Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2018 10:21

Hərbi hissədə qələbə ovqatı var...

Çoxəsrlik dövlətçilik və ordu quruculuğu ənənələrinə malik  Azərbaycan  xalqı bunu bu gün də davam etdirərək dövlətçiliyini möhkəmlədir, ordu quruculuğunu inkişaf etdirir. Müstəqilliyin ilk illərində böyük sarsıntılarla, xarici qüvvələrin təzyiqi və erməni təcavüzü ilə üzləşən dövlətimiz müəyyən mərhələlərlə ordusunu yaratdı, ordunun formalaşması yolunda mühüm addımlar atdı. Yaranmasının 26-cı ildönümünü qeyd edən "N" hərbi hissəsinin fəaliyyəti məhz buna bariz nümunədir. 
Hərbi hissə yarandığı ilk gündən qarşısında qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmiş, döyüş və ictimai-siyasi hazırlıqda, hərbi intizamın möhkəmləndirilməsində uğurlar qazanmışdır. Onun şanlı döyüş yolu təlatümlü olsa da, haqqında fəxrlə danışa biləcəyimiz tarixçəsi var. Yaradıldıqdan az  sonra cəbhəyə göndərilən hərbi hissə Füzuli rayonunun müdafiəsində ordumuzun əsas zərbə qüvvəsi kimi fəaliyyət göstərmişdir. Qırmızı Bazar, Məlikcan,  Şişqaya, Uryandağ, Qızılqaya, Qacar və s. döyüşlərində əlindən gələni etmişdir. Şəhidlərinin, qazilərinin, qəhrəmanlarının şücaəti ilə Azərbaycan hərbçisinin işğalla barışmayacağını təsdiqləmiş, hər dəfə toparlanaraq yenidən cəbhəyə atılmış, düşməni sarsıtmışdır.
Xalqın təkidli tələbiylə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi, az vaxtda xalqı birləşdirməsi, dövləti səfərbər etməsi, ordu quruculuğunu yeni istiqamətə yönəltməsi bu hərbi hissənin də xidmət yolunda yeni səhifələr açmışdır. Böyük ruh yüksəkliyi ilə torpaqlarımızın azad edilməsi kimi müqəddəs işə qoşulan hərbi hissə yeni döyüş uğurları əldə edərək az vaxtda Füzuli rayonunun Yuxarı Kürdmahmudlu, Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Şükürbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və s. yaşayış məntəqələrini düşməndən azad etmişdir. Hərbi hissə 2016-cı ilin aprel döyüşlərində də düşmən təxribatının qarşısının alınmasında yaxından iştirak etmiş, mühüm əhəmiyyətli yüksəkliklərin ermənilərdən təmizlənməsində qətiyyətlə döyüşmüşdür. Döyüş əməliyyatları zamanı hərbi hissənin bir sıra hərbi qulluqçusu fəxri adla, orden və medalla  təltif olunmuşdur.
Ordu quruculuğunun Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən prioritet elan olunması və bunun məntiqi davamı kimi orduya qayğını ilbəil artırması müdafiə qüdrətimizi daim gücləndirməkdədir. Bu gün ordumuz Cənubi Qafqazın ən güclü ordusudur.
Ordumuzun tərkib hissəsi kimi hərbi hissəmiz də daim döyüş hazırlığını artırmaq əzmindədir. Şəxsi heyətin inamının, döyüş məharətinin formalaşması üçün mühüm işlər görülür, yüksək döyüş hazırlığının və döyüş qabiliyyətinin təmin olunması, hərbi intizamın möhkəmləndirilməsi, silaha və döyüş texnikasına bacarıqla yiyələnməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər aparılmaqdadır. Bunun sayəsində şəxsi heyət Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hər an hazırdır.
Hərbi hissədə qələbə ovqatı var...

Zakir HÜSEYNOV, “N” hərbi hissəsi