Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2018 10:21

Naxçıvanda daşqaldırma birinciliyi

Naxçıvan Ordu İdman Klubunda təşkil olunan birincilikdə 14 komandadan 70 idmançı iştirak edib. 60, 65, 70, 80, 90 və 90 kiloqramdan artıq olmaqla 6 çəki dərəcəsində keçirilən yarışda hər bir hərbi qulluqçu daha əzmlə iştirak edərək öz çəki dərəcəsi üzrə birincilik uğrunda mübarizə aparıb. Hərbi qulluqçularla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları da daşqaldırma birinciliyində iştirak edib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Vahid Məmmədovun rəhbərlik etdiyi birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib. Hər çəki dərəcəsində qaliblər ən çox xallarla müəyyən edilib.
Şəxsi hesabda 60 kq çəki dərəcəsində əsgər İsmət Mehtiyev, 65 kq çəki dərəcəsində əsgər Zahid Bağırlı, 70 kq çəki dərəcəsində əsgər Hüseyn Hüseynəliyev, 80 kq çəki dərəcəsində əsgər Zöhrab Hüseynov, 90 kq çəki dərəcəsində baş leytenant Əlqəm Gözəlov və 90 kq-dan yuxarı çəki dərəcəsində leytenant Səid Feyziyev birinci yerə layiq görülüblər.
Yekun nəticələrə əsasən komanda hesabında birinci yerdə xüsusi təyinatlılar, ikinci yerdə motoatıcılar, üçüncü yerdə Daxili Qoşunların komandası qərarlaşıb.
İlk üçlüyə düşməyi bacaran qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklarla mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV, “N” hərbi hissəsi