Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Mart 2018 10:14

Təlimdə uğur - döyüşdə zəfər

Yüksəklikdə, düşmənlə təmas xəttində yerləşən artilleriya bölməsindəyik. Artilleriya bölmələrinin Azərbaycan Ordusunda özünəməxsus rolu vardır. Azərbaycanın hərb tarixində topçularımız hər zaman yüksək döyüş hazırlığı ilə fərqlənib. Məhz qədim ənənələrimizin davamı olaraq hazırda ordumuzda gənc artilleriyaçılar düşmənin cavabını layiqincə verməkdədir.
İlk olaraq cavabdeh zabit  Oktay Nəcəfov ilə tanış oluruq. O, söhbətində bildirir ki, ordumuza olan diqqət hər zaman şəxsi heyət tərəfindən hiss edilib. "Ali Baş Komandanımız çıxışlarında ordumuza olan diqqət və qayğısını hər zaman vurğulayır. Azərbaycan əsgərinin mənəvi-psixoloji vəziyyəti və döyüş hazırlığı yüksək səviyyədədir. Dövlətimiz humanizm dəyərlərinə əsas verdiyi üçün  biz danışıqların nəticələrini gözləyirik. Danışıqlar bir nəticə verməyəcəyi təqdirdə ordumuz işğal altında olan torpaqlarımızı müharibə yolu ilə azad edəcək. Aprel döyüşlərində Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərməklə işğal altında olan ərazilərimizin bir hissəsini azad etdi. Bu döyüşlərdə artilleriya bölmələrimiz də fərqləndi. Düşmənimiz havadarlarına arxalana bilər, lakin bizim dövlətin arxalana biləcəyi güclü ordusu var. Müharibə hər an başlaya bilər. Bölməmizin zabitləri şəxsi heyətin yüksək bilik və bacarıqlara yiyələnməsi üçün çalışır. Müasir silahlarımız təlimlərdə ixtisaslaşmış hərbçilər tərəfindən  mükəmməl mənimsənilərək, döyüşlərdə dəqiqliklə istifadə edilir".
Artilleriya bölməsinin şəxsi heyəti ilə tanış olanda daha bir təcrübəli zabiti - İlham Qəribovu tanıyıram. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini 2008-ci ildə fərqlənmə diplomuyla bitirən zabit bölmənin gündəlik fəaliyyəti haqqında bizi məlumatlandırır. "Təlimlərdə fəal iştirak edirik. Burada qazanılan uğur, döyüşdəki zəfərin sirridir. Dərslərimiz Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına əsasən təşkil edilir. İxtisas, döyüş və atəş hazırlığı dərsləri keçirilir. Topçu ixtisası haqqında anlayışı olan hər bir kəs yaxşı bilir ki, bu silah yüksək bilikdən əlavə möhkəm fiziki hazırlıq tələb edir. Ona görə də, şəxsi heyətin fiziki hazırlığının da yüksəldilməsinə diqqət yetiririk.
Döyüşçü, ona təhkim olunmuş silah və texnika haqqında məlumatlı olmağa borcludur.  Hərbi əməliyyatda zəfər qazandıran amillərdən biri də döyüş ruhunun yüksək olmasıdır. Ali Baş Komandanımızın əmrini gözləyirik. Hər birimiz Qarabağımızı işğaldan azad etməyə hazırıq."
Sonra heyət nəfərləri ilə tanış oluruq. Hər bir heyətin yüksək hazırlıqlı hərbi qulluqçulardan təşkil olunduğu ilk baxışdan adamda xoş təəssürat oyadır. Komandirin tapşırıqlarına əsasən normativlər şəxsi heyət tərəfindən vaxtında və dəqiqliklə icra edilir. Topun "döyüş" və "səfər" vəziyyətinə gətirilməsi zamanı əsgərlər komandanı cəld, çevik və dəqiqliklə yerinə yetirirlər.
Növbəti həmsöhbətim çavuş Samir Kərimovdur. Kəlbəcər rayonundan olan bu gəncin dədə-baba ocağına sevgisi gözlərindən oxunur. "Kəlbəcər işğal olunanda kiçik yaşlarımda idim. O zaman çox şeyi dərindən dərk etməsəm də, illər keçdikcə anladım ki, canımdan can qoparılıb. Hazırda güclü ordumuz var. Şəxsi heyətin təminatı, şəraiti günü-gündən yaxşılaşır. Yuxarı komandanlığın tez-tez təmas xəttində yerləşən bölmələri ziyarət etməsi, hər birimizdə ruh yüksəkliyi yaradır. Vətənimizə, xalqımıza sədaqətlə xidmət edirik. Vətən torpağını qorumaq kimi müqəddəs bir yolun yolçusu olaraq Azərbaycan Ordusunda xidmət etməkdən fəxr duyuram.
Söhbətimə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sakit Fərmanovla davam edirəm. 1992-ci ildə Goranboy rayonunda anadan olub. Müsahibimin  atası Qarabağ döyüşlərində iştirak edib. Ağdam, Füzuli istiqamətlərində gedən döyüşlərin birində yaralanaraq ehtiyata buraxılıb. Vətənpərvər atanın övladı olan əsgərin də düşmənə nifrətini sözlə ifadə etmək mümkünsüzdür. "Düşmənə gücümüzü döyüş meydanında göstərəcəyimiz günü səbirsizliklə gözləyirik. Atam mənə kiçik yaşlarımdan Vətəni sevməyin, onu qorumağın vacibliyini başa salıb. Həmişə mənə izah edib ki, hərbçilər ən şərəfli peşənin sahibləridir. Düşmənə cavab verməyə, hər hansı bir təxribatın qarşısını almağa, ən başlıcası, yağıları torpaqlarımızdan qovub çıxarmağa hazırıq. İnşallah, Azərbaycan bayrağı tezliklə bütün torpaqlarımızda dalğalanacaq".
Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"