Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Mart 2018 09:50

Qarlı zirvələrin müdafiəçiləri

Azərbaycanın Qərb bölgəsini müharibənin odlu-alovlu illərində tanımışam. 1993-1994-cü illərin şiddətli döyüşləri bu yerləri də əhatə edib. Yerli özünümüdafiə dəstələri yarananda yaşından asılı olmayaraq hamı silaha sarılaraq düşmənlə mübarizəyə qalxmışdı. Bu rayonda elə sərhədyanı kəndləri tanıyıram ki, topa-gülləyə tutulub, amma heç kəs evini tərk etməyib. Vətənimizi öz evimiz bilib qorumaq borcumuzdur. Yurdumuz hansı dağdan, daşdan başlanırsa, o yer bizə müqəddəsdir, çünki doğulduğumuz, üzərində boy atdığımız torpağın bir parçasıdır.
Qatardan düşən kimi təmiz hava adamı ovsunlayır. Üzü dağlara boylanıram, hər tərəf ağ örpəyə bürünüb. Zabit Vüqar Hüseynovla köhnənin dostları kimi görüşürük.  Neçə vaxtdan bəri dağlara aramsız qar yağdığını deyir. Qeyri-ixtiyari zirvələrdə torpaqlarımıza keşik çəkən gənclərimizi düşünürəm. "Görəsən, qar-çovğun onları üşütmür ki?" Xəyalım neçə illər gedib-gəldiyim o dağlara "ayaq açır". İlk vaxtlar ordumuz yeni formalaşırdı, müstəqil dövlətimizin iqtisadiyyatı zəif olduğu üçün hərbi qulluqçularımız yetərincə təminata malik deyildi. Amma indi belə deyil, güclənən dövlətimiz, artan iqtisadiyyatımız hesabına ordumuz da gündən-günə inkişaf edir, hərbi qüdrətini artırır. Zabitlə söhbətimdə də əsgərlərimizi soruşuram, "hər şey yaxşıdır, indi gedib görəcəksiniz", - deyir.
Maşına əyləşib yola düşürük, dağ kəndlərinə yeni çəkilmiş yol göz oxşayır. Həmsöhbətim deyir ki, bu yol abadlaşandan sonra gediş-gəliş də rahatlaşıb. Ətraf, sağ-sol kəndlərdir, bütün həyətlərdə canlanma var, hər kəs ordumuzun gücünə güvənib əmin-arxayın doğma ocağında yaşayır. İki il əvvəlin aprel döyüşləri insanlarımızı əmin etdi ki, Azərbaycanın qüdrətli ordusu, hər an hünər və şücaət göstərməyə qadir olan əsgər və zabitləri var. Bu gün doğma ordumuz ölkə rəhbərliyinin, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısıyla tam əhatə olunub.
Bir azdan rahat yolumuzu enişli-yoxuşlu dağ yolu əvəz edir, peşəkar sürücü isə hərbi maşını məharətlə idarə edir. Zabit dostum da ondan razılıqla danışır, deyir ki, peşəsini sevən gəncdir.
Budur, qarlı bir zirvədə yerləşən döyüş postuna çatırıq. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirə guşəsi ilə rastlaşanda ayaq saxlayıb şəhid döyüşçümüzü ehtiramla yad edirik. Bəli, bu zirvədə bir vaxtlar Çingiz xidmət edib, dəfələrlə döyüş növbətçisi olub və bir  gün düşmənin növbəti təxribatının qarşısını alanda qəhrəmancasına şəhid olub. Onun haqqında qəzetimizin ötənilki saylarında geniş yazılar dərc olunub və buna görə də bu dəfə qəhrəmanın adını daşıyan postda xidmət edən oğullarımızla sizləri tanış edəcəm.

“Qəhrəmanın adına layiq olmaq əsas amalımızdır”

