Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2018 09:52

Müdafiə Nazirliyinin təşviqat qrupu Sumqayıt və Abşeronda olub

Gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq üçün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər davam edir. Təşviqat qrupu növbəti dəfə Sumqayıt və Abşeron rayonlarında yerləşən orta məktəblərin hərbi rəhbərləri və şagirdləri ilə görüşüb.
Polkovnik Həbib Məmmədov bildirib ki, indi parta arxasında əyləşən şagirdlər sabahın əsgərləri, cəsur, mərd, qorxmaz Vətən qoruyucularıdır. "Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə,  onlarda hərbi peşələrə maraq yaratmaq, Vətənə sevgi, dövlətçiliyimizə sədaqət ruhu aşılamaq günümüzün vacib tələblərindən biridir. Gənclərin ilkin hərbi biliklərə yiyələnməsində, fiziki və psixoloji cəhətdən orduya hazırlanmasında, məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hazırlığı fənninin səmərəli tədrisi böyük əhəmiyyət kəsb edir. Bu vacib sahədə Müdafiə və Təhsil nazirliklərinin qarşılıqlı fəaliyyəti olduqca önəmlidir". 
Polkovnik-leytenant Azər Əliyev isə şagirdlərə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Hərbi Tibb Fakültəsinə və Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul  qaydaları haqqında müfəssəl məlumat verib, bu məktəblərin təminatından, sosial-məişət şəraitindən, təhsilindən danışıb. O bildirib ki, güclü ordunun əsas bazasını savadlı və bacarıqlı zabitlər təşkil edir. "Bu gün hərbi məktəblərimizdə kifayət qədər təcrübəli müəllimlərimiz var. Müasir texniki avadanlıqlar ilə təchiz olunmuş dərs siniflərimiz, praktik vərdişlərin artırılması üçün təlim mərkəzlərimiz yaradılıb. Dünyanın bir çox ölkələrindən də bizim məktəblərdə təhsil alan kursantlar var. Kursantlarımızdan yüksək nəticə göstərənlər xarici ölkələrə təlim kurslarına göndərilir".
Tədbirdə, həmçinin hərbi məktəblər haqqında video-çarxlar nümayiş etdirildi, qəbulla bağlı şagirdlərin sualları cavablandırıldı və igid kəşfiyyatçılarımızdan bəhs edən film nümayiş olundu.

Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"