Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2018 10:19

“Ordusu olmayan ölkə müstəqil ola bilməz”

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin və Tacikistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, millət vəkilləri, zabit və kursantlar iştirak edirdi.
Öncə ümummilli liderimiz Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə əklil qoyuldu. Hər iki ölkənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndirildi. 
Ali Hərbi Məktəbin rəis müavini, polkovnik Ruslan Məmmədov tədbiri açaraq Tacikistan xalqını yubiley münasibətilə təbrik etdi və bildirdi ki, Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir. "Azərbaycan və Tacikistan xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin böyük tarixi var. Bu münasibətlərin təməli 1992-ci ildə qoyulub. Ulu öndər Heydər Əliyevin və Emomali Rahmonun yürütdüyü siyasət nəticəsində iki ölkə arasında əməkdaşlıq münasibətləri yetərincə inkişaf etdirilib və bu əməkdaşlıq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə indi də davam etdirilir. İki ölkənin Silahlı Qüvvələri arasında da əməkdaşlıq yüksək səviyyədədir. Tacikistan ordusunun güclənməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin də rolu var. Bu məktəbdə təhsil alan tacikistanlı kursantları ölkələrində ordu quruculuğunun inkişafına öz töhfələrini verirlər."
Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli iki qardaş xalqın tarixi və mədəni əlaqələrinin güclü olduğunu və bu dostluğun çoxəsrlik ənənələrə əsaslandığını qeyd etdi. Tacikistanın müasir dövrdə ordu quruculuğu sahəsində qazandığı uğurlardan danışan səfir hərbi təhsildə hər iki ölkənin qarşılıqlı əməkdaşlığının faydasını vurğulayaraq bildirdi ki, Azərbaycanla Tacikistan qardaş ölkələrdir. "Məhz qardaş ölkə Azərbaycan tacikistanlı kursantların təmənnasız təhsili üçün unikal imkan yaradıb. Qardaşlıq hissləriylə belə bir addım atan Azərbaycana sonsuz təşəkkür edirik."
General-mayor Ənvər Əfəndiyev Müdafiə Nazirliyinin rəhbərliyi adından tacikistanlı qonaqları salamlayaraq qardaş ölkənin Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, hər bir ölkənin ordusunun yaranması tarixi bayramdır. "Ordusu olmayan ölkə müstəqilliyini qoruyub saxlaya, müstəqil siyasət yeridə bilməz. Çünki hər bir dövlətin möhkəmlənməsində ordunun rolu böyükdür." 
Azərbaycan və Tacikistan orduları arasında əməkdaşlığı yüksək qiymətləndirən general-mayor bildirdi ki, 2010-cu ildən etibarən Azərbaycan Ali Hərbi Məktəbinə qardaş ölkədən 40 nəfər kursant qəbul olunub. "Onların bir qismi artıq təhsillərini müvəffəqiyyətlə başa vuraraq Tacikistan Silahlı Qüvvələrində zabit kimi xidmət edir.  İnanıram ki, hazırda ölkəmizdə təhsillərini davam etdirən tacikistanlı kursantlar da hərbi təhsil ocağımızın şərəfini uca tutacaqlar."
Tədbirdə iştirak edən Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Aydın Mirzəzadə hər iki ölkənin qarşılıqlı münasibətlərindən danışdı. "Bu gün Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi, parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, birgə əməkdaşlıq bu gün də davam edir. Azərbaycan da Tacikistanla əməkdaşlığa həmişə xüsusi önəm verib və bu münasibət Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənəcək."
Tədbirin sonunda kursantların iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş olundu.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu",
Foto Mövlan NƏSİRZADƏNİNDİR