Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2018 09:52

Gənc vətənpərvərlərimiz

Lənkəran şəhərində yerləşən 4 saylı humanitar təmayüllü məktəb-lisey Qarabağ şəhidi Vaqif Əliyevin adını daşıyır. Əvvəlcə şəhid məzun haqqında qısa məlumat vermək istərdim. 1971-ci ildə Lənkəran şəhərində dünyaya gəlib və 4 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Mühəndislər İnstitutuna daxil olub. Vaqif Əliyev 1989-cu ildə Sovet ordusuna çağırılıb. Torpaqlarımız hərbi təcavüzə məruz qaldığı vaxtlarda könüllü olaraq Laçın, Kəlbəcər, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib. 1992-ci il döyüşlərin birində şəhid olub.  Lənkəran şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Məktəbin direktoru Yeganə Əsgərova söhbəti zamanı bildirdi ki, hər bir xalqın gələcəyə olan ümidləri məhz gənclərlə bağlıdır. "Gənclərin vətənpərvər ruhda yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Vətənpərvərlik hissi öncə ailədən başlanır və şagird partası arxasında davam etdirilir. Ümummilli lider Heydər Əliyev çıxışlarında gənclərin vətənpərvər ruhda böyüməsinin və yüksək biliklərə malik olmasının vacibliyini hər zaman vurğulayıb. Məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş gənclər siyasətimiz hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə rəhbərliyinin  gənclərin təhsilə və tərbiyəsinə olan diqqət və qayğısının nəticəsidir ki, hazırda gənclərimiz vətənpərvər ruhda formalaşırlar".
Yeganə xanımın sözlərinə görə, pedaqoji kollektivlərin əsas vəzifəsi gələcəyin yüksək dünyagörüşlü, Vətənə, xalqa sədaqətli gəncliyini formalaşdırmaqdır.
- Məktəbimizin gəncləri müxtəlif müsabiqələrdə bizi təmsil edir, - deyə müsahibim söhbətinə davam edir. - Qazandığı uğurlarla məktəbimizin adını ucaldan şagirdlərimizdən biri 7-ci sinif şagirdi Hüseyn İsazadə kikboksinq idman növü üzrə yaşıdları arasında qalib olub. Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə yarışda Mehdi Əliyev fərqlənərək diplomla təltif edilib. Hər bir gəncimizin uğuru bizim məktəbin, müəllimlərin uğurudur. Ümid edirəm ki,  məktəblilərimiz gələcəkdə ölkəmizi daha genişmiqyaslı yarışlarda təmsil edəcəklər.
Ölkəmizin hər yerində olduğu kimi, bu məktəbdə də hər gün birinci dərslər Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlayır. Müəllimlərin tədris etdikləri dərslərdən əlavə vətənpərvərlik hisslərinin təbliğinə yönəlmiş informasiyalar da  gənclərə çatdırılır. Aşağı siniflərlə ayda bir neçə dəfə vətənpərvərlik mövzusunda rəsm müsabiqələri keçirilir. Fərqlənən şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılır. Hər bir azərbaycanlı yaşından asılı olmayaraq dövlətinin atributları haqqında məlumatlı olmalıdır. Bir sözlə, hər bir müəllimin  əsas vəzifəsi gənc nəsli xalqımıza layiq vətəndaşlar kimi tərbiyə etməkdir.
Tədris işləri üzrə direktor müavini İlqar İsmayılov da bizimlə söhbətində məktəbdə vətənpərvərlik mövzularında  tədbirlərin keçirildiyini bildirir. "Belə tədbirlərimizdən biri də ölməz qəhrəman - Mübariz İbrahimovun doğum gününə həsr olunmuş "Hamımız Mübariz olaq" adlı ədəbi-bədii tədbir idi. Milli Qəhrəman Mübariz İbrahimov gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.  Şagirdlərimizə tariximizi təbliğ etmək üçün tez-tez müzeyləri ziyarət edirik. Hər il unudulmaz sərkərdəmiz general Həzi Aslanovun anım günündə Lənkəran şəhərində ev muzeyinin qonağı oluruq. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş tank qoşunları general-mayoru Həzi Aslanovun ömür yolu  gənclərimizə ən dəyərli örnəkdir. Qan yaddaşımız olan 20 Yanvar hadisələrinə həsr olunmuş "Şəhidlik zirvəsi" adlı tədbirdə isə millətimizin azadlığa gedən yolunun keşməkeşli, lakin şərəfli olduğu gənc tamaşaçılarımıza nümayiş etdirildi. Vətənpərvər oğulların xatirəsini yad etmək üçün müxtəlif yarış və müsabiqələr keçirilir, fərqlənənlər mükafatlandırılır".
Tədris olunan dərslər barədə də fikirlərini bizimlə bölüşən İlqar müəllim hərbi vətənpərvərlik mövzularını xüsusi qeyd edir. "Gənclərin çağırışaqədərki hazırlıq dərsliyini geniş mənimsəyən şagirdlərimiz sabahın Vətən müdafiəçiləridir. İşğal altında olan torpaqlarımızın tarixi barədə geniş məlumat onlara yetərincə aşılanır. Azərbaycan tarixi dərsliklərində Qarabağımızla bağlı mövzular gənclərimiz tərəfindən böyük maraqla mənimsənilir. Tarixə adını yazan qəhrəman oğul və qızlarımız böyüməkdə olan nəsil üçün bir nümunədir. Əcdadları Babək ruhlu, Cavanşir əzmli, Tomris qeyrətli, Şah İsmayıl qətiyyətli olan bir nəsil hər zaman ölkəsinin adını dünyaya tanıtmağa qadirdir.  Gənclərimiz "Vətənə məhəbbət, xalqa sədaqət, düşmənə nifrət" devizini hafizələrinə dərk edərək, doğma yurdumuzun gələcəyi naminə əllərindən gələni əsirgəməməyə borcludurlar".
Söhbətimizə sinif rəhbəri Aygün Hüseynova ilə davam edirik. Aygün xanım gənclərin Vətən sevgisini izah edərkən bildirir ki, Vətən sevgisi daxili bir hiss olaraq qəlbdə alovlanır və heç zaman sönmür. Onun sözlərinə görə, insan bu hiss ilə yaşamalı, Vətəninə, xalqına xidmət etməlidir.
- Müasir gəncliyimiz məhz yüksək təhsili ilə dövlətinə töhfə verməli, onu istər ölkə daxilində, istərsə də dünya arenasında layiqli təmsil etməlidir, - Aygün müəllim deyir. - Bizim peşəmizin əsas vəzifəsi də gənc nəslin müasir dövrə uyğun yetişdirilməsində vasitəçi olmaqdır. Kimliyindən asılı olmayaraq hər bir kəs dövlətinin uğurları üçün çalışmalıdır. Vətənpərvərlik yalnız əlinə silah alıb döyüşə atılmaq deyil, Vətən naminə çalışmaq, onu bütün dünyada tanıtmaq üçün fədakarlıq göstərməkdir. Vətənpərvər gənclərimiz müasir dövrdə kifayət qədərdir. İstər idman yarışlarında, istər mədəniyyət və incəsənət tədbirlərində, istərsə də zəka oyunlarında Azərbaycan bayrağı yüksəklərdə dalğalanır. Azərbaycan bayrağı yüksəkdə dalğalanarkən, himnimiz səslənərkən dövlətinə könüldən bağlı olan hər bir şəxs fəxr hissi keçirir.
Məktəbin dərs otaqlarından birinə daxil oluruq. Şagirdlərin nizam-intizamı, səliqə-sahmanı ilk baxışdan bəlli olur. Hamı bir nəfər kimi ayağa qalxır və  bir ağızdan bizi salamlayır. Arxada əyləşib dərs prosesini izləyirəm. Murad Heydərov  fəallığı ilə seçilən şagirdlərdən biridir. Söhbətə məhz onunla davam edirəm. Gənc yaşda olmasına baxmayaraq, kifayət qədər məlumatlı olan həmsöhbətim Azərbaycan əsgəri olacağı günü səbirsizliklə gözlədiyini bildirir. "Səngərlərdə xidmət edən əsgərlərimiz qürur yerimizdir. Hamı onlarla fəxr edir. Bir gün mən də fəxrlə "Əsgərəm" deyəcəm”. 
Sonra Ayla Talışlı vətənpərvərlik ilə bağlı fikirlərini bölüşür. Soyadının xan nəslindən miras qaldığını söyləyir. "Dədələrimizin bizə bəxş etdiyi bu torpağın hər qarışı bizə əzizdir", - deyən vətənpərvər məktəblimiz babasının ehtiyatda olan zabit olduğunu, Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdiyini vurğulayır.
Sultana Nəhmətova da məktəbdə aldığı təlim-tərbiyənin gələcək həyatında əvəzsiz rolu olacağını vurğulayır. "Biz Azərbaycan gəncliyi olaraq, dövlətimizin tarixini, milli-mədəni irsini dərindən öyrənməli və gələcəkdə Vətənimizi qorumağa hazır olmalıyıq". Fəal şagirdə görə, vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin də bu sahədə əhəmiyyəti böyükdür.
Sabahın əsgəri olacaq Seymur Əliyev söhbətimizə qoşularaq mərd oğullarımızın sayəsində xoş və firavan yaşadıqlarını  uğurlu aprel döyüşü zamanı ordumuzun qısa müddətdə böyük zəfər qazandığını qeyd edir. "Aprel döyüşündə də şəhid olan qardaşlarımızın ruhu hər birimiz üçün doğma və əzizdir. Məhz qəhrəman oğullarımızın vətənpərvərliyinin sübutudur ki, düşmən tapdağında olan torpaqlarımızın bir hissəsi işğaldan azad olunub.  Bu isə dövlət başçımızın qeyd etdiyi kimi, tarixi torpaqlarımıza qayıdışın başlanğıcıdır".
Lənkəran şəhərindəki məktəbdə apardığım müşahidələr, müəllim və şagirdlərlə maraqlı söhbətlərim məndə də ölkəmizdə layiqli gənc nəslin formalaşdığına əminlik yaratdı. Çox sevindim ki, hər bir məktəbli oğlumuz sabahın əsgəri olmağı, Vətənimizi qorumağı qarşısına məqsəd qoyub. Kim bilir, bu məktəblilər arasından neçə Mübarizlərimiz, Fəridlərimiz.... yetişəcək!

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"