Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2018 10:18

İstehkamçılar hər cür sınağa hazırdırlar

Döyüş əməliyyatlarının mühəndis təminatı üçün təyin olunan xüsusi qüvvələr mühəndis qoşunları adlanır. Bir çox ölkələrin ordusunda fəaliyyət göstərən mühəndis-istehkamçılar təyinatlı birləşmələrdən, hissə və bölmələrdən ibarətdir. Döyüş və müxtəlif əməliyyatlarda, mühəndis-istehkam qüvvələrindən geniş istifadə olunur. Mühəndis təminatının daha mürəkkəb tapşırıqlarını yerinə yetirmək üçün mütəmadi olaraq şəxsi heyətlə döyüş hazırlığı dərsləri keçirilir.
Leytenant Ceyhun Bayramov  bildirir ki, mühəndis-istehkamçılar döyüş zamanı əhəmiyyətli vəzifəni yerinə yetirirlər. "Onlar qoşunların hərəkəti üçün əlverişli şərait yaradır, qoşun və obyektlərin bütün məhvetmə vasitələrindən müdafiəsinin yüksəldilməsi və eləcə də mühəndis sursatları ilə düşmənin hərəkətini çətinləşdirmək məqsədi ilə kompleks tədbirlər həyata keçirirlər. Döyüş əməliyyatlarında qazanılan müvəffəqiyyət bir çox hallarda mühəndis təminatı üzrə tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsindən asılıdır. Hər birimiz üzərimizə düşən məsuliyyətin fərqindəyik və mütəmadi olaraq keçirilən dərslər zamanı şəxsi heyətin döyüş vərdişlərinin artırılmasına çalışırıq".
Zabitlə həmsöhbət olduğumuz zaman öyrənirik ki, Kəlbəcər və Murov istiqamətində gedən döyüşlərdə iştirak edən atası Kərəm Bayramovun dəstəyi ilə hərb yolunu seçib.
"Hələ məktəbdə oxuyarkən atam müharibədən danışır, ermənilərin törətdikləri vəhşilikləri nəql edirdi. Eşitdiklərim gözümün önündə canlanır, hiddətlənirdim. Elə həmin vaxtlarda hərbçi olmağı qərara aldım. İndi isə ön xətdə yerləşən hərbi hissədə Vətənimizin keşiyindəyəm. Gənc komandir olaraq əsgərlərin mənəvi-psixoloji və döyüş hazırlığının artırılmasında əlimdən gələni edirəm".
İstehkamçı əsgər Anar Vəliyev Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. Qısa bir müddətdə komandirlərindən mühəndis-istehkam peşəsinin sirlərini öyrəndiklərini, hər an döyüşə hazır olduqlarını qeyd edir:
- Mütəmadi olaraq dərslər keçirik. Dərslər zamanı öyrəndiklərimizi praktik olaraq icra edirik. Hər birimiz vəzifəmizin məsuliyyətinin fərqindəyik.
Əsgər Elmin Məmmədli Tovuz rayonundandır. Dərslərdə fəal iştirakına, mühəndis-istehkam tapşırıqlarını düzgün yerinə yetirdiyinə görə baş istehkamçı vəzifəsinə təyin olunub. O deyir:
- Bizlər əhəmiyyətli vəzifə daşıyırıq. Düşmənin maneələrini dəf etmək, eləcə də onların irəliləməsinə maneçilik yaratmaq üçün hər gün öz üzərimizdə çalışırıq. Ona görə ki, istənilən şəraitdə, tələb olunan həcmdə və lazımi ardıcıllıqla mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsini təşkil edir və buna görə məsuliyyət daşıyırıq.
Əsgər Hüseyn Seyfullayev isə hərbi xidmətə Bakı şəhərindən çağırılıb. O, qısa zamanda torpaqlarımızı azad etmək əzmində olduqlarını bildirir:
- Tarix Azərbaycan əsgərinin gücündən, qüdrətindən, Vətən sevgisindən danışacaq. Çünki biz əsgərlər bu gün hazırlıqlı döyüşçü kimi formalaşırıq. Ali Baş Komandanın əmriylə düşmənə qarşı çevik hərbi əməliyyatlara tam hazırıq.
Şamaxılı əsgər Teyyub Salahov da Vətəni qorumağın əsl övlad borcu olduğunu bildirir:
- Bu gün əsgərik, sabah ehtiyatda olsaq da, döyüşlərə atılacağıq. Harada olmağımızdan asılı olmayaraq Vətənimiz Azərbaycanı sevməli, düşməni torpaqlarımızdan qovmağa hazır olmalıyıq. Bu səbəbdən də təcrübəli döyüşçü kimi formalaşmaq əsas vəzifəmizdir. Bu gün istehkamçıyam və vəzifəmin öhdəsindən gələ bilmək üçün komandirlərimdən hər şeyi öyrənməyə çalışır, döyüş meydanında üzərimə düşən tapşırıqları əzmlə  yerinə yetirməyə hazır olmalıyam. Ona görə də hər birimiz öz işimizə ikiqat məsuliyyətlə yanaşmalıyıq.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu",
foto Coşqun CƏFƏROVUNDUR