Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2018 10:02

Jurnalistika da ordu quruculuğunun iştirakçısıdır

Dünyada ən qədim insan məskənlərindən biri Azıx mağarasıdır və o, müəyyən mənada bəşəri sivilizasiyanın başlanğıclarından hesab edilir. Azərbaycanın qədim dövlətçilik tarixinə malik olduğunu da kimsə inkar edə bilməz. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin əksəriyyəti bu və ya digər səbəblərdən süquta uğrasa da, dövlətçilik amalı yaşadılıb, yaşayıb. Tarixin son (və ağır!) xəyanəti 1828-ci ildə oldu. Azərbaycan Gülüstan müqaviləsiylə parçalandı, müstəqil dövlətçiliyini itirdisə də təhdidlərə, siyasi gərginliklərə baxmayaraq, xalq müstəqillik ideyalarının süqutuna imkan vermədi. 90 ildən sonra şərqdə ilk demokratik cümhuriyyət yarandı - Azərbaycan Demokratik Respublikası. Bu, Azərbaycanda müstəqil dövlətçiliyin bərpası idi. Qısa müddətdə Azərbaycan Demokratik Cümhuriyyətini dünyanın əksər dövlətləri tanıdı, diplomatik əlaqələr yarandı, ikitərəfli müqavilələr imzalandı.
Azərbaycan kimi zəngin təbii resurslara malik ərazini itirmək istəməyən bolşevizm, bu anlamda rus imperiyası onu 1920-ci ildə yenidən ilhaq etdi. 1920-ci ilin 28 aprelini Azərbaycanın dövlət müstəqilliyinə siyasi "gilyatina" bilən rus imperiyası yanılmışdı.
90-cı illərdə Azərbaycanda milli azadlıq hərəkatı genişləndi. Bu kükrəyişin qarşısını rus imperiyasının qəddarlıqla həyata keçirdiyi 20 Yanvar faciəsi də ala bilmədi.
1991-ci ilin noyabrında Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Azərbaycanımızın dövlət müstəqilliyi Azərbaycan Demokratik Respublikasının varisi olmaq etibarı ilə bərpa olundu.
Xalqın ciddi tələbi ilə hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev ordumuzu nizami ordu kimi formalaşdırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Bu, şərəfli tariximizə ehtiram kimi tarixləşəcək. 2018-ci il həm Cümhuriyyətin, həm də ordumuzun 100 illiyidi. Müdafiə Nazirliyi bu fərmanın Azərbaycan Ordusuna aid müddəalarını hərbçi məsuliyyətiylə yerinə yetirəcək.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bu fərmanla bağlı Mətbuat Şurası üzvlərinin, kütləvi informasiya vasitələri əməkdaşlarının  toplantısı keçirildi. Mahiyyət etibarilə qarşılıqlı əməkdaşlığa, nəticə etibarilə dövlətçiliyə sədaqətə yönəldilən bu tədbir təsdiqlədi ki, jurnalistika ordu-ictimaiyyət münasibətlərinin genişlənməsində, dərinləşməsində, şəffaflaşmasında ən etibarlı əlaqələndiricidir. Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev toplantı iştirakçılarının diqqətini bu amilə yönəldərək "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə ordunun 100 illiyinə daha həssas yanaşmanın zəruriliyini qeyd etdi.
Müharibə torpaqlarımız işğaldan azad ediləndə başa çatacaq. Azərbaycan jurnalistikası informasiya müharibəsində elə fəaliyyət göstərməlidir ki, hər birimiz qətiyyətlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" fikrinin məntiqi  olaraq "Azərbaycanın güclü jurnalistikası vardır" - deyə bilək. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan jurnalistikası kifayət qədər yüksək peşəkarlığa, qətiyyətə, dövlətə sədaqət hissinə malik olduğunu təsdiqlədi. O döyüşlərdə də, döyüşlərdən sonra da Azərbaycan jurnalistikası, vətəndaşlıq jurnalistikası, tarix yazanların jurnalistikası kimi yadda qaldı. Bu, ordu-ictimaiyyət münasibətlərini Vətənə, torpaqlarımızın işğaldan azad edilməsi amalına daha həssaslıqla köklədi - ictimaiyyətin orduya ehtiramının, sevgisinin jurnalistikası oldu.
Müdafiə nazirinin müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Ordu quruculuğu bizim üçün prioritetdir" fikrinə əsaslanaraq onun cəmiyyətin bütün qurumları üçün də prioritet olduğunu xatırlatdı. Bu baxımdan jurnalistika ordu quruculuğunda müşahidəçi deyil, icraçı olmalıdır. Yazılan hər məqalə, müsahibə, reportaj bu prosesin dönməzliyinin təsdiqi səviyyəsində təqdim olunmalıdır. Təbii ki, hərbi sirləri mühafizə etməklə, dövlətin, dövlətçiliyin mənafelərini nəzərə almaqla...
Müdafiə nazirinin müavini ordumuzda döyüş qabiliyyətinin yüksəldiyini bildirdi. Jurnalistlər, təbii ki, bu qürurverici faktı ordu quruculuğunun nailiyyəti kimi ictimailəşdirəcəkdir.
