Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2018 10:19

İnam, dövlətçiliyə sədaqət vətəndaşlıqdır

Yeniyetmənin peşə seçiminə müxtəlif amillər təsir göstərir: Oxuduğu kitablar, baxdığı filmlər, eşitdiyi söhbətlər, müşahidə etdiyi hadisələr, ata yolunun davamçısı olmaq istəyi və s.
Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlanan müharibədə qəhrəmanlıqlar göstərən oğulların ömür yolu yeniyetmələrimizin düşüncələrini Vətənə kökləyir, onları hərbçi olmağa ruhlandırır. Onlar Vətənə xidməti ömür yolu seçirlər.
Baş leytenant Tural Tahirov Salyanda anadan olub.
Şəhid Mehman Babayev adına 1 saylı orta məktəbdə oxuyub. "Xocalı soyqırımının baş verdiyi 1992-ci ilin ağrı-acıları mənimlə son nəfəsədək yaşayacaq. Hər il yaşımdan söz düşəndə onsuz da unutmadığım bu dəhşətli hadisəni xatırlayıram"...
Tural belə deyir, həm də səsindəki qəhər aydınlığıyla sezilir. Bu kəlmələri onun düşüncələrindən süzülən işıq bilirəm.
C.Naxçıvanski adına hərbi liseyin məzunudu. "İlk vaxtlar müəyyən çətinliklər olurdu. Komandirlərimin, zabitlərimizin dəyərli məsləhətləri bu çətinliklərin öhdəsindən gəlməyimə yardımçı oldu. Bir də istəyim, arzum, niyyətim..." -  gənc zabitin qüruru duyulur bu kəlmələrdə...
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olanda da mühit ona tanış idi - hərbi intizam, əmr və göstərişləri sözsüz və vaxtında yerinə yetirmək; öyrədilənləri mükəmməl öyrənmək. Kursant Tural Tahirov fəal idi, necə deyərlər, vaxtın qədrini bilirdi. Öyrəndikləri təlimlərdə təkmilləşib. "Təkcə hərbi bilikləri öyrənmirdik, həm də zabitlərin kursantlarla, deməli, bizim gələcəkdə əsgərlərlə ünsiyyət qurma sirlərini öyrənirdik. Əsgərlərinin timsalında Vətənin müdafiəsini görən zabit yaxşı zabitdir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən də yaxşı zabit olmaq istəyirdim" - baş leytenant Tural Tahirovun inamı bizə könül xoşluğu verir.
Tural Tahirov yaxşı zabit oldu; arzuya, niyyətə söykənən maraq, həvəs, niyyət, çəkilən zəhmət bəhrəsini verdi. 2014-cü ildən ön xətdə xidmət edir...
"Əsgərlərimlə söhbətlərdə onlara xalq şairi Məmməd Arazın bir şeirini xatırladıram: "Vətən mənə oğul desə, nə dərdim...". Əsgərlərimə "Vətən sizə oğul deyir. Siz Vətənimizin müdafiəçilərisiniz. Sülh danışıqları baş tutmasa, torpaqlarımızı işğaldan siz azad edəcəksiniz..." - deyirəm və onların baxışlarında gördüklərimdən hiss edirəm ki, hər biri qələbə gününün tezləşdirilməsini hərbi xidmətinin amalı bilir..."
Baş leytenant Tural Tahirovun əsgərlərinə inamı bizim də Böyük Qələbənin uzaqda olmadığını xatırladır...
"2016-cı ilin aprel döyüşləri ordumuzun nəyə qadir  olduğunu təsdiqlədi. Onda mən də döyüşlərin sırasında olmaq istəyirdim..." - səsində təəssüf duyuram və mənə belə gəlir ki, bu təəssüf Qələbə Günü sovuşacaq...
...Baş leytenant Tural Tahirov son illərdə həyata keçirilən irimiqyaslı islahatları ordu quruculuğumuzun yeni mərhələsi kimi dəyərləndirir və bu qənaəti ümumən bütün zabitlərimizin qənaəti bilirəm. Bu qənaət inamdır, dövlətçiliyə sədaqətdir. İnam, dövlətçiliyə sədaqət vətəndaşlıqdır.

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"