Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2018 10:28

“Düşmən məğlub olacaq”

Ön xətdə yerləşən bölmədəydik. Şəxsi heyət gündəlik döyüş növbətçiliyi aparmaqla yanaşı, gün ərzində taqım komandirlərinin nəzarəti altında idmanla da məşğul olur. Hava soyuq və şaxtalı keçsə də, əsgərlər idman alətlərində məşq edir, normativləri  yerinə yetirirdilər.
Taqım komandiri leytenant Elxan Əzizov Tərtər rayonundandır. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra xidmətə bu hərbi hissəyə təyin olunub. Gənc zabitin sözlərinə görə, şəxsi heyətin fiziki vərdişlərinin artırılması da ordunun döyüş qabiliyyətini yüksəldir. "Gənclər sağlam, gümrah olmaq üçün idmanla məşğul olduqları kimi, əsgərlərimiz də gündəlik məşq edir, gün ərzində idmanla məşğul olurlar. İdman saatlarının səmərəli və keyfiyyətli keçməsi üçün bütün vasitələrdən istifadə edirik."
Turnikdən təzəcə düşüb yorğunluğunu çıxarmaq istəyən əsgərlərdən biriylə həmsöhbət oldum. Əsgər Murad Babayev Sabunçu rayonundandır. Mülki həyatında da bir sıra döyüş növləri ilə məşğul olub. "Uşaqlıqdan idmana həvəsim olub. Bir çox yerlərdə məşq etmişəm. İdman vərdişlərim burada daha çox təkmilləşir. Həm fərdi, həm də bölmə şəklində idman tədbirlərimizin keçirilməsi düşmənlə müqayisədə tam üstünlüyümüzü təmin edir.
Şəki rayonundan xidmətə çağırılan Elman Əsgərov ön xətdə xidmət etməkdən qürur duyduğunu vurğuladı, xidməti dövründə döyüş bacarığı ilə yanaşı, fiziki hazırlığının da təkmilləşdiyini dedi.
- Gənc əsgər hazırlığı dövründə komandirlərimiz bizə vacib olan bütün vərdişləri öyrətdilər. Silahla davranmağı, onu söküb-yığmağı, atəş hazırlığını və s. Günün nizam qaydalarına uyğun olaraq idman saatlarında fiziki hazırlığımızı da artırırdıq. Əlbəyaxa döyüş dərslərimiz yüksək səviyyədə keçirilirdi. Bu gün ön xətdə xidmət edirik. Elə məqam ola bilər ki, düşmənlə üzbəüz gələrik. Gərək, fiziki cəhətdən də üstün olaq ki, onu məğlub edək.
Gənc əsgər onu da bildirdi ki, Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. "Atam və əmim Qarabağ döyüşlərində vuruşub. Bu gün növbə mənimdir. Düşmənin xalqımızın başına açdığı müsibətlərin qisasını alacağımız günü səbirsizliklə gözləyirik. Hamımız Vətənin müdafiəsində durmuşuq və hər an "İrəli" komandası ilə döyüşə atılıb son nəfəsədək vuruşmağa hazırıq."
Məmmədrza Məmmədov, Məhəmməd Xalayev, Telman Yusubov və başqa əsgərlər də istər döyüş, istərsə də fiziki hazırlıq cəhətdən düşməndən qat-qat üstün, gələcək döyüşlərdə düşməni məğlub etməyə hazır olduqlarını bildirdilər.
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"