Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2018 10:20

Xalqın övladı oldu...

2017-ci il fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərdi. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında  ağır döyüş toqquşması baş verdi. Bu istiqamətdə də bölmələrimiz düşməni geri çəkilməyə məcbur etdi. İrimiqyaslı təxribatın qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu və Haşımlı Tural Əbdül oğlu şəhid oldular...
Müstəqilliyimizin qazanılması və qorunması uğrunda bu günə qədər bir çox hadisələrin şahidləri olduq. Kimimiz valideynlərimizi, kimimiz bacı-qardaşımızı, kimimiz övladımızı itirdik. Lakin mübarizə əzmimizi, birliyimizi, əqidəmizi, Vətənə olan sədaqətimizi itirmədik. Güclü ordu qurmağa və bu ordunu peşəkar zabit kadrları ilə, Vətəninə, elinə, obasına bağlı əsgərlərlə komplektləşdirməyə nail olduq. Ailələrdə böyüyən övladlar vətənpərvərlik ruhunda tərbiyə olundular. Vətəni qorumaq eşqi, işğal olunan torpaqları mənfur düşməndən azad etmək istəyi neçə-neçə gəncin yolunu hərbi təhsil ocaqlarından saldı. 
1988-ci il dekabrın 27-də Ordubad rayonunun Dırnıs kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Tural Haşımlı da atasının göstərdiyi yol ilə gedirdi. O yol Vətənə məhəbbət yolu idi. Erkən yaşlarından əkin-biçin işlərində atasına dayaq olan Tural yaxşı anlayırdı ki, torpağı qorumasan, əkib becərməyinə dəyməz. Torpaqların 20 faizi işğal altındadı, necə rahat olmaq olar ki?! Axı Qarabağ Azərbaycanın əzəli və əbədi torpağı, Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Xocalıda günahsız insanların qanı tökülüb, Laçından, Kəlbəcərdən insanlar didərgin salınıb. O yerləri ömründə bircə dəfə görməsə belə, nə fərqi var, axı oralar Vətən torpağıdır. Çoxsaylı suallar beynini didir, rahatlıq tapmırdı. Qəti qərarını verir. Atasına, məktəbdəki müəllimlərinə seçimini deyir. Qanlı-qadalı günlərin şahidi olmuş Əbdül kişi, övladına xeyir-dua verib onu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirir.
90-cı illərdə Vətənimizin başı üzərini qara buludlar alanda Əbdül kişi də düşmənlə qarşı-qarşıya idi. Vətən torpaqlarını qorumaq əzmi hər kəsi bir yumruq kimi birləşdirmişdi. Mənfur düşmən Naxçıvana bir neçə istiqamətdən hücum etsə də, məqsədinə yetmədi. Sədərəyi güllə yağışına tutan düşmən ərazini xarabazarlığa çevirsə də, insanların əzmini qıra bilmədi. O vaxt indiki qədər texnika da yox idi. Lakin insanların qəlbindəki Vətən eşqini susdurmaq mümkün deyildi. Bu hadisələr baş verəndə Tural çox kiçik idi. Lakin atası Əbdül kişi üçün düşmən çəpəri idi, gələcəyin qəhrəmanı idi. İndiki gənc nəsil o ataların övladlarıdır, qəhrəman ataların, şəhid ataların, vətənpərvər ataların.
Əbdül Haşımlı söhbətimizdə deyir ki, o vaxt düşmənlə mübarizə aparmaq üçün dəstələr yaradırdıq. "Köməksiz bir vəziyyətdə idik. Elə o vaxtdan  arzum Turalı hərbçi görmək idi. Arzuladığım oldu,  özü də bu peşəni sevdi və seçdi. Tural üçün bundan doğru seçim indi də mən təsəvvür edə bilmirəm. Babası Haşımov Haşım Əbdül oğlu Böyük Vətən müharibəsində iştirak edib. Göstərdiyi şücaətinə görə Naximov medalına layiq görülüb. Onun da Turalın həyatında böyük rolu olub. Necə deyərlər, ot kökü üstə bitər."
Heydər Əliyev adına Hərbi liseydəki təhsil illəri Turala çox şey qazandırır. Əvvəla məktəb öz ətrafında eyni amal, eyni məqsəd uğrunda birləşən gəncləri toplamışdı. Digər tərəfdən hərbi liseydə yaradılan yüksək tədris şəraiti Turalı da çox ruhlandırırdı. Artıq məqsədinin astanasında idi. 2007-ci ildə Hərbi liseydə xeyir-dua alan gənclər Vətənə sədaqətlə xidmət edəcəklərinə, göstərilən etimadı doğruldacaqlarına söz verib ali hərbi məktəbə yola salınırlar. O məzunların arasında Tural Haşımlı da var idi. Deyirlər, niyyətin hara, mənzilin ora. 2011-ci ildə Bakıdakı Ali Hərbi məktəbi bitirib xidmətə başlayır. Hərb peşəsi digər peşələrə bənzəməz. Bu peşəni qəlbən sevmək lazımdı, ruhuna hopmuşdu, boyuna biçilmişdi sanki.
14 yaşında ikən seçimini edən və bu yolda inamla addımlayan Tural nəhayət istəyinə qovuşmuşdu. Tabeliyində olan əsgərlərlə, silahdaşlarıyla birgə Vətən torpaqlarının keşiyində dayanmışdı. İrəli baxırdı həmişə. Çünki baxdığı başqa ölkənin torpaqları deyil, ana torpaq idi. O torpaq hər bir azərbaycanlı kimi Tural Haşımlını da çəkirdi. Aprel qələbəsi hər kəs kimi Turalı da qürurlandırmışdı. Erməni təxribatının qarşısını alarkən düşmənin layiqli cavabını verən ordu bu yolda şəhid də vermişdi. Onlardan biri də Heydər Əliyev adına Hərbi Liseyin məzunu Qabil Orucəliyev idi.
Turalın da düşmənə intiqam hissi hər gün daha da artırdı. Şəhidlərin qanı yerdə qalmamalı idi. Aprel döyüşlərindəki məğlubiyyəti həzm edə bilməyən Ermənistan rəhbərliyinin bu sindromdan qurtulması üçün növbəti təxribatları gerçəkləşdirməyə ehtiyacı vardı. Azərbaycanın hərtərəfli hərbi-texniki və mənəvi-psixoloji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin daim artan etirazları mövcud rejimi ciddi narahat edirdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış da Ermənistanda ciddi təşvişə səbəb olmuşdu. Bu qayıdışın coğrafiyasının genişlənəcəyindən qorxan ermənilər təxribatlar törətməklə "güclərini" göstərməyə cəhd edirlər. Və növbəti belə cəbhəboyu irimiqyaslı təxribat 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə törədilir.  Azərbaycan hərbçiləri düşmənin qarşısını qətiyyətlə alıb onu geri çəkilməyə məcbur edir. Qarşı tərəf çoxsaylı itki verir. Təxribatların qarşısını alarkən Tural Haşımlı şəhid olur. Haşımlı Tural Əbdül oğlunun nəşi fevralın 28-də doğulduğu torpağa gətirilir. Kursant kimi Bakıya gedəndə bəlkə də 5-10 nəfər, uzaqbaşı 15-20 nəfər onu yola salmışdı. Amma indi yüzlərlə insan hava limanına axışmışdı. Doğmaları, dostları, tanışları, tanıyan, tanımayan hər kəs, muxtar respublika sakinləri öz şəhidini qarşılamaq üçün toplaşmışdı. Çünki o, 2007-ci ildə Naxçıvandan gedən kursant deyildi. Uğruna canını fəda etdiyi üçrəngli, müqəddəs bayrağa bükülərək geri dönən şəhid idi. Bu insanların Vətən uğrunda birliyinin, əzminin göstəricisi, şəhidlərimizə sonsuz ehtiramının ifadəsi idi. Tural Haşımlının şücaəti qəlbləri riqqətə gətirmişdi. "Qarabağ bizimdir, bizim olacaq", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları ilə kiçikdən-böyüyə hər kəs küçələrə axışmışdı.
Atası Əbdül deyir ki, mən o günü yadımdan çıxara bilmərəm. "Həm dövlətin,  həm insanların dəstəyi mənə dayaq oldu. Naxçıvandakı izdihamı görəndə anladım ki, millət onu özünə oğul götürdü."
Anası Gülnarə xanım o günü xatılayaraq deyir:
- Bütün xalq onu sevdi. Qəhrəman kimi böyümüşdü, qəhrəman kimi də şəhidlik məqamına qovuşdu. Mən bir ana kimi Turalla qürur duyuram, düzdür o həyatda yoxdur, amma qürur duyuram ki, o Vətən yolunda getdi. Vətən sağ olsun! Qoy ermənilər də bilsin ki, biz heç vaxt təslim olmayacağıq. Gec-tez torpaqlarımızı geri qaytaracağıq.
Əsl Azərbaycan qadını, onun sifətindən axan adi göz yaşı deyil, düşmənə nifrətdən yaranan qəzəbdir.
Bir zamanlar çoxuşaqlı analara qəhrəman ana statusu verilirdi. Mənsə belə deyərdim: qəhrəman o anadır ki, qəhrəman yetişdirir. Lap Gülnarə ana kimi. Cəmiyyətimizə, dövlətimizə layiqli oğul böyütdü.
Vətən üçün doğulub Vətən üçün ölənlər nə xoşbəxtdir. Əbdül kişinin ailəsində böyümüş oğul bütün Azərbaycanın övladı oldu. Onu bütün Azərbaycan tanıdı. Hər bir ailədə bu ad qürurla səslənir: Tural Haşımlı.
Ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif olunur.
Haşımlılar ailəsində yenə bir körpə böyüyür: Tural Haşımlı adında. Üzünü görmədiyi, səsini duymadığı qəhrəmanın adını daşıyan 5 aylıq Tural Tanrının ərməğanıdır. Düşmən sevinməsin qoy, hələ neçə Turallar yetişdirəcək bu torpaq, hələ neçə qəhrəmanlar böyüdəcək bu Vətən!

Ruhiyyə RƏSULOVA, Naxçıvan Televiziyasının baş redaktoru