İlk həmsöhbətim baş leytenant Nüsrət Rəhimovdur. Lap erkən çağlarından hərbə bağlanıb, hərbi forma daşıyan insanlara həsəd aparıb və özü də belələrinin yolunu seçib. Gənc zabit söhbətinə Çingizlə bağlı xatirələriylə başlayır, onun Vətən naminə yaşayıb mübarizə apardığını bildirir.
- Bu yerlərin hər qarışında qəhrəmanın xatirələri yaşayır, çox sadə, zəhmətkeş, vətənpərvər bir gənc idi, - baş leytenant deyir. - İndi hər birimiz qəhrəmanın ayaq basdığı mövqeləri qorumaqdan qürur duyuruq. Ali Baş Komandanımıza dönə-dönə minnətdaram ki, qəhrəman döyüşçünün valideynlərini şəxsən qəbul etdi, onlara igid övlad böyütdüklərinə görə təşəkkürünü bildirdi. Bu gün şəhid silahdaşımızın ailəsi dövlətin yüksək qayğısı ilə təmin olunub. Hamımız fərəhlənirik ki, güclü dövlətimiz var və hər şəhid ailəsinə hörmət, ehtiram göstərilir. Çingizin adına layiq olmaq, onun qəhrəmanlığını təkrarlamaq əsas amalımızdır. Gördüyünüz kimi, döyüş növbətçiliyini həyata keçirdiyimiz ərazilər başdan-başa qara bürünüb, günorta havanın bir qədər mülayim keçməsinə baxmayaraq, gecə uzunu şaxta, boran olur. Amma təbii çətinliklər bizi qorxutmur, çünki hərtərəfli sosial təminatımız var, isti paltarla, yun corabla, əlcəklərlə təmin olunmuşuq və üstəgəl yüksək kalorili qidalar. Belə nümunəvi şəraitdə gecə-gündüz Vətənimizi qoruyuruq. Düşmən heç vaxt təxribat törətməyə imkan tapa bilməz, çünki bu yerləri Çingiz kimi qəhrəmanın layiqli davamçıları qoruyur.
Zabit döyüş növbətçiliyinin nümunəvi təşkil edilməsindən danışaraq deyir ki, sıralarımıza qəbul olunan əsgərlərin qarşılanma mərasimi Milli Qəhrəmanımız Çingiz Qurbanovun xatirə kompleksi qarşısında baş tutur. "Elə döyüş növbətçiliyinin təlimatlandırılması da bu yerdə həyata keçirilir. Hər bir əsgərimizə Çingiz Qurbanovun kim olduğunu, hansı məqsəd naminə şəhidlik zirvəsinə ucaldığını başa salırıq. Qəhrəmanın ömür yolu şəxsi heyətimizə örnəkdir. Əsgərlərimiz də onun yolunu davam etdirməyə, Vətənə onun kimi xidmət etməyə söz verirlər".

Üç qardaşdan biri

Elvin İbrahimov Tovuz rayonunun Əlibəyli kəndinin sakinidir. Babası Əlyar doğma el-obanın erməni işğalçılarından qorunmasında yaxından iştirak edib, könüllü döyüşçülərdən olub. Təkcə Elvin yox, özündən başqa iki qardaşı da odlu-alovlu illərin şahidi olan bir ağsaqqalın nəsihətləri ilə böyüyüb, Vətəni, yurdu necə sevməyi, qorumağı ondan öyrəniblər. Elvin deyir ki, qardaşları Ehtiram zabit, Emin isə gizir kimi hazırda Azərbaycan Ordusunda xidmətlərini davam etdirirlər. "İndi kəndimizdə bizi hərbçi ailəsi kimi tanıyırlar. Babam həmişə bizimlə müharibənin ağrılı-acılı xatirələrini bölüşəndə düşmənə nifrətdən qırışan alnına baxardım. O deyirdi ki, yer kürəsində erməni faşistləri kimi qan içən, xain düşmən ola bilməz. Doğrudan belədir, qəsbkar Ermənistan öz havadarının köməyi ilə torpaqlarımızı işğal etmək üçün ən çirkin məqsədlərinə əl atıb. Bir dəfə kənd məktəbində tarix müəllimimiz Xocalı faciəsindən danışırdı, bizə izah edirdi ki, düşmənlərimiz bu qətliamı törətməklə xalqımızın qürurunu sındırmaq məqsədi güdüblər. Amma 2016-cı ilin aprel zəfəri millətimizin qürurlu, mübariz və əyilməz olduğunu bütün bəşəriyyətə sübut etdi. Düşmən bildi ki, Azərbaycan torpaqları müvəqqəti işğaldadır, dövlətimiz münaqişənin sülh variantı ilə həllinə üstünlük verir və əgər diplomatik yolla məsələ həllini tapmayarsa, onda qüdrətli ordumuz öz qətiyyətini göstərəcəkdir. Məhz aprel döyüşlərində olduğu kimi...".
- Elvin, bir qədər də  xidmət etdiyin bölmənin döyüş hazırlığından danış. Vəziyyət necədir, düşmənə gücünüzü sübut etməyə qadirsinizmi?
- Əlbəttə. İstənilən an müharibə başlanarsa, bir nəfər kimi döyüşə atılmağa hazırıq. Baş leytenant Nüsrət Rəhimov kimi bacarıqlı, savadlı, qayğıkeş, vətənpərvər komandirimizin tabeliyində xidmət etməkdən qürurluyuq. Biz onun köməyi sayəsində hər şeyə nail olmuşuq, həm kifayət qədər hərbi təcrübəmiz, həm də tükənməz Vətən sevgimiz var. İnanın ki, hərbi əməliyyatlar başlasa, düşmən bir gün də qarşımızda tab gətirə bilməz.

