Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2018 09:51

“Döyüşə hazırıq!”

Leytenant Əliyar Əliyev uğurlarla dolu, qarşısında uzun bir həyatı olan gənc zabitdi. 23 yaşı olmasına baxmayaraq qazandıqları həmyaşıdlarından daha çoxdu. Uğurlarından heç vaxt kifayətlənməyən Əliyar, həmişə daha artığını hədəfləyir, ən yaxşılardan olmağa çalışır.
Əliyar zəhmətkeş kəndli ailəsində dünyaya göz açıb. Sadə bir ailədə böyüyüb və diqqətdən yayınmayan zəkası və yaşıdlarına görə inkar edilməyəcək atletik bədən forması ilə seçilib. Fərqli formada böyüdülən Əliyar məktəb yaşına çatanda artıq riyazi hesablamalar etməyi bacarır, sərbəst şəkildə yaza bilirdi. Ailəsi tərəfindən aşılanan öyrənmə marağı məktəb illərində riyaziyyat, fizika, kimya və coğrafiyanı yaxşı oxumasına səbəb oldu. Dərslərində diqqətli və məsuliyyətli olan şagird ətrafındakıları qısqandıracaq biliyə sahib idi. Atletik bədən quruluşunun səbəbi isə nizamlı qidalanma ilə yanaşı, mütəmadi idmanla məşğul olması idi. Bu idman digər uşaqlar kimi futbol oynamaqdan ibarət deyildi. Fiziki göstəricilərini artırmaq üçün gündəlik bir saat standart idman hərəkətləri edirdi. Bütün bunlar isə fiziki vərdişlərinin artmasına səbəb olurdu.
Artıq 11-ci sinifdə oxuyan Əliyar ali təhsil almaq üçün universitetə hazırlaşırdı. Bir gün dostu Sərxanla əsgərləri, zabitləri görür, özlərini hərbçi kimi təsəvvür edirlər. Bu təsəvvürü reallaşdırmağın öz əllərində olduğunu dərk edən gənclər hərbçi olmaq qərarına gəlirlər. Əliyar bu seçimindən ailəsinə bəhs edir. Atası Əsgər kişi oğlunun məqsədindən çox şad olur. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan gənc hərbi təhsil proqramını mənimsəmək üçün səbirsizlənirdi. Geyindiyi forma, aldığı təhsil onun üçün qürurvericiydi. Ürəyindəki Vətən sevgisi, hərbçi olmaq xəyalları onu daha da ruhlandırırdı.
Kursant yoldaşlarından da nümunəvi davranışı ilə seçilən Əliyar artıq leytenant rütbəsiylə Vətənimizin keşiyindədir. Tutduğu yolun sevinci yaşıl gözündən, enli çiyinləri üstündə daşıdığı rütbənin qüruru isə məğrur simasından sezilir. Artıq onun xəyalları gerçək olub, zabitdir, ön xətdə torpaqlarımızı qoruyanların arasındadır.
- Vətən sevgisi ailədən, təhsildən və daxildən gələn bir hissdir. Elə bir azərbaycanlı tanımıram ki, bu hissi yaşamasın. Əsgərlərimin hər birində Vətən sevgisini, torpaq həsrətini görürəm. Hər birinin nizamlı qidalanmasına, hər gün idmanına diqqət edirəm. Döyüş növbəsindən qayıtdıqdan sonra istirahət edən əsgərlərimlə asudə vaxtlarda mənəvi-psixoloji söhbətlər edirəm. Onlara hər zaman deyirəm ki, yanınızdakı əsgər yoldaşlarınıza yaxşı baxın, yardıma ehtiyacları olduqda kömək edin, gələcəkdə döyüş meydanında bir-birinizə canınızı əmanət edəcəksiniz. Hamınız təklikdə təcrübəli əsgər ola bilərsiz, amma düşmənlə üz-üzə gəldikdə bu kifayət etməyəcək. Birlikdə yenilməz ordu, keçilməz sədsiniz. Hər birimiz döyüşə hazırıq, Ali Baş Komandanın əmrini gözləyirik, - leytenant Əliyar Əliyev deyir.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR