Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2018 10:22

Azərbaycan Ordusunun şəxsi heyəti ilə ictimai-siyasi hazırlıq sistemində keçirilən dərs

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)
Mövzu: 31 Mart - Azərbaycanlıların soyqırımı günüdür.
İctimai-siyasi hazırlıq qrupunun rəhbəri bu dərsə hazırlaşarkən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında əldə olan tarixi materiallardan, həmin hadisələrin şahidi olanların xatirələrindən istifadə etməli, eləcə də əvvəlki dərslərdə ermənilərin separatçı siyasəti haqqında öyrənilənləri dinləyicilərə bir daha xatırlatmalı və mövzunu bölmənin gündəlik həyatı ilə əlaqələndirməlidir.
Suallar:
1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.
2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.
3. Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoyacaqdır.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında"  26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti
Azərbaycanlıların soyqırımı erməni faşizminin xalqımızın taleyinə həkk etdiyi qanlı salnamə, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibrət dərsidir.
Türklərə və azərbaycanlılara qarşı ermənilərin mütəşəkkil şəkildə misli görünməmiş düşmənçilik siyasəti aparmasının və bunu bir millətin digər millət tərəfindən fiziki cəhətdən məhv edilməsi məqsədini daşıyan milli ideologiyaya və böyük fəaliyyət proqramına çevirməsinin dünya tarixində analoqu yoxdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı da uzun müddət tarixin açılmamış səhifələrindən biri olmuşdur.
Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərman imzaladı. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixə yazıldı.
Bu mühüm sənəddə Azərbaycan XIX əsrdə zorakılıqla parçalandıqdan sonra azərbaycanlılara qarşı törədilmiş, bəşər tarixində görünməyən vəhşiliklərlə həyata keçirilmiş kütləvi qırğınların - soyqırımların tariximizdə ilk dəfə olaraq rəsmən adı çəkilir, xüsusilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə erməni millətçi, şovinist dairələri və onları dəstəkləyən böyük dövlətlərin mürtəce qüvvələri tərəfindən bütün Cənubi Qafqaz miqyasında azərbaycanlı əhaliyə qarşı aparılmış düşmənçilik siyasətinin kökləri açılır. "Böyük Ermənistan" xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakini olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, xalqların tarixi və mədəniyyət abidələrinin dağıdılmasında, toponimlərin dəyişdirilməsində görən antiazərbaycan qüvvələrinin mənfur fəaliyyətinə siyasi qiymət verilir.
Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının həmin milli faciəsinin davamı kimi onun torpaqlarının zəbt olunmasına başlanıldı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, 10 minlərlə erməninin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Əhalinin fiziki cəhətdən məhv edilməsi isə Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. XX əsrin əvvəllərində "Daşnaksütyun" və "Hnçak" kimi erməni millətçi partiyalarının fəaliyyətindən və fanatik kütlələri qatı millətçi ideyalar ətrafında birləşdirməsindən sonra bu proses daha da sürətləndi.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Erməni terrorçu-quldur dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan edilmiş, İrəvan və Gəncə quberniyalarında 200-dən artıq yaşayış məntəqəsi viran edilmişdi. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdı.
Birinci Dünya müharibəsi zamanı (1914-1918) zəifləyən Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz ideyalarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martından etibarən "əksinqilabçı ünsürlərlə mübarizə" adı altında Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanıldı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurur, insanları diri-diri yandırır, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdırdılar.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı yurd-yuvalarından didərgin salmışlar.
Yalnız Bakıda 18 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə-yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 750-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 22 azərbaycanlı kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi.
İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi. Erməni cəza dəstələrinin törətdiyi vəhşiliklər və daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1920-ci ildə 70 min nəfərə enmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd olunmuşdur. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinə, XIX əsrdə və XX əsrin əvvəllərində torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi səbəbindən Sovet hakimiyyəti dövründə də azərbaycanlılar dəfələrlə antihumanist siyasətlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş millətçi siyasətin əyani təzahürüdür. Həmin siyasətin davamı olaraq, 1948-1953 və 1988-1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdi.
1988-ci ildə yenidən baş qaldıran erməni separatizmi, ermənilərin Dağlıq Qarabağda apardığı işğalçı müharibə və etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlı soyqırımı qurbanlarının sayı daha da artmışdır. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox azərbaycanlı həlak olmuş, 20 mindən çoxu yaralanmış, 4 mindən çox azərbaycanlı əsir və itkin düşmüş, girov götürülmüş, 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi dağıdılmış, azərbaycanlıların yaşadığı 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Bütün bunların nəticəsində təkcə XX əsrdə 2 milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri qanlı terror və soyqırımı siyasətinin təsirinə məruz qalmışdır.
Ordumuz Ermənistanın separatçı-işğalçılıq siyasətinə son qoyacaqdır
Azərbaycan xalqına qarşı çoxəsrlik tarixə malik düşmənçiliklərindən əl çəkməyən ermənilər yaranmış tarixi şəraitdən sui-istifadə edərək, xalqımızın başına min bir müsibətlər gətirmiş, torpaqlarımızın 20 faizdən  çoxunu işğal etmişlər. Bu gün tək Azərbaycan üçün deyil, həm də regionumuz üçün təhlükə mənbəyinə çevrilmiş Ermənistan öz işğalçılıq siyasətinə haqq qazandıraraq, zəbt etdiyi Azərbaycan torpaqları üçün separatçı-şovinist status əldə etmək istəyir, hələ bu azmış kimi Naxçıvan məsələsini də ortaya atır. Digər tərəfdən isə özlərinin "əzabkeş xalq" olduqlarını dünyaya car çəkir, "genosid qurbanı" olduqlarını təsdiq elətdirmək üçün dəridən-qabıqdan çıxır, dünya ictimaiyyətini aldadaraq, tarixi saxtalaşdırırlar. Lakin ermənilər Azərbaycan ordusunun gücünə yaxşı bələddirlər və onlar çox gözəl bilirlər ki, bu ordu daha əvvəlki ordu deyil. Bu, 1994-cü ilin uğurlu, qələbə soraqlı döyüş günlərini yaşamış, döyüşdən-döyüşə möhkəmlənmiş, bərkimiş, qüdrətli və nizamlı bir ordudur.
Azərbaycan əsgəri yaxşı bilir ki, ermənilərin apardığı ikiüzlü və riyakar siyasət heç bir nəticə verməyəcək, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı olduğu illərdə formalaşan və inkişaf edən Azərbaycan ordusu bu gün düşmənin layiqli cavabını verərək, işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir.
Ümummilli lider Heydər Əliyevin siyasi  kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə əlaqədar dövlətimizin siyasətini belə bəyan etmişdir: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".
Aprel döyüşləri Azərbaycan Ordusunun təxribat törədən, dinc sakinləri hədəfə alan azğın düşmən üzərində şanlı qələbəsi kimi tarixə düşdü. Həmin döyüşlər Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, hamının daim döyüşə hazır olduğunu göstərdi. Xalqımız, xüsusən də gənclər həmin günlərdə yürüş keçirərək ordu ilə xalqın birliyini nümayiş etdirdilər, torpaqlarımızın işğaldan azad olunmasına hər an hazır olduqlarını göstərdilər. Ermənistanın hərbi-siyasi rejimi anladı ki, indiki Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Aprel döyüşlərindəki qələbələr Azərbaycan Ordusunun düşmən üzərində böyük zəfərinin başlanğıcı oldu və əminik ki, ordumuz bizi belə qələbələrlə hələ çox sevindirəcək, ərazi bütövlüyümüz gec-tez bərpa olunacaq!
Aprel döyüşləri bir daha onu göstərdi ki, Azərbaycan Ordusu istənilən zaman öz torpaqlarını  işğaldan azad etməyə qadirdir və Azərbaycan əsgəri Vətəninin ərazi bütövlüyünü bərpa etməyə hər an hazırdır.
Torpaqlarının 20 faizdən  çoxunu itirmiş, soydaşlarının bir milyondan artığı qaçqın düşmüş, minlərlə şəhid vermiş  Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hər bir hərbi qulluqçu öz döyüş və mənəvi-psixoloji hazırlığını daim artırır, hərbi intizamın möhkəmləndirilməsinə çalışır, Vətən sevgisini hər şeydən üstün tutur, yurdumuzu düşmən təcavüzündən azad etmək üçün daim döyüşə atılmağa hazırdır.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi