Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Fevral 2018 10:17

Düşmən hədəfimizdən yayınmayacaq

Qış... Uşaqlıqdan bu fəslin vurğunu olmuşam. İlk qar yağanda sevincimizin həddi-hüdudu olmayıb. Həyətdə uşaqlarla qartopu oynayıb, qardan adam düzəltmişik. Beləcə illər bir-birin əvəz edib və yaşa dolduqca anlamışam ki, qış fəsli gözəl olduğu qədər də çətindir. Bunu xidmət müddətində daha dərindən dərk etdim. Qışda havanın soyuq keçməsi, yolların buz bağlaması, dumanlı olması xidmətdə məsuliyyətimizi daha da artırırdı.
Dəniz səviyyəsindən min metrlərlə yüksəklikdə yerləşən bölmələrdə isə qış daha sərt keçir. "N" hərbi hissəsinin zabiti Fariz Hüseynovla görüşüb söhbət etdik. Zabit xidmətin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. "Havanın sərt keçməsi, qarlı, dumanlı olması əsgərlərin xidmətinə heç bir maneçilik törətmir. Şəxsi heyət isti paltarla, corabla, əlcəklə, həmçinin yüksək kalorili yeməklərlə təmin olunur. Buna görə də onlar xidmətə ikiqat məsuliyyətlə yanaşır, gecə-gündüz döyüş mövqelərində düşməni müşahidə edirlər. Bu isə qarşımıza qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir."
Zabit F.Hüseynovla söhbətləşdikdən sonra vaxt itirmədən artilleriya bölməsinə yola düşürük. Yollar qarlı və buzlu idi. Lakin buna baxmayaraq “UAZ” markalı maşını məharətlə idarə edən sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cavidan Qarayev bizi ünvana rahatlıqla çatdırdı. Yol boyu Cavidanla söhbətdən öyrənirəm ki, onun atası da hərbçi olub və hazırda təqaüddədir. Ata yolunu davam etdirməkdən son dərəcə məmnunluq duyan əsgərin gözlərindəki qürur hissini də sezmək çətin deyildi.
Artıq bölmədəyik. Heyətlər topların ətrafında düzülərək dərslərə cəlb edilmişdi. Taqım komandirinin nəzarəti altında topu "Döyüşə" və "Səfərə" vəziyyətinə gətirir, sual yarandıqda isə müraciət edib cavab alırdılar. Dərs prosesini yaxından izləmək və qeydlər götürmək üçün şəxsi heyətə yaxınlaşıram. İlk olaraq komandirlə tanış oluram. Zabit Nicat Əliyev 2008-ci ildən ordu sıralarındadır. Lənkəran rayonundandır. O, qeyd etdi ki, bu gün artilleriya bölmələri istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
- Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısını biz də daim hiss edirik, -  zabit deyir. - Yuxarı komandanlığın təsdiq etdiyi döyüş hazırlığı tədbirləri kompleks şəkildə yerinə yetirilir. Günün nizam qaydasına uyğun olaraq gündüz və gecə dərsləri şəxsi heyətə keçirilir. Əsgərlərimiz artıq toplardan təyinatı üzrə istifadə etməyi bacarırlar. Təkcə dərslərlə kifayətlənmirik, Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, praktiki təlimlərimiz də yüksək səviyyədə keçirilir.
Zabitlə söhbətimdən sonra top komandiri baş çavuş Əli Feyzullayevlə görüşürəm. Sabirabad rayonundan olan Əli başqa bölgədə əsgəri xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtmaq üçün müraciət edib. Bu gün artıq təcrübəli top komandiridir. "Çox sevinirəm ki, ön xətdə mərd Vətən övladları və peşəkar zabitlərlə bir sırada xidmət edirəm. Kollektivimiz çox mehribandır. Əsgərlər dərs və təlimlərə yüksək maraq göstərirlər. Bir top komandiri kimi deyə bilərəm ki, bütün heyət istənilən an "Həyəcan" siqnalı ilə mövqeyi tutacaq. Topu qısa zamanda "Döyüşə" vəziyyətinə gətirib göstərilən düşmən hədəfini məhv edəcəklər."
Növbəti müsahibim isə tuşlayıcı çavuş Faiq Əliyevdir. Gəncə şəhərindən olan Faiq artıq bir neçə ildir bu hərbi hissədə xidmət edir.
- Gələcək döyüşlərdə artilleriya qüvvələrinin rolu barədə nə deyə bilərsən?
- Bütün qoşun növləri kimi, artilleriya bölmələri də ən müasir silah və avadanlıqlarla təchiz olunub. Bilirik ki, digər bölmələrin rahat irəliləməsi üçün artilleriya atəşi vacib şərtdir. Iki il öncə aprel döyüşlərində də şahidi olduq ki, artilleriya bölmələri düşmənə həm ordumuzun gücünü, həm də əsgərlərimizin döyüş əzminin yüksək səviyyədə olduğunu sübut etdi. Bu gün də bölmələrimiz düşmənin bütün hədəflərini darmadağın etməyə hazırdır.
Əsgər Kamran Hümbətli isə keçirilən dərslərin əhəmiyyətindən danışdı. "Havanın soyuq və şaxtalı keçməsinə baxmayaraq dərslərimiz yüksək səviyyədə keçir. Artıq biz əsgərlər artilleriya qurğusunun taktiki-texniki xüsusiyyətlərini, ondan istifadə qaydalarını mükəmməl öyrənmişik. Uğurlarımıza görə komandirlərimizə borcluyuq. Düşmənə ağır zərbələr endirməyə və işğal altındakı torpaqlarımızı azad etməyə tam hazırıq."
Heyətin digər üzvlərindən əsgərlər Niyaməddin Hüsiyev, Eltun Əliyev və Tural Həmidov da bu gün dərslərdə öyrəndiklərini sabahkı döyüşlərdə icra etməyə hazır olduqlarını bildirdilər.
 
Məhəmməd NƏSİRLİ, "Azərbaycan Ordusu"