Vətən sevgisi ilahi qüvvədir

Növbəti müsahibim isə Qəbələ rayonundan hərbi xidmətə çağırılan əsgər Samir Baxışovdur. Onunla söhbətimdə məni maraqlandıran bir məsələ də ordu həyatı ilə bağlı gəncin təəssüratlarını qələmə almaqdır.
- Hərbi xidmətdə keçən günlərimizin dəyəri böyükdür, çünki ordu mühitində həm Vətəni qorumaq, həm də cəmiyyətin əsl vətəndaşları olmaq üçün zəruri keyfiyyətlərə yiyələnirik. Kim ordu həyatını qəhrəmanlıq məktəbi hesab edirsə, tam haqlıdır. Çünki orduda xidmət etməklə, özü də ön xətdə döyüş növbətçiliyi aparmaqla düşmənə gücümüzü sübut edəcək döyüşçü kimi formalaşırıq.
- Bəs bacarıqlı əsgər olmağın sirrini nədə görürsən?
- İlk növbədə Vətən sevgisində. Adama inam, tükənməz dözüm, iradə aşılayan bu sevgi ilahi bir qüvvədir, - deyə əsgər tərəddüd etmədən suala cavab verir. - Əgər döyüş növbətçisi olanda, hansı müqəddəs amal uğrunda mübarizəyə hazır olduğunun məsuliyyətini hiss edirsənsə, deməli, döyüşdə qalib olacaqsan.
Samir doğru deyir, vətənpərvərlik elə bir ali hissdir ki, adamı qəhrəman olmağa, fədakarlıq göstərməyə ruhlandırır. Ürəklərində olan Vətən sevgisinin eşqi ilə Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş nə qədər əsgər-zabit tanıyıram. Bir mayor dostum vardı, Allah ona qəni-qəni rəhmət eləsin, "Azərbaycan Bayrağı" ordenli Məhərrəm Seyidovu deyirəm. 1994-cü ilin yazında atəşkəs ərəfəsində Tərtər bölgəsində ağır döyüşlərin birində şəhid olmuşdu. O düşmən mühasirəsində son nəfəsinədək döyüş mövqeyini tərk etmədi. Belə qəhrəmanlarımız çox olub. İndi onların adı, soyadı bir ailənin, bir nəslin yox, bütöv bir xalqın yaddaşında xatırlanır. Onları qəhrəmanlığa ruhlandıran əsas qüvvə isə müqəddəs Vətən sevgisi olub.
- Mən də Samirin söhbətinə qüvvət olaraq demək istərdim ki, qalib döyüşçü olmaq üçün öz millətini, dövlətini sevib varlığınla Vətəninə bağlanmalısan, - deyə Quba rayonundan olan əsgər Rəfael Teymurov da fikirlərini bölüşür.
Qubalı əsgərə görə, mübariz, döyüşkən gəncliyi olan Azərbaycan dövləti tezliklə ərazi bütövlüyünü təmin edəcəkdir. "Apardığımız mübarizə haqq işidir, bütün dünya ictimaiyyəti artıq Ermənistanı işğalçı kimi tanıyır, amma nədənsə bu dövlətə gözün üstə qaşın var deyən tapılmır. Əgər belə davam edəcəksə, Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmənə öz gücümüzü yenidən sübut edəcəyik. Biz müstəqil Vətənimizi son qarışına kimi azad görmək həsrətindəyik və Qələbəmizi mütləq təmin edəcəyik."
Əziz oxucu, döyüş mövqeyindən hazırladığım bir yazı ilə bütün əsgərlərimizin fikirlərini, ürək sözlərini qələmə almaq mümkün deyil. Odur ki, növbəti yazılarımızı izləyin...

Arif PƏNAHOV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR