Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 10:06

XX əsrin faciəsi - Xocalı soyqırımı

Xocalı faciəsi olanda 6 yaşım vardı. Bacım da, mən də televiziyada gördüklərimizin nə olduğunu geniş dərk etmirdik. Atamdan soruşurduq ki, Xocalıda nə baş verib? Atam qəhərlə "Faciə olub, qızım", - deyirdi. Faciənin nə olduğunu dərk etməsək də, atamın qəhərlənməsindən hiss edirdik ki, faciə yüzlərin ölümünə səbəb olub...
İllər keçdi. Böyüdük. Bir vaxtlar atama verdiyimiz sualın cavabını oxuduqlarımızdan, televiziyada baxdığımız verilişlərdən aldıq. Bildik ki, ermənilər rus imperiyasının 366-cı alayının köməyi ilə Xocalıda daşı daş üstə qoymayıb, əhaliyə aman verməyib.  Yüzlərlə xocalılı düşmən gülləsindən ölüb, soyuqda-sızaqda qaçanda donub, sağ qalanların neçəsi əsir düşüb...
O faciədən 26 il keçir. Ağrılar-acılar unudulmur. Faciədən 10 ay əvvəl atam Xocalıda ezamiyyətdə gördüklərindən, duyduqlarından məqalə yazıbmış. Sonralar oxudum. Atam yazırdı ki, yeni tikilən binalar istifadəyə verilməmiş dağıdılıb. Yeni sənaye müəssisələri fəaliyyətə başlamamış yerlə-yeksan edilib...
Xocalı faciəsində valideynlərini itirən uşaqlar indi valideyndi, uşaqlarına o gecənin dəhşətlərini ürək ağrılarıyla danışırlar.
"Fəryad", "Biz qayıdacağıq" bədii filmlərində gördüklərimin o faciənin kiçik bir zərrəsi olduğuna şübhə etmirəm. Atamın dostu Şamil əminin danışdıqlarını xatırlayıram. Ürəyim qana dönür. Hər il fevralın 26-sında əlim işə yatmır. Nə deyirəmsə qəhər içində deyirəm, nə eşidirəmsə qəhər içində eşidirəm. İşdən qayıdanda xalq şairi Zəlimxan Yaqubun "Xocalı" poemasını oxuyuram. O gecənin dəhşətlərini, ağrı-acılarını mən də yenidən yaşayıram. Görmədiyim, tanımadığım xocalılıların çəkdikləri məhrumiyyətləri mən də unuda bilmirəm, unutmayacam...
Gülsurə HÜSEYNOVA, Bakı şəhəri


1992-ci il fevralın 26-da ermənilər misli görünməmiş faciə törətdi. Yüzlərlə günahsız insan qətlə yetirildi, əsir düşdü, neçəsinin taleyi bu günə kimi məlum deyil. Dislokasiya yeri Xankəndi olan 366-cı alayın döyüş texnikalarından, canlı qüvvəsindən istifadə edən ermənilər bir gecənin içində şəhəri viran qoydu. Qaçanlara, o cümlədən qocalara, qadınlara, uşaqlara aman vermədi. Böyük Vətən müharibəsində faşistlər Belarusiyanın Xatın kəndində əhalini bir tikiliyə yığıb yandırmışdı. Miqyasına görə Xocalı faciəsi Xatın faciəsindən daha dəhşətli faciə idi. Dünya ictimaiyyəti Xatın faciəsini ciddi pislədi, alman-faşist işğalçılarının beynəlxalq məhkəməsində Xatın faciəsi də ittiham faktarından biri oldu. Xocalı faciəsini törədənlər niyə beynəlxalq məhkəməyə cəlb olunmur? Mən əslən Xocalıdan olan, o gecənin faciələrini yaşayan jurnalist Səriyyə Müslümqızının Xocalı faciəsindən bəhs edən kitablarını ürək ağrısı ilə oxumuşam. Kitabdakı faktlar beynəlxalq məhkəmə üçün şahid ifadələridir. Məhkəmə qurulsa, bu ifadələr dinlənilsə, ittihamçı faciəni törədənlərə ən ağır cəza tələb edər. Əgər onlar cəzalansaydılar, Xocalı faciəsindən sonra neçə-neçə Zəhralar öldürülməzdi...
Xocalı faciəsini heç bir faciə ilə müqayisə etmək mümkün deyil. Son yüz illərdə bu şəkildə vəhşilik olmayıb.
"Heydər Əliyev Fondu"nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası bu faciənin dünya miqyasında tanıdılmasında, faciənin təfərrüatlarının yayılmasında çox əhəmiyyətlidir. Biz gənclər bu kompaniyada yaxından iştirak etməli, əsl vətəndaş olduğumuzu təsdiqləməliyik. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgəri qətiyyətlidir, vətənsevərdir. Azərbaycan Ordusu güclüdür. Sülh danışıqları baş tutmasa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi döyüşlə həll ediləcək, Azərbaycan əsgəri Böyük Qələbə qazanacaq, torpaqlarımız işğaldan azad ediləcək. Azərbaycan tolerant dövlətdir, bəşəri dövlətdir. Torpaqlarımızın işğaldan azad edilməsini həm də Xocalı faciəsinə görə alınan qisas biləcəyik.
Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri


Tarixdə elə hadisələr vardır ki, heç zaman millətin, xalqın yaddaşından silinmir. Xocalı faciəsi də məhz belələrindəndir. Həmin tarixdən illər keçməsinə baxmayaraq xalq o qanlı fevral gününü unutmur və heç zaman unutmayacaq. Bu genosid günahsız və əliyalın xalqa, millətə qarşı ən böyük vəhşilik idi. Həmin gün Azərbaycan xain düşmənlə mübarizə aparırdı. Neçə-neçə Azərbaycan igidi məzlum xalqın xilas olması üçün düşmənlə çarpışdı. Həmin tarix yer üzərində ən dəhşətli faciələrdən biri idi.
Günahsız insanlara, körpələrə, qadınlara sonsuz əziyyətlər, işgəncələr verdilər. O gecəni hər kəs qorxu və dərin hüznlə xatırlayır. Xocalıda olan qətliamın şahidləri gördüklərini danışmaqda çətinlik çəkirlər. Doğrudan da, belə vəhşiliyi dillə demək, izah etmək çox çətindir. Şahidlərin sözlərinə görə Xocalı sakinlərinə edilən əzab-əziyyətlər sonsuz idi. Əsir götürülən 70 nəfərdən 5 nəfərini seçib güllələyiblər, qalanlarına isə işgəncələr veriblər.
Körpələrin müəyyən rəqəmlərlə ifadə olunan yaşları canilərin vəhşiliyi nəticəsində əbədi donub qaldı. İngiltərənin "Fant news" teleşirkətinin jurnalisti R.Patrik hadisəyə öz fikrini belə ifadə etmişdi: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".
Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz Mustafayevin kadrlarını izləyən fransız jurnalist isə demişdi ki, mən müharibələr, faşistlərin qəddarlığı haqqında çox şey eşitmişəm. “Lakin, 5-6 yaşlı uşaqları, dinc əhalini qıran ermənilərin qəddarlığı daha dəhşətli olub."
Doğrudan da, bu, danılmaz bir faktdır. Artıq biz güclü orduya, hərbi gücə malik bir ölkəyik. Bunu 2016-cı ilin aprel döyüşləri də təsdiq etdi. Qəsbkar ermənilərin törətdiyi təxribatın qarşısı uğurla alındı. Biz öz əsgərlərimizə daim sonsuz inamla güvənirik. Biz tələbələrin borcu isə bu vəhşiliyi dünya ictimaiyyəti qarşısında nümayiş etdirməkdir. Bu yolda saysız işlər görülüb və hələ də görülməkdədir. Xocalı faciəsini əks etdirən filmlər bir çox ölkələrdə nümayiş etdirilib.
Hüsniyyə İDRİSOVA, BSU-nun tələbəsi