Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2018 10:17

“Əsgərlərimizin döyüş ruhu yüksəkdir”

Cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində ötən ilin yekunlarına görə fərqlənənlər sırasında artilleriyaçıların da adı çəkilir. Zabit Zinhar Bayramovun sözlərinə görə, döyüş hazırlığını artırmaq üçün müntəzəm keçirilən təlim və məşğələlər şəxsi heyətə mübarizə əzmi və qələbəyə  inam aşılayır.
Minaatan bölməsinin kollektivi də ötən ili uğurlu göstəricilərlə yola salıb. Bu şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq sahəsində qazandığı uğurlarda kapitan Bəhruz Mehdiyevin də rolu böyükdür. Erkən yaşlarından hərbçi olmaq qərarına gəlmiş zabitlə ətraflı tanışlıqdan öyrəndim ki, 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub. Söhbətimizə bu döyüşlərlə başladıq:
- Bu gün də qürurluyam ki, Azərbaycan Ordusunun aprel zəfərində az da olsa xidmətim olub, - deyən zabit döyüşlərin hərbi qulluqçuların ruh yüksəkliyinin təsdiqi olduğunu bildirir. - Bu qələbə ordunun gücünü göstərməklə yanaşı, aparılan təlimlərin gerçək nəticələrini də ortaya qoydu. Yəni, təlim şəxsi heyətin döyüş bacarığının sınağa çəkildiyi mühüm mərhələdir və burada zəhmət çəkən hər kəs uğur əldə etməyə qadirdir. Digər bir məsələni də qeyd edim ki, təlimlərdə komandir-əsgər münasibətləri öz təsdiqini tapır. Komandir tabeliyində olanlara güvənir, əsgərlər isə komandirin inam və etibarını doğrultmağa çalışır. Məlumdur ki, aprel döyüşlərində bu gerçəklik də sübuta yetirildi. Bu mənada aprel zəfəri gələcək uğurlarımızın təməlidir. Xalq və ordu birliyinin əhəmiyyəti də özünü göstərdi. Həmin günlərdə cəmiyyətin, xalqın bütün təbəqələrinin, tək ölkəmizdə deyil, dünyanın müxtəlif guşələrində yaşayan, ayrı-ayrı zümrələrdən olan insanların orduya dəstək nümayiş etdirməsi əyani şəkildə sübut etdi ki, xalqın inamı əsgər və zabitlərimizə böyük ruh aşıladı. Əsgərlərimizin döyüş ruhu günbəgün artır və hər kəs qələbəmizə öz töhfəsini verir.
Bacarıqlı zabitə görə, Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzmindədir və aprel zəfərini təkrarlamağa qadirdir. "Hər kəs inansın ki, bu gün, bu saat döyüş əmri verilərsə, biz son nəfəsədək düşmənlə mübarizə aparacaq və bu mübarizədən qalib dönəcəyik. Xocalı soyqırımı ərəfəsində şəxsi heyətimizlə söhbətlər aparanda hər əsgərimin gözlərində qisas qığılcımını hiss etdim. Bu qığılcım bəs edər ki, düşmənə öz sözümüzü deyək. Bütün dünya da bilir ki, erməni faşistləri millətimizə qarşı belə ağır cinayət törədib. Düşmən mütləq cavabını alacaqdır. Məşğələdən qayıdan əsgərlərlə özünüz söhbət edin, görün onlar nə düşünürlər?"
Sinif otağında bir qrup əsgərlə söhbətimə davam edirəm. Bakının Sabunçu rayonundan olan əsgər Qurban Qurbanov fikirlərini bölüşür:
- Hərbi xidmətimi başa vurmağa az vaxt qalıb, amma döyüşlər başlayan kimi yenidən orduya qayıdacam və komandirimlə çiyin-çiyinə düşmənə gücümüzü sübut edəcəyik. Yeri gəlmişkən deyim ki, hərbi xidmət həyatımda bir məktəb oldu, həm  qalib döyüşçü olmağın, həm də gələcək müstəqil həyatda yaşamağın sirlərini öyrəndim.
Hərbi xidmətə Ağcabədi rayonundan çağırılan Əli Paşayev də orduda keçirdiyi günlərin dəyərindən, təlim və məşğələlərdə peşəkarlıq qazanmasından danışır:
- Əsgər yoldaşım doğru deyir, hərbi xidmət hər birimiz üçün əhəmiyyətli bir dövrdür. Bu dövrdə döyüşçüyə xas olan vacib vərdişləri mənimsəyirik, həmçinin bir çox mənəvi keyfiyyətlərə alışırıq.
Əsgər Rasim Rzayevə görə, hər bir təlim onları qələbəyə ruhlandırır. "Təlim başlayanda çox sevinirik, çünki bildiklərimiz, öyrəndiklərimiz sınaqdan çıxır. Bizə təhkim olunan döyüş silahının sirlərini dərindən mənimsəyirik, axı qarşıda bizi daha əhəmiyyətli bir sınaq - torpaqlarımızın işğaldan azad ediləcəyi gün gözləyir. Mən o günün həsrətindəyəm, axı kim qələbə ilinin əsgəri olmaq istəməz?!”
Gənc əsgərlər adından isə Azad Zəkareyev söz alır. Orduya Qobustan rayonundan çağırılan əsgər hesab edir ki, hərbi xidmətdə qazandıqları vərdişlər onlara çox şey verir. "Burada bizdən doğru danışmaq, intizamlı olmaq, sirri qoruyub saxlamaq, dözümlülük, cəsarət tələb olunur ki, bu xüsusiyyətlərə alışmaqla sabahın saf əqidəli vətəndaşı kimi formalaşırıq".
- Azad, hərbi həyata başladığın gündən bəri hansı əlamətdar hadisələr yaddaşına həkk olunub?
- Öncə Vətənimə, xalqıma sədaqətlə xidmət edəcəyimə söz verdiyim andiçmə mərasimini qeyd edərdim. O gün özünəxas təntənəsi ilə yaddaşımdan silinməyəcək. Komandirlərim, valideynlərim qarşısında mən də Vətənimizə şərəflə, məsuliyyətlə xidmət edəcəyimə and içdim. Andımı doğrultmaq üçün hərbi sirlərə, döyüş vərdişlərinə həvəslə alışıram. Düşmənlə savaşa atılmağa hər an hazıram.
- Mən də Azadın sözünə qüvvət olaraq demək istəyirəm ki, hərbi xidmətə başlayanda kişi sözü vermişik, yəni, and içmişik ki, Vətənimizi müdafiə edəcəyik. Bu sözləri Nicat Qədirov deyir.
Əsgərlərin hamısının bir məqsəd-məramı var: tezliklə torpaqlarımızı yağı düşmənin işğalından azad etmək!
Arif PƏNAHOV, "Azərbaycan Ordusu", foto Namiq PƏNAHOVUNDUR