Son illərdə Azərbaycan Ordusunda həyata keçirilən irimiqyaslı təlimlər, bu sıradan "Turaz Qartalı-2017", "Dəniz Kuboku-2017" beynəlxalq təlimləri təsdiqlədi ki, ordumuz Cənubi Qafqazda  ən güclü ordudur. Jurnalistlər "Ordumuz güclüdür" tezisini publisistik sözün qüdrətilə ictimailəşdirməli, qeyd edildiyi kimi, informasiya müharibəsində nəinki üstünlüyə, ümumən qələbəyə nail olacaqlarına inanıram.
Nazir müavini son illərdə həyata keçirilən islahatların ordumuzun döyüş qabiliyyətinin, qüdrətinin yüksəldilməsində mühüm əhəmiyyətə malik olduğunu da qeyd etdi. Jurnalistika bu islahatların mahiyyətini, coğrafiyasını təkcə fakt olaraq göstərməklə kifayətlənərsə, üzərinə düşən (həm də müharibə şəraitində) vəzifələri dolğunluğuyla yerinə yetirə bilməz. Faktlar informasiyadır, bu informasiyaların ordu quruculuğunun parametrlərindən biri kimi vətəndaşlıq mövqeyindən təhlilə çəkilməsi, ictimailəşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməzsə, işğalçı dövləti nə gözlədiyinin ehtimalı təsirində olar. Bu ehtimalı genişləndirmək, onun reallığa yaxın olduğuna - reallıq olduğuna inandırmaq informasiya müharibəsində jurnalistikamızın "aprel döyüşü" kimi dəyərləndirilər.
Elə hadisələr və faktlar var ki, onların operativ ictimailəşdirilməsi, dövlətçilik, ordu quruculuğu baxımından arzuolunmazdır. Bəzi KİV-lər bu vacib tezislə hesablaşmaq istəmir, jurnalistikanın operativlik amilini dövlətçiliyə sədaqət amilindən üstün tutmağa meyillənir. Tədbir bu və bu kimi məqamların istisnasını bir daha xatırlatdı.
Vətənpərvərlik, vətənsevərlik cəmiyyətin bütün sahələrini, qurumlarını, zümrələrini əhatələməlidi. Yaradıcılıq sahəsi kimi jurnalistikanı da, jurnalistləri də. 2016-cı ilin aprel döyüşlərindən dolğun məqalələr yazıldı, qəzetlərdə, saytlarda oxundu. İctimaiyyət qəhrəmanları tanıdı, onların fədakarlığının mahiyyətini, təzahürünü bildi. General-leytenant Kərim Vəliyevin dediyi kimi, şəxsi heyət yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malikdir. Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin keçirdiyi kütləvi tədbirlər mənəvi-psixoloji hazırlığın səviyyəsini kifayət qədər yüksəldib. İstər qəzetlərdə, istərsə də saytlarda Mübarizləşən, Samidləşən, Çingizləşən Azərbaycan əsgərinin obrazına nadir hallarda təsadüf edilir. Toplantı məhz bu kimi unudulan məqamlara işıq saldı - ordu ilə ictimaiyyət arasında ən etibarlı əlaqələndirici olan medianın fəaliyyətində bu və bu kimi hallar arzu olunmazdır.
Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin qeyd etdiyi kimi, vətənpərvərlik hissləri 17-18 il ailədə, məktəbdə aşılanır, 18 ay hərbi xidmətdə formalaşır. Bu baxımdan uşağın da, yeniyetmənin də, əsgərin də vətənpərvərliyinin milli mentalitetə müvafiq cilalanmasının, genişləndirilməsinin, dərinləşməsinin söz yükü jurnalistlərin də (jurnalistikanın) üzərinə düşür. Şərəfli borcdu. Şərəfli borc Vətən naminə böyük məsuliyyətlə, duyğusallıqla yerinə yetirilməlidi. Çağırışçı hərbi xidmətə nə səviyyədə vətənpərvərliklə başlayır? - ictimaiyyət (ailə, məktəb, jurnalistika) ordu quruculuğunda həm də bu baxımdan iştirak etməlidi və bu, kampaniya xarakterində olmamalıdı...
Tədbirdə müharibə mövzusunda bədii filmlərin çəkilmədiyi diqqətə çatdırıldı. General-mayor Rasim Əliyevin qeyd etdiyi kimi, ideyalı, dolğun, yüksək bədii dəyərə malik ssenari yazılmırsa, belə filmlər necə çəkilə bilər? General bildirdi ki, belə ssenari olarsa, film çəkilərsə, Müdafiə Nazirliyi çəkiliş qrupuna Qarabağ müharibəsi iştirakçısı olmuş kifayət qədər təcrübəyə malik məsləhətçi zabit təhkim edə bilər. Müdafiə Nazirliyi belə gərəkli təklifi dəstəkləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin aprel döyüşlərində qazanılan qələbəni yüksək dəyərləndirib. General-mayor Rasim Əliyev toplantıda qeyd etdi ki, jurnalistikamız bu tarixi hadisəyə - aprel zəfərinə səfərbər oldu. Azərbaycan nəsri, Azərbaycan poeziyası buna nail ola bilmədi. Rəy və nəşri üçün bizə təqdim edilən bədii əsərlərdən biri hadisəni - aprel döyüşlərini dövlətçiliyimizə zərər verə biləcək bir səviyyədə yazılmışdı. Təbii ki, Müdafiə Nazirliyi belə əsərlərə nə rəy verərdi, nə də nəşr edilməsinə razılıq. Ədəbiyyatımız da ordu-ictimaiyyət münasibətlərinin istər məzmun, istərsə də forma baxımından genişlənməsinə, zənginləşməsinə səfərbər edilməlidir.
Biz geniş tərkibli bu tədbirdə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinin səsləndirdiyi tezislərin əsgəriyik və bu tezisləri hərbçi məsuliyyəti ilə yerinə yetirəcəyik.

Rəşid HÜSEYNOV, əməkdar jurnalist