Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2018 11:46

Vətənpərvərlik radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitədir

Dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitələrdən biri vətənpərvərlik hissinin gücləndirilməsidir. Vətənpərvərlik hissləri yüksək olan şəxslər dini radikalizm və ekstremizmin təsirinə məruz qalmaz.
Bu fikirlər “N” hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Müdafiə Nazirliyi ilə birgə keçirdiyi tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub.
Hərbi hissənin zabiti Elşad Əbilov çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Gəncləri radikal dini cərəyanların təsiri altına düşməkdən və dini radikalizmdən qorumağın, eyni zamanda, vətənpərvər ruhda tərbiyə olunmalarının vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan Ordusunda şəxsi heyətin vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov filmin süjet xətti, Vətən uğrunda canlarından keçmiş şəhidlərimiz və radikal qruplaşmaların, qeyri-qanuni hərbi birləşmələrin tərkibində vuruşaraq öldürülən insanlar haqqında danışıb. Bildirib ki, "Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən isə radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.
“Şəhadət” filminə baxarkən Vətən uğrunda şəhid olmuş fədakar, igid, qəhrəman hərbi qulluqçularımız bizi qürurlandırır. Yad dini ideologiyaların təsirinə məruz qalmış, ailələrinə faciələr yaşatmış gəncləri gördükdə isə təəssüf hissi keçiririk. Filmdə hərbçilərimizin fədakarlıqları və qəhrəmanlıqları əsl vətənpərvərlik rəmzidir, gənclərimiz üçün bir nümunədir", - deyə S.Heydərov bildirib.
Komitə sədrinin müavini qeyd edib ki, radikalizmin və ekstremizmin təsirinə düşməyin başlıca səbəblərindən biri vətənpərvərlik hissinin zəif olmasıdır. Vətənpərvərlik hissi zəif olan insanlar cəmiyyətdə öz yerlərini tuta bilmirlər. Ona görə gənclər məlumatlandırılmalı, maarifləndirilməli, onlara vətənpərvərlik hissi aşılanmalıdır.
Səyavuş Heydərov çıxışında dünyada dini zəmində baş verən münaqişələrdən, Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açaraq, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün münaqişələr nəinki genişlənməkdə, daha da dərinləşməkdədir. Müxtəlif qüvvələr tərəfindən müsəlman dünyasının çökdürülməsi, tənəzzülə uğradılması, islam ölkələrində qarşıdurma yaradılması üçün iş aparılır.
Natiq 1990-cı illərin əvvəllərində Azərbaycanda da təhlükəli bir dövr yarandığını, lakin ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə daxili sabitliyin qorunub saxlanıldığını, cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndiyini, bütün sahələrdə sabit, ahəngdar inkişafa nail olunduğunu vurğulayıb. Bildirib ki, bu gün Azərbaycandakı dövlət-din münasibətləri modeli, multikulturalizm, tolerantlıq dünyaya bir nümunədir.
Müdafiə Nazirliyinin nümayəndəsi Emin Səfərov çıxışında hərbi hissələrdə bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bütün hərbi hissələrdə maarifləndirici tədbirlər davam etdiriləcək.
Hərbi hissəyə Komitə tərəfindən nəşr edilən kitablar hədiyyə olunub.