Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2018 10:19

Sağlamlıq da diqqət mərkəzindədir

"Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir". Bu sözləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həkimlərə ünvanladığı məktubda deyib. Bu gün, digər sahələr kimi, milli səhiyyə sistemimiz də sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Həkim olmaq böyük məsuliyyətdir. Çünki bu peşənin daşıyıcılarına sağlamlığımızı etibar edirik.
Gizir Anar Yusifov 16 ildir ki, ordu sıralarında xidmət edir. Anar bildirdi ki, həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə, bir qayda olaraq, müsbət təsir göstərir. “Xəstələrə fərdi yanaşmaq, onlara qayğı göstərmək həkimlərin müqəddəs borcudur. Həkim hərtərəfli hazırlıqlı, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır.”
Söhbət əsnasında aprel döyüşlərində iştirak etdiyini öyrəndim.
- Aprel döyüşlərində Azərbaycan Ordusu gücünü, qüdrətini, peşəkarlığını bir daha sübut etdi, - deyə gizir bildirdi. - Yüksək peşəkarlıq, ciddi nizam-intizam, yetərli maddi-texniki təminat, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit-əsgər münasibəti, ordumuzun nüfuzunu daha da artırır. Aprelin ilk günləri idi. Təxribat törətmək istəyən düşmən bizim mövqelərimizə hücum etdi. Azərbaycan Ordusunun gücü ilə düşmən həmləsinin qarşısı alındı. Biz həkimlərin üzərinə düşən vəzifə döyüş meydanında yaralanan silahdaşlarımıza ilkin tibbi yardım göstərmək idi. Azərbaycan Ordusu bu döyüşdə tarixi qələbə qazandı.
Həkimlər insanların sağlamlığının, hərbçilər Vətənin keşiyində dayanırlar. İki müqəddəs peşənin daşıyıcısı olmağımla fəxr edirəm. Həkimlik böyük məsuliyyət tələb edir. Hərbi hissəmizin tibb məntəqəsi bütün standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunub. Öhdəmizə zabit, gizir və əsgərlərimizin sağlamlığının keşiyində dayanmaq kimi şərəfli vəzifə düşür. Daim bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırıq.
Tibb məntəqəsinə müraciət edən hərbi qulluqçulara hərtərəfli qayğı göstərilir. Gizirin sözlərinə görə, onlardan müxtəlif analizlər götürülür və nəticələrə uyğun düzgün müalicələr təyin olunur. “Bir sözlə, müalicənin gedişinə nəzarət edilir. Xəstələrimiz az vaxt ərzində sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıdırlar. Vətənimizin müdafiəsində dayanan oğullarımıza tibbi qulluq etməkdən qürur duyuruq".
Söhbətimizi qəbul otağına daxil olan əsgər Elsəvər Vəliyev davam etdirdi:
- Ordu sıralarına Bakı şəhərindən çağırılmışam. Mən və əsgər yoldaşlarım həkimlərimizin diqqət və qayğısından razıyıq. Tibb məntəqəsinə müraciət etdikdə bizə mehribanlıq, qayğıkeşlik göstərirlər.  Bu qayğının qarşılığında üzərimizə düşən vəzifə borcumuzu məsuliyyətlə yerinə yetiririk.
Daha bir hərbi tibb məntəqəsində gördüklərimdən əmin oldum ki, Vətənimizə xidmət edən oğulların sağlamlığı etibarlı əllərdədir.
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"