.
Müsahibimlə söhbətimi bitirdikdən sonra əlini sıxıb ona minnətdarlığımı bildirirəm. Onun da sözlərindən hiss etdim ki, bu gün tək bir arzusu var - xalqımızın Qarabağ həsrətinə son qoymaq. Əlbəttə, həmin gün uzaqda deyil. Qısa zaman kəsiyində Ali Baş Komandanımızın başçılığı altında işğalda olan torpaqlarımızı azad edib, Şuşada, Xankəndidə, Kəlbəcərdə, Laçında.... qələbə bayramımızı qeyd edəcəyik